Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3468/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı məhdud məsuliyyəti vəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı məhdud məsuliyyəti cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1720.82 AZN (min yeddi yüz iyirmi manat, səksən iki qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 172.08 AZN (yüz yetmiş iki manat, səkkiz qəpik) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 AZN (yetmiş manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışıq. Əməkdaşlığımız müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 1720.82 AZN (min yeddi yüz iyirmi manat, səksən iki qəpik) borcunu ödəməmiş və aramızda bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən alıcı malı təhvil aldığı məhsullara görə ən geci 28 (iyirmi səkkiz) gün ərzində ödəniş etməli idi. Alqı-satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 172.08 AZN (yüz yetmiş iki manat, səkkiz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə hazırda cavabdehin İddiaçı MMC-yə 1720.82 AZN (min yeddi yüz iyirmi manat, səksən iki qəpik) məbləğində əsas borcu və 172.08 AZN (yüz yetmiş iki manat, səkkiz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh “alıcı” olmaqla imzalanmış 24 KKM-B/P20 nömrəli 03 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında malları (bundan sonra “Mal” adlandırılacaq) alıcıya satır. Alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin 10-cu bəndinin şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndə əsasən sifariş verilən mallar 5 (beş) iş günü müddətində alıcının anbarına çatdırılması şərti ilə satıcı tərəfindən (satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməlidir. 2.4-cü bəndə əsasən mal təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvilqəbulu təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Qaimə-faktura hər biri tərəflərdə olmaq şərtilə 2 (iki) nüsxədə tərtib edilir. 3.3-cü bəndə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. xx.xx.2022 tarixli malların təhvil-qəbul aktına əsasən 562540 nömrəli qaimə-faktura qeyd edilməklə 386,05 manat məbləğində mallar təhvil verilmiş, 3.721,42 manat yekun borc məbləği hesablanmışdır. xx.xx.2022 tarixli malların təhvil-qəbul aktına əsasən 540914 nömrəli qaimə-faktura üzrə 169,93 manat məbləğində malların, xx.xx.2022 tarixli malların təhvil-qəbul aktına əsasən 554569 nömrəli qaimə-faktura üzrə 608,16 manat məbləğində malların, xx.xx.2022 tarixli malların təhvil-qəbul aktına əsasən 554568 nömrəli qaimə-faktura üzrə 33,36 manat məbləğində malların, xx.xx.2022 tarixli malların təhvilqəbul aktına əsasən 562541 nömrəli qaimə-faktura üzrə 827,27 manat məbləğində malların, xx.xx.2022 tarixli malların təhvil-qəbul aktına əsasən 562539 nömrəli qaiməfaktura üzrə 256,82 manat məbləğində malların təhvil verilməsi qeyd edilmişdir. Qaimə fakturalar İddiaçı MMC tərəfindən təsdiq edilmişdir. EBBS seriyalı, 920406 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 562539 nömrə təyinatı üzrə 256,81 manat, EBBS seriyalı, 920407 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 562540 nömrə təyinatı üzrə 386,05 manat, EBBS seriyalı, 920408 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 562541 nömrə təyinatı üzrə 827,28 manat, EBBR seriyalı, 508397 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 540914 nömrə təyinatı üzrə 169,93 manat, EBBS seriyalı, 444088 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 554568 nömrə təyinatı üzrə 33,36 manat, EBBS seriyalı, 444091 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 554569 nömrə təyinatı üzrə 608,17 manat, EBBR seriyalı, 508397 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 540914 nömrə təyinatı üzrə 169,93 manat məbləğində mallar İddiaçı MMC-tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023 tarixli, 105 nömrəli ödəniş tapşırığına əsasən 70 manat Bakı 13 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmiş, bununla belə təhvil verilmiş malların dəyəri tam olaraq ödənilməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1.720,82 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə təhvil-qəbul aktlarını eyni zamanda elektron qaimələri təqdim etmişdir. Məhkəmə qeyd edir ki iş materiallarında olan və cavabdehə təqdim edilmiş elektron qaimələr həmçinin, tərəflər arasında imzalanmış müqaviləni malların təhvil-qəbul aktları ilə ümumi şəkildə nəzərə aldıqda iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Qeyd edilənlərdən əlavə iddiaçı 172,08 manat məbləğində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 86 manat məbləğində müəyyən edilməlidir. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 70 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.720,82 manat əsas borc, 86 manat dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3468/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3468/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver