Məhkəmə qərarları › İş №e-2-2(113)-3464/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3464/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3464/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən borclu olduğu 17972,30 manat əsas məbləğ və 1500 manat dəbbə pulu, 149 manat dövlət rüsumunun o cümlədən nümayəndəyə ödənilmiş 350 manat pulun tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İçracı” müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, “Sifarişci” isə razılaşdırılmış xidmət haqqını ödəməyə öhdəsinə götürür. “İcraçı” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi halda, “Sifarişci” "xxxx" MMC) öhdəlikləri yerinə yetirməmiş, nəticədə 17972,30 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 2.4-cü bəndində qeyd olunmuşdur ki, ödəniş “İcraçının” təqdim etdiyi hesab-faktura əsasında həyata keçirələcək. Ödəniş qeyd olunan sənədlər təqdim edildikdən və Sifarişci tərəfindən qəbul oldunduqdan sonra 5 (beş) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Lakin bu müddət ərzində Sifarişçi ödənişi etməkdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-faktura sifarişçi olan cavabdeh tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, tərəflər arasında üzləşmə aktı tərtib edilərək təsdiq edilmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Sifarişçi xidmətin dəyərini ödəməməklə istehsal müəssisəsi kimi iddiaçını onun planlaşdırdığı şəkildə əldə edəcəyi maliyyə vəsaitindən məhrum etmiş, bu da onların müəssisələrinin dinamik inkişafı və istehsal prosesinə mənfi təsir etmişdir. Aralarında bağlanmış müqavilələrin müvafiq bəndləri sifarişçi tərəfindən belə bir hal baş verərsə cərimə ödəyəcəyini müəyyən etmişdir. Sifarişçi öhdəliyi icra etməməklə faktiki olaraq onlara zərər vurmuşdur. İddiaçı Cavabdeh-dən borclu olduğu 17972,30 manat əsas məbləğ və 1500 manat dəbbə pulu, 149 manat dövlət rüsumunun o cümlədən nümayəndəyə ödənilmiş 350 manat pulun tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 385.1, 425, 442, 445, 448, 700.1, 460.1, 462.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün iddia tələbi həcmində borc yaranmışdır. Tərəflər arasında borcun yaranmasını təsdiq edən üzləşmə aktı bağlanmışdır. Lakin həmin üzləşmə aktı bağlanıb təsdiq olunsa da, bugünə qədər borcun heç bir hissəsi ödənilməmişdir. Müqavilə xidmət müqaviləsi kimi bağlansa da faktiki olaraq icarə müqaviləsi kimi qiymətləndirilə bilər. Qiymət əlavəsində də aylıq icarə haqqı qeyd olunmuşdur. Qarşı tərəfin texnikanı işlədən mütəxəssisi olmadığından və iddiaçı tərəf təqdim etdiyindən bu müqavilə xidmət müqaviləsi sayılır. Yəni qarşı tərəf texnikanı operatorla birlikdə təqdim etdiyi halda belə müqavilələr xidmət müqaviləsi adlanır. İcarə müqaviləsindən fərqli olaraq normadan artıq iş saatı olduqda əlavə haqq hesablanır. Müqaviləyə əsasən texnikalar təqdim olunmuşdur. Üzləşmə aktı, təhvil-təslim aktı iş materiallarında mövcuddur. Qarşı tərəf 2 ay işləsə belə elektron qaimələr işin sonunda birlikdə təqdim olunur. Bütün bu hallara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli, DMCYTS020924 nömrəli Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən “İcraçı” Müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri (bundan sonra “Xidmət” adlanacaq) göstərməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə tərəflərin öhdəliklərinin çərçivəsini müəyyən etməklə məcburi qüvvəyə malikdir. Bu Müqavilə üzrə təqdim edilən ayrı-ayrı xidmətlər onun ayrılmaz hissəsi olan Əlavələrdə göstəriləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, xidmət haqqının məbləği Müqavilənin Əlavələrində göstəriləcəkdir. Qiymət bütün Xidmət və onun göstərilməsi müddəti üçün təsbit edilir və birtərəfli qaydada dəyişdirilə bilməz. “Sifarişçi” texnikanı yanacaqla təmin edir, operatorun məişət təminatını öz üzərinə götürür. “İcraçı” texnika ilə əlaqəli bütün təmir və servis xidmətlərini öz üzərinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, əgər Müqavilənin əlavələrində başqa ödəmə şərtləri nəzərdə tutulmamışdırsa, xidmət haqqı, təhvil aktının Sifarişçi tərəfindən təsdiq edilmiş olması şərtilə, İcraçı tərəfindən hesab-fakturanın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində ödəniləcəkdir. Ödənişin gecikdirildiyi hər gün üçün Sifarişçi tərəfindən İcraçıya müqavilənin ümumi dəyərinin 1%-i dəyərində gecikdirilməyə görə peniya ödəniləcəkdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə müddəti ərzində yaranan hər hansı ixtilaf və mübahisələr danışıqlar yolu ilə həll edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2024-cü il tarixində müqavilə qüvvəyə minir. Müqavilənin 5.4-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri etiraz etməzsə müqavilə avtomatik olaraq növbəti 1, (bir) il üçün də avtomatik olaraq uzadılmış hesab olunacaqdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DMCYTS020924 nömrəli Xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən, LiuGong CLG 614 vərdənənin (10 Z 420) aylıq xidmət haqqı 6000 manat, normadan artıq bir iş günü üçün qiymət 231 manat, normadan artıq bir iş saatı üçün qiymət 29 manat qeyd olunmuşdur. Əlavənin 1.1-ci bəndinə əsasən, qeyd edilmiş qiymətlərə ƏDV daxil deyil. Əlavənin 1.2-ci bəndinə əsasən, qiymətlərə cari təmir xidmət işləri daxildir. Əlavənin 1.3-cü bəndinə əsasən, texnikanın/avadanlığın “Sifarişçi”-nin iş sahəsinə və geriyə (“İcraçının dayanacağına) daşınması “Sifarişçi” tərəfindən həyata keçirilir. Daşınma zamanı bütün məsuliyyət “Sifarişçi”-nin üzərinə düşür. Əlavənin 1.4-cü bəndinə əsasən, xidmət haqqı 6 (altı) günlük iş həftəsi (Bazar Ertəsi - Şənbə günləri), iş saatları isə hər gün 08:00-dan 17:00-a qədər təyin olunur. Bazar və bayram günləri, eləcədə iş günləri hesab olunmayan digər günlərdə, iş saatları 09:00-18:00-a kimi qəbul edilir. Bayram və bazar günü xidmət haqqı 4-cü sütunda göstərilən qiymətin əsasında hesablanır və əlavə iş günü kimi “İcraçıya” ödənilir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DMCYTS020924 nömrəli Xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən, LiuGong vərdənənin aylıq xidmət haqqı 6000 manat, normadan artıq bir iş günü üçün qiymət 231 manat, normadan artıq bir iş saatı üçün qiymət 29 manat qeyd olunmuşdur. Əlavənin 1.1ci bəndinə əsasən, qeyd edilmiş qiymətlərə ƏDV daxil deyil. Əlavənin 1.2-ci bəndinə əsasən, qiymətlərə cari təmir xidmət işləri daxildir. Əlavənin 1.3-cü bəndinə əsasən, texnikanın/avadanlığın “Sifarişçi”-nin iş sahəsinə və geriyə (“İcraçının dayanacağına) daşınması “Sifarişçi” tərəfindən həyata keçirilir. Daşınma zamanı bütün məsuliyyət “Sifarişçi”-nin üzərinə düşür. Əlavənin 1.4-cü bəndinə əsasən, xidmət haqqı 6 (altı) günlük iş həftəsi (Bazar Ertəsi - Şənbə günləri), iş saatları isə hər gün 08:00-dan 17:00-a qədər təyin olunur. Bazar və bayram günləri, eləcədə iş günləri hesab olunmayan digər günlərdə, iş saatları 09:00-18:00-a kimi qəbul edilir. Bayram və bazar günü xidmət haqqı 4-cü sütunda göstərilən qiymətin əsasında hesablanır və əlavə iş günü kimi “İcraçıya” ödənilir. xx.xx.2025-ci il tarixli № 01/-25 “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” akta əsasən, 1615,38 manat məbləğində LiuGong, 5076,92 manat məbləğində LiuGong, 5076,92 manat məbləğində LiuGong, 3461,54 manat məbləğində LiuGong, cəmi 15230,76 manat məbləğində avadanlıq "xxxx" MMC tərəfindən təhvil alınmışdır. MT2501 seriyalı, 12233197 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 17972,29 manat məbləğində ödəniş olunması üçün göndərilmiş, hər iki tərəf imzalayaraq möhürləri ilə təsdiq etmişdir. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli borcların qarşılıqlı üzləşmə aktında qeyd olunan tarixə olan borc 15230,76 manat göstərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda 17972,30 manat əsas borc, 1500 manat dəbbə pulunun 3 (gün) günü ərzində ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, DMCYTS020924 nömrəli müqavilənin adı xidmət müqaviləsi olmasına baxmayaraq tərəflər arasında faktiki olaraq icarə münasibətləri olmuşdur. Çünki iddiaçı cavabdehə hər hansı xidmət göstərməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmiş, yalnız icarəyə verilmiş tenikalarla bağlı aktlar və elektron qaimələr verilmişdir. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə əsasən “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” akt ilə ona məxsus texnikaları icarəyə vermiş, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğlərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, e-qaimə, üzləşmə aktı, təhvil-təslim aktı) öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni 17972,30 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 17972,30 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1500 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 898 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün 149 manat ödənilmiş dövlət rüsumunun 146,61 manat hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 350 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 350 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17972,30 manat əsas borc və 898 manat dəbbə pulu olmaqla cəmi 18870 (on səkkiz min səkkiz yüz yetmiş) manat 30 (otuz) qəpik pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 146 (yüz qırx altı) manat 61 (altmış bir) qəpiyinin, o cümlədən hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat pulun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar