Məhkəmə qərarları › İş №e-2-2(113)-3466/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3466/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3466/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “tərəflər arasında bağlanılmış müqavilənin 20.1 maddəsinə müvafiq olaraq Cavabdeh QSC-dən 6959,00 manat məbləğində cərimənin, həmçinin 89,59 manat dövlət rüsumunun, ümumilikdə 7048,59 manat tutularaq İddiaçı hesabına ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, “Dövlət Satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 40.11-ci maddəsinə uyğun olaraq, keçirilən tenderin qalibi olan Cavabdeh QSC ilə xx.xx.2023-сi il tarixində malların(işlər və xidmətlər) üzrə satınalma 15 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh QSC 2023-cü il ərzində 69589,32 manat məbləğində ATU-nun kafedraları üçün tələb olunan yumşaq inventarların göndərilməsi öhdəliyini götürmüşdür. Lakin, "xxxx"QSC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, 2023-cü il ərzində ancaq 35331,48 manat məbləğində yumşaq inventar Universitetə göndərilmiş və həmin məbləğ tərəflərindən ödənilmişdir. Dəfələrlə şifahi və yazılı (xx.xx.2023- cü il tarixli xx-xx/2446№-li və xx.xx.2023cü il tarixli xx-xx/2669 №-li məktublar) xəbərdarlıqlara və müqavilənin müddəti bitməsinə baxmayaraq, "xxxx" QSC tərəfindən ümumi dəyəri 34257,84 manat məbləğində qalıq olan yumşaq inventar bu günə kimi Universitetə təhvil verilməmişdir. Sonuncu dəfə "xxxx"QSC xx.xx.2024-cü il tarixli 01-06/140 №-li pretenziya məktubu da cavabsız qalmışdır. Cavabdeh QSC-nin bu hərəkətləri müəssisələr arasında bağlanılmış müqavilənin 5.1 bəndinin şərtlərinin tələblərinin və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun kobud surətdə pozulması kimi qiymətləndirilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cərimə məbləğini çatdırılmayan malların dəyərinə uyğun deyil, müqavilənin ümumi giyməti olan 69.589,32 manata mütənasib hesablayıblar və tələb edirlər.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 saylı alqısatqı müqaviləsinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi yumşaq inventarların satınalınması üçün icraçının 69589,32 manat məbləğində tender təklifini qəbul etmişdir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan 2023-cü il ərzində təhvil verilməsini öz öhdəsinə götürür.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

11. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verir.

12. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

13. Müqavilənin 13.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi səndlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

14. Müqavilənin 13.2-ci bəndinə əsasən sifarişçi satınalma müqviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizdən cox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindənaz olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı ödəliklərin yerinə yetirilmə üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərinsurətini Sifarişçiyə təqdim etməlidir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.

15. Müqavilənin 13.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdəİcraçıya ödənilir.satınalma müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq- hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.

16. Müqavilənin 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə). Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər.

17. 03.05.2023-cü il tarixli maların təhvil-təslim aktına əsasən 5828,02 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1622,50 manat dəyərində, eyni tarixli akta əsasən 4652,60 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 8917,50 manat dəyərində və xx.xx.2023-cü il tarixli akta əsasən 9499.86 manat dəyərində mallar iddiaçıya təhvil verilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən sifarişçi yumşaq inventarların satınalınması üçün icraçının 69589,32 manat məbləğində tender təklifini qəbul etmiş, müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan 2023-cü il ərzində təhvil verilməsini və müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər.

26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri işdə olan təhvil-təslim aktlarından da göründüyü kimi tam yerinə yetirilməmişdir.

27. İş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən öhdəliklərin icrası gecikdirildiyinə görə müqavilənin 20.1-ci maddəsinə əsasən müqavilənin ümumi giyməti olan 69589,32 manata hesablanmış 6959 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Lakin, məhkəmə qeyd edir ki, müqavilə cavabdeh tərəfindən 35331,48 manata dair hissə icra edilmiş, yalnız 34257,84 manat dəyərində mallar iddiaçıya təhvil verilməyib. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı yalnız müqavilənin icra edilməyən hissəsinə cərimə məbləğini hesablayaraq tələb edə bilər.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc (çatdırılmayan malların dəyəri olaraq 34257,84 manat) məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1713 manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 89,59 manat dövlət rüsumu ödənilmişdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) 38 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən xx.xx.2023-cü il tarixli, 15 saylı satınalma müqaviləsi üzrə 1713 manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar