Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3466/2023 08.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 130.024 manat əsas borcun və 500 manat vəkilə çəkilən xərcin, 10.000 manat əldən çıxmış faydanın, 13.000 manat dəbbə pulunun, 400 manat mediasiya ödənişinin, 45 manat müvəqqəti təminat tədbirinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci ildə M03-1220 saylı alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə satıcı tərəfindən iddia ərizəsinə əlavə etdiyi elektron qaimə və malların təhvil-təslim aktına əsasən mal-material verilmiş, cavabdeh həmin malları qəbul etsə də, sonuncu dəfə xx.xx.2023-cü ildə 14.660 manat ödəniş etmiş, lakin qalan 130.024 manat borcun ödənilməsini hazırkı vaxtadək təmin etməmişdir. Nəticədə, bir sahibkar olaraq satıcı İddiaçı MMC-yə külli miqdarda maddi zərər dəymiş, digər şirkətlər qarşısında öhdəliklərin vaxtında icra edilməsində çətinliklər yaranmış, digər təşkilatlardan alınacaq malların dəyəri ödənilmədiyi üçün qazanc əldə edə bilməmiş, maddi zərərə uğramışdır. Qeyd olunan borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada cavabdehə müraciət edilsə də, nəticəsi olmamış, mediasiya zamanı cavabdehin nümayəndəsi əsas borcun 1 il müddətində hissə-hissə ödənilməsini təklif etsə də, həmin təklif satıcı şirkəti qane etməmişdir. Cavabdehin müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində, iddiaçı əlavə olaraq 400 manat mediasiya xərci ödəmiş, 500 manat vəkilə göstərilən xidmətə görə ödəniş etmiş, iddia ərizəsinin və müvəqqəti təminat tədbirinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, cavabdehi müqavilədə razılaşdırılmış mallar ilə təmin etmiş, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam ödəməmiş, ödəməməsinin səbəbləri barədə ümumiyyətlə heç bir cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr üzrə ƏDV borcunun (ƏDV sub-hesabdan çıxarış əlavə olunub) cavabdeh tərəfindən ödənildiyini, əsas borcların isə hazırki vaxtadək ödənilməsinin təmin edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 08 dekabr tarixli elektron qaimə başqa şirkət tərəfindən təqdim edilmiş qaimədir. Əldən çıxmış faydanı pullar olara vaxtında verildiyi halda alqı-satqı edilmə ehtimalı ilə təsdiq edirlər. Cərimə məbləğini qanuna əsasən tələb edirlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixli M03-1220 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən bu müqavilənin əlavəsində göstərilən taxta və taxta materiallarının (bundan sonra “Mal” adlandırılacaq) alıcının sifarişləri əsasında sonuncuya satılması, alıcı tərəfindən isə əvəzində bu müqavilədə və protokolda nəzərdə tutulmuş şərtlərlə təhvil alınmış malların məbləğinin (protokola əsasən qiymət təyin olunur) ödənilməsi müqavilənin predmetini təşkil edir. 2.1-ci bəndinə əsasən hər sifariş edilmiş malların ümumi dəyəri müqavilənin 1 saylı əlavəsində göstərilən nümunəvi qiymətlər əsasında təyin ediləcəkdir. 2.2-ci bəndinə əsasən hər sifariş edilmiş malların ümumi dəyərinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının imzalanmasından sonra təqdim olunacaq hesab-faktura əsasında həyata keçirilir. 6-cı bəndinə əsasən alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirəcəyini öz öhdəsinə götürür. 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasının bitməsi şərti ilə xx.xx.2021-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 30 (otuz) gün qalanadək tərəflər onun ləğv edilməsi barədə təşəbbüs irəli sürmədikdə Müqavilənin müddəti avtomatik olaraq hər dəfə 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il-xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları na əsasən İddiaçı tərəfindən elektron qaimələrə əsasən müxtəlif miqdarda və ölçülərdə (o cümlədən 123.474,20 manat (22.225,35 manat ƏDV xaric) məbləğində) olan taxta və taxta materialları Cavabdehnə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları imzalarla yanaşı alıcı - Cavabdeh möhürü ilə də təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrlərdə müxtəlif miqdarda və ölçülərdə olan taxta və taxta materiallarının verilməsinə dair ƏDC xaric 9760 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 068160 nömrəli; 11.634 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 404050 nömrəli; 15.600 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 840729 nömrəli; 7.000,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 172765 nömrəli; 7.030,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 205982 nömrəli; 3.100 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 955323 nömrəli; 8.000,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 954906 nömrəli; 8.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 132771 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 222334 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 358303 nömrəli; 13.300,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 448026 nömrəli; 13.300,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 567286 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 676669 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 240202 nömrəli, cəmi 123.474,20 manat (22.225,35 manat ƏDV xaric) elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən 14.660 manat dəyərində malların verilməsinə dair taxta və taxta materiallarının verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 259963 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Elektron qaimələr imzalarla yanaşı satıcı - İddiaçı MMC-nin və alıcı - Cavabdeh möhürləri ilə də təsdiq edilmişdir. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, Cavabdeh MMC-nin sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2020-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə ƏDV vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən (xx.xx.2020-ci il tarixli M03-1220 saylı müqaviləyə əsasən EBBJ seriyalı, 259963 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 14.660 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli M03-1220 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən xx.xx.2020-ci ilxx.xx.2022-ci il tarixləri əhatə edən dövrlərdə müxtəlif miqdarda və ölçülərdə o cümlədən ümumilikdə (ƏDV xaric) 123.474,20 manat dəyərində olan malları (taxta və taxta materialları) cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş və bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli M03-1220 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrlərdə malların verilməsinə dair məhkəməyə təqdim edilmiş elektron qaimələr üzrə ƏDV borcunun cavabdeh tərəfindən ödənildiyini, lakin əsas borcların bir qismini ödəmədiyini, onlara 130.024 manat əsas borcun qaldığını iddia edir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin 130.024 manat məbləğində əsas borcun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin borcun 123.474,20 manat hissəsinin yaranmasını təsdiq edən sübutlar kimi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövrdə ƏDV xaric (iddiaçı özü xx.xx.2023-cü il tarixli ərizəsində məhkəməyə təqdim edilmiş elektron qaimələr üzrə ƏDV borcunun cavabdeh tərəfindən ödənildiyini təsdiq etmişdir), ümumilikdə 123.474,20 manat dəyərində malların verilməsinə dair idsiaçı tərəfindən cavabdehə göndərilmiş v elektron qaimələrə, eləcə də malların təqdim edilməsinə dair təhvil-təslim aktlarına istinad etmişdir. Məhkəmə həmin malların veriməsin dair təhvil-təslim aklarının mövcudluğunu, elektron qaimələrin hər iki tərəfin imzası ilə təsdiq edilməsini, eləcə də həmin elektronqaimlər üzrə ƏDV məbləğlərinin cavabhdeh tərəfindən ödənildiyini nəzərə alaraq ƏDV xaric 123.474,20 manat dəyərində malların təqdim edilməsi faktını sübuta yetirilmiş hesab edir. Tələb edilən əsas borcun qalan 6.550,02 manat hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin borcun mövcud olmasını təsdiq etməsini məhkəməyə Ekoles” MMC tərəfindən cavabdehə göndərilmiş ƏDV xaric 6.550,02 manat məbləğində malların (taxta və taxta materialları) verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 705508 nömrəli elektron qaimə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin qaimənin Cavabdehnə İddiaçı MMC tərəfindən deyildigər hüquqi şəxs - "xxxx" MMC tərəfindən təqdim edildiyindən iddiaçının həmin qaiməyə əsaslanaraq iddiaçıya qarşı iddia irəli sürməyəö dair subyektiv hüquqa malik deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 123.474,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 10.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ödənişin gecikdirilməsinə görə 13.000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda tərəflər arasında dəbbə pulu barədə xx.xx.2020-ci il tarixli M03-1220 saylı alqı-satqı müqaviləsində şərt nəzərdə tutulmamış, iddiaçı tərəfindən tərəflər arasında dəbbə pulunun ödənilməsinə dair digər yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 45 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 445 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın qismən təmin edildiyini, eləcə də MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 400 (dörd yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. İddiaçı iddia ərizəsində həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən tutulmasını da xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-in tələblərinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məsələsinə hazırki iş üzrə icraat çərçivəsində deyil, müstəqil icraatda (16(113)-206/2023 nömrəli iş üzrə) baxılmış, belə olan halda isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə verilərkən ödənilmiş dövlət rüsumu hazırkı iş üzrə məhkəmə xərclərinə daxil olmadığından həmin xərcin cavabdehə aid edilməsi məsələsinə hazırkı iş çərçivəsində baxılması üçün də əsas yoxdur (həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə rədd edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 123.474,2 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3466/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3466/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver