Məhkəmə qərarları › İş №e-2-2(113)-3463/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3463/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3463/2023 28.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMCi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6440 (altı min dörd yüz qırx) manat əsas borc, 50 (əlli) manat cərimə və 100 (bir yüz) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, X3 və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 18000 (on səkkiz min) manat olmaqla mal almışdır. Həmin məbləğin 1000 (bir min) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 17000 (on yeddi min) manatı xx.xx.2021-ci il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 6440 (altı min dörd yüz qırx) manat, cərimə borcu isə 50 (əlli) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borcluya alqısatqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizə icraata qəbul olunmuş, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 100 manat təşkil etmiş və Cəmiyyət tərəfindən ödənilmişdir. Bildirilir ki, iddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiya xərcinin ödənilməsinə dair qəbz cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bənddə qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt malı alıcıdan geri götürə bilər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 448.1, 449 və 600.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində Cavabdeh ilə satıcı qismində İddiaçı MMC arasında xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış Təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsinə əsasən Əlavə 1-də qeyd olunan malın ümumi dəyəri 18000 (on səkkiz min) manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1000 (bir min) manat ilkin ödənişini dərhal, qalıq məbləği 19 ay ərzində “Əlavə 1’’-ə uyğun formada satıcıya “ödəniş qəbzləri” (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı mallara görə təqdim olmuş hesab faktura və ya qaimə-fakturaya əsasən aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödənişin başlanma vaxtı alıcıya malın və qaimə-fakturanın təqdim edildiyi gün sayılır.

8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən (X3) görünür ki, tərəflər aralarında bağladığı alqı-satqı müqaviləsi üzrə ödənişin forması barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktında qeyd edilmişdir ki, aktda qeyd olunmuş 6 adda mal İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 180 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri 18000 (on səkkiz min) manat təşkil etmişdir. Cavabdeh malların dəyərinin 1000 (bir min) manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 17000 (on yeddi min) manat məbləği xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödəməli idi. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 17000 (on yeddi min) manatdan 10260 (on min iki yüz altmış) manat ödəniş etmişdir. Bu günə olan əsas məbləğ üzrə borcu 6440 (altı min dörd yüz qırx) manat, cərimə üzrə borcu 50 (əlli) manat təşkil edir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, BD6 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 110 (yüz on) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

12. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və halhazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, alqı-satqı müqaviləsinə əsasən qalıq məbləğ 17000 (on yeddi min) manatdan 10260 manat, sonuncu dəfə isə 300 (50+250)manat ödəniş edilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

17. İddia tələbi cavabdehdən əsas borca görə 6440 (altı min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən əsas borca görə qalıq məbləğ olan 6440 (altı min dörd yüz qırx) manat məbləğində pul (17000-10560=6440) iddiaçının xeyrinə tutulmalıdır.

19. İddia tələbinin digər hissəsini 50 manat məbləğində cərimənin cavabdehdən tutulması təşkil edir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 6440 (altı min dörd yüz qırx) manat borc, 50 (əlli) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6590 (altı min beş yüz doxsan) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar