Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3463/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 36201,21 manat məbləğində əsas borcun və 978 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 mart 2019-cu il tarixdə (088 saylı) müqavilə bağlanmış, iddiaçı tərəfindən 37582,32 manat (31849,43 azn əsas + 5732,89 azn ƏDV məbləği) dəyərində mallar (malların təhvil verilməsini təsdiq edən e-qaimə faktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron sənəd mübadiləsinə imkan verən “Onlayn kargüzarlıq” sistemi vasitəsilə vergi ödəyicisi kimi qeydə alınmış Cavabdeh MMCyə göndərilmişdir) hazırlanıb cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan məbləğin ƏDV hissəsi üzrə 1381,11 manat ödənilsə də (ödəniş sənədi iddia ərizəsinə əlavə olunur) qaimə üzrə ƏDV məbləğinin qalan hissəsi 4351,78 manat və malın qaimə üzrə əsas məbləği 31849,43 manat (müqaviləyə görə ödənilməli olan xx.xx.2020-ci il tarixli – EBAE seriyalı 826720 saylı e-qaimə üzrə malların ƏDV daxil dəyəri: 9053.97 azn; xx.xx.2020-ci il tarixli – EBAG seriyalı 370281 saylı eqaimə üzrə malların ƏDV daxil dəyəri: 354 azn; xx.xx.2020-ci il tarixli – EBAH seriyalı 560997 saylı e-qaimə üzrə malların ƏDV daxil dəyəri: 200,60 azn; xx.xx.2020-ci il tarixli – EBAH seriyalı 559318 saylı e-qaimə üzrə malların ƏDV daxil dəyəri: 1106.25 azn; xx.xx.2020-ci il tarixli – EBAH seriya 650894 saylı e-qaimə üzrə malların ƏDV daxil dəyəri: 21079.60 azn; xx.xx.2020-ci il tarixli – EBAH seriyalı 659569 saylı e-qaimə üzrə malların ƏDVdaxil dəyəri: 5293.48 azn; xx.xx.2020-ci il tarixli – EBAH seriyalı 666884 saylı e-qaimə üzrə malların ƏDV daxil dəyəri: 494.42 azn cəmi 36201,21 azn ödənilməmişdir. Bağlanılmış 29 mart 2019-cu il tarixli müqavilənin 2.2ci bəndində hazırlanan mal-materialın dəyəri satıcı tərəfindən hesab faktura təqdimedildikdən sonra 7 iş günü müddətində nağd və ya köçürmə qaydasında ödənilməsi öhdəliyi göstərilmişdir. Qeyd olunan müqavilənin 6.1-ci bəndində icraçı və sifarişçinin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyət daşıması birbaşa göstərilmişdir. Müqavilədə nəzərdə tutulmuş öhdəliyin icra edilməsi ilə bağlı və yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə əlaqədar iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Xidmətinin elektron bazasına inteqrasiya edilmiş elektron sənəd mübadiləsinə imkan verən “Onlayn kargüzarlıq” sistemi vasitəsilə cavabdehə xx.xx.2025-ci il tarixdə məktub göndərilsə də (pretenziya məktubunun surəti iddia ərizəsinə əlavə olunur) ödənilməli olan məbləğ (cəmi 36201,21 azn) hal-hazıradək şirkətə geri qaytarılmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası üçün əlavə vaxt verilmiş, lakin bu hal heç bir fayda verməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 088 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən sepsifikasiya(lar)da göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 4.1-ci bəndinə görə malın təhvil verilməsi anı satıcı və alıcı arasında təhvil-təslim aktı tərtib edilir və bu aktın tərtib edilməsi ilə alıcı malı təhvil almış hesab edilir.
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli EBAE 826720 saylı 9053,97 manat məbləğində,xx.xx.2020-ci il tarixli EBAG 370281 saylı 354 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 560997 saylı 200,60 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 559318 saylı 1106,25 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 650894 saylı 21079,60 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 659569 saylı 5293,48 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 666884 saylı 494,42 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAT 239575 nömrəli 12102,08 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAU 370745 nömrəli 1812,48 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAY 146938 nömrəli 266,88 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAA 754498 nömrəli 4031,67 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAC 073605 nömrəli 16085,76 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAC 152493 nömrəli 566,4 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAC 780695 nömrəli 12130,8 manat məbləğində elektron qaiməfakturalar əsasında mallar təqdim olunmuşdur.
10. Cavabdeh tərəfindən iddiaçıya məxsus ədv sub-uçot hesabına xx.xx.2020-ci il tarixində 1381,11 manat, xx.xx.2019-cu ildə 1850,40 manat, xx.xx.2019-cu ildə 86,40 manat, xx.xx.2019-cu ildə 2453,76 manat, xx.xx.2019-cu ildə 615 manat, xx.xx.2019-cu ildə 40,68 manat, xx.xx.2019-cu ildə 276,48 manat, xx.xx.2019-cu ildə 1846,08 manat məbləğində ödəniş edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildə 10280 manat, xx.xx.2019-cu ildə 480 manat, xx.xx.2019-cu ildə 13632 manat, xx.xx.2019-cu ildə 3416,67 manat, xx.xx.2019-cu ildə 226 manat, xx.xx.2019-cu ildə 1536 manat, xx.xx.2019-cu ildə 10256 manat məbləğində ödəniş edilmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 84577,79 manat dəyərində malları alıcıya təhvil vermiş, alıcı həmin malların müqabilində ümumilikdə 39826,67 manat əsas borc, 8549,91 manat ƏDV ödəmiş, qalıq 36201,21 manat vəsait ödənilməmişdir.
24. Hazırda iddiaçı cavabdehdən yaranmış həmin borcun ödənilməsini tələb etməklə haqlıdır.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 36201,21 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan başqa iddia ərizəsində 978 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Belə ki, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən, iddiaçı tərəfindən Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 978 (489 + 489) manat hüquqi xidmət haqqı köçürülmüşdür.
28. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 201,54 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 36201,21 manat məbləğində pul, 978 manat hüquqi yardıma görə xərc, 201,54 manat dövlət rüsumu, ümumilikdə 37380,75 (otuz yeddi min üç yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova