Məhkəmə qərarları › İş №e-2-2(113)-347/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-347/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-347/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 71/ACS/21 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq götürülən mallara görə yaranmış 8915,40 manat borcun, həmin borca görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 445,77 manatın, xx.xx.2022-ci il tarixli 124/KDK/22 saylı alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənişlərdə gecikdirilmiş vaxt üçün hesablanmış 15842,57 manat cərimənin, ümumilikdə cəmi 25203,74 manat pulun və ödənilmiş 165,61 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə (VÖEN: **********) alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 71/ACS/21 saylı və xx.xx.2022-ci il tarixli 124/KDK/22 saylı alqı-satqı müqavilələri imzalamışlar. Qeyd olunan müqavilələrə əsasən alıcı müxtəlif tarixlərdə satıcıdan ona məxsus malları dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən satıcıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müvafiq qaimələr tərtib olunmuş və mallar alıcıya təhvil verilmişdir. Təhvil alınan mallar üzrə müəyyən ödənişlər aparılsa da, ödənişlərdə gecikmələr olmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixli, 71/ACS/21 saylı müqaviləyə əsasən, Seriya: EBBK №4265508 saylı, xx.xx.2021-ci il tarixli 8915,40 manat dəyərində elektron qaimə üzrə ödəniş bugünədək aparılmamışdır (əlavə olunur). Məlumat üçün bildiririk ki, adıçəkilən elektron qaimə alıcı tərəfindən elektron sistem vasitəsilə təsdiq edilmiş, habelə orada qeyd edilən dəyərdə mallar ona təhvil verilmişdir. Lakin, bununla bağlı hər hansı ödəniş aparılmamışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə şifahi və yazılı pretenziya qaydasında mövcud borcun ödənilməsi bildirilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Mübahisənin mediasiya prosesi vasitəsilə həll edilməsi ilə bağlı iddiaçının müraciətinə cavab verilməmiş, həmçinin keçirilən mediasiya prosesində cavabdeh tərəf iştirak etməmişdir. Mediasiya prosesinin keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 124/KDK/22 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, mallar cavabdehə təqdim edildikdən sonra cavabdeh tərəfindən 30 gün ərzində ödəniş aparılır. Bu müddət ərzində cavabdeh ödəniş etmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında cərimə ödəməlidir. Həmin müqavilələrin 11-ci bəndinə əsasən, tərəflər arasında yaranan hər hansı mübahisə və ya fikir ayrılığı qarşılıqlı razılıq ilə həll edilir. Mübahisənin yarandığı andan 15 gün müddətində qarşılıqlı razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həllediləcəkdir. Cavabdehin borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddiaçının ərizəsindəki tələblərdən göründüyü kimi, iddiaçı öz ərizəsində birinci tələb kimi - xx.xx.2021-ci il tarixli, 71/ACS/21 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq götürülən mallara görə yaranmış 8915,40 manat borcun, həmin borca görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 445,77 manatın cavabdehdən tutulması tələb edir. Həmin tələblə bağlı cavabdeh tərəf iddiaçının və məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə bir gündə, iki ədəd elektron qaimə göndərilmişdir. Həmin qaimələrdən birincisi, yəni iddiaçının hazırda öz iddia ərizəsində istinad etdiyi seriyası EBBK olan 426508 nömrəli e-qaimə elektron qaydada xx.xx.2021-ci il tarixində saat 12:18:39 radələrində təsdiqlənərək cavabdeh təşkilata təqdim edilmiş və həmin qaimədə 495,300 kq çəkidə olan donmuş semqa məhsuluna görə 8915,40 manat dəyərində pul vəsaitinin ödənilməsi xahiş edilmişdir. Lakin daha sonra eyni tarixdə, yəni xx.xx.2021-ci il tarixində yenidən İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə Seriyası EBBK olan 455622 nömrəli ikinci qaimə elektron qaydada saat 14:16:12 radələrində təsdiqlənərək cavabdehə təqdim edilmiş və bu səfər həmin qaimədə 515,400 kq çəkidə olan donmuş semqa məhsuluna görə 9277,20 manat və Ukrayna istehsalı olan 980 kq çəkidə donmuş toyuq buduna görə 2744 manat olmaqla, cəmi hər iki məhsula görə həmin sonuncu qaimədə 12021,20 manat dəyərində pul vəsaitinin ödənilməsi xahiş edilmişdir. Qeyd edirik ki, məhz bu ikinci elektron qaimənin göndərilməsindən cəmisi 6 gün sonra, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin müvafiq bank hesabına 105OPX1212870EFB nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 34374,56 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin ödəniş tapşırığının D1. qrafasından görünür ki, ödənişin təyinatı kimi EBBK seriyalı 615854, 331204, 455622 nömrəli və EBBJ seriyalı 121310, 608423 nömrəli elektron qaimələrin olması qeyd edilmişdir. Yuxarıda verilmiş izahdan göründüyü kimi, "xxxx" MMC tərəfindən İddiaçı MMCnin müvafiq bank hesabına xx.xx.2021-ci il tarixində 34374,56 manat məbləğində pul vəsaiti köçürülərkən, xx.xx.2021-ci il tarixli seriyası EBBK olan 455622 elektron qaimədə göstərilən 515,400 kq çəkidə olan donmuş semqa məhsuluna görə 9277,20 manat və Ukrayna istehsalı olan 980 kq çəkidə donmuş toyuq buduna görə 2744 manat olmaqla, cəmi hər iki məhsula görə 12021,20 manat dəyərində pul vəsaitidə həmin köçürmə məbləğinə daxil edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixində hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən məhz cavabdehə iddiaçı tərəfindən 515,400 kq çəkidə olan donmuş semqa məhsulunun və Ukrayna istehsalı olan 980 kq çəkidə donmuş toyuq budunun təhvil verilməsinə dair müvafiq qaydada qaimə faktura və təhvil-təslim sənədləri imzalanaraq təsdiq edilmişdir. Lakin iddiaçının hazırda öz iddia ərizəsində istinad etdiyi seriyası EBBK olan 426508 nömrəli e-qaimə elektron qaydada xx.xx.2021-ci il tarixində saat 12:18:39 radələrində təsdiqlənərək cavabdeh təşkilata təqdim edilməsinə və həmin qaimədə 495,300 kq çəkidə olan donmuş semqa məhsuluna görə 8915,40 manat dəyərində pul vəsaitinin ödənilməsi xahiş edilsə də, qeyd edilən dəyərdə və çəkidə olan donmuş Semqa məhsulu cavabdeh “Katerers, Developers və Kontraktors və Mavi Dalğa" MMC-yə faktiki olaraq təhvil verilməmiş və bu mala görə ümumiyyətlə xx.xx.2021-ci il tarixində hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən hər hansısa rəsmi qaimə faktura və təhvil-təslim sənədi imzalanmamışdır. Hesab edirik ki, həmin dəyərdə və çəkidə olan mal cavabdehə təhvil verilmədiyi halda, yalnız e-qaiməyə istinad etməklə hazırda cavabdehdən pulun tələb edilməsi əsassızdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Odur ki, iddiaçı tərəfindən mübahisəli seriyası EBBK olan 426508 nömrəli e-qaimə əsasında alqı-satqının yerinə yetirilməsi hər iki tərəfin təsdiq etdiyi həmin dəyərdə malın təhvil-təslimi barədə aktla və ya digər sənədlə müəyyən edilmədiyindən, həmin e-qaimə müvafiq alqı-satqının göstərilməsi faktının təsdiq edilməsi üçün yetərli hesab edilmir. Belə olan halda hazırda iddiaçının və məhkəmənin diqqətinə çatdırılır ki, iddia ərizəsində iddiaçının istinad etdiyi seriyası EBBK olan 426508 nömrəli elektron qaiməyə əsasən 495,300 kq çəkidə olan donmuş semqa məhsuluna görə 8915,40 manat dəyərində pul vəsaitinin "xxxx" MMC-dən ödənilməsinin tələb edilməsi yolverilməzdir və bu hissədə iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. İddiaçının iddia ərizəsindəki ikinci tələbindən göründüyü kimi, iddiaçı öz ərizəsində həmçinin xx.xx.2022-ci il tarixli 124/KDK/22 saylı alqısatqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənişlərdə gecikdirilmiş vaxt üçün hesablanmış 15842,57 manat cərimənin də cavabdehdən tutulmasını tələb edir və bu hissədə iddiasını əsaslandırmaq üçün ərizəsinin məzmununda borc üzrə cədvəl tərtib etmişdir. Bildiririk ki, ümumiyyətlə iddiaçı tərəfindən tərtib edilmiş həmin borc üzrə cədvəldə yer alan məlumatların əksəriyyəti həmin ərizədə düzgün əks etdirilməmişdir. Belə ki, həmin cədvəldə xx.xx.2022-ci il tarixli seriyası EBBQ olan 291669 saylı e-qaimə (2352 manat) və xx.xx.2022-ci il tarixli seriyası EBBP olan 841112 saylı e-qaimə (3647,16 manat) üzrə ödəniş tarixləri düzgün qeyd edilməyibdir. Belə ki, həmin cədvəldə qeyd edilən qaimələr üzrə ödəniş tarixləri xx.xx.2022- ci il tarixləri kimi göstərilibdir. Əslində isə, həmin qaimələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının müvafiq bank hesabına ödənişlər 16 fevral 2022-ci il tarixində həyata keçirilibdir və bu zaman ödənişlər tam olaraq vaxtında heç bir gecikmə baş vermədən baş vermişdir. Məhz bu səbəbdən həmin cədvəl düzgün tərtib olunmadığından hesab edirik ki, həmin cədvəldəki məlumatlar ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Bildiririk ki, ümumiyyətlə cavabdeh 01 avqust 2021-ci il tarixli 71/ACS/21 saylı alqı-satqı müqaviləsi üzrə, istərsə də xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında olan pul öhdəliklərini tam icra etmişdir. Belə ki, tərəflər arasında sonuncu dəfə imzalanmış xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alqı-satqı müqaviləsindən sonra cavabdeh tərəfindən iddiaçı təşkilata cəmisi 2 dəfə olmaqla pul köçürmələri həyata keçirilmişdir. Birinci dəfə iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 20051,28 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürülən vəsaitin təyinatının bir qismi, yəni hazırda iddia edilən aşağıdakı 4 elektron qaimələrə görə də (əhatə etmişdir) həyata keçirilmişdir (419409 saylı 7040,26 manat dəyərində e-qaimə iddia ərizəsində mübahisələndirilmir): 558672 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3091,86 manat; 531357 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat; 841112 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3647,16 manat; 291669 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 2352 manat; Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində yuxarıda qeyd edilən pul vəsaitləri köçürülən zaman 2022-ci ilə aid olan həmin 4 ədəd eqaimələr üzrə ödənişlər tam olaraq vaxtında icra edilmişdir. Belə ki, həmin göndərilən eqaimələr məhz göndərilmə tarixlərindən hesablanmaqla 5 gün ərzində ya elektron vergi sistemi tərəfindən, yadaki cavabdehin məsul işçisi tərəfindən təsdiq edildikdən sonra, müqavilə şərtlərinə görə malların təhvil verildiyi vaxtdan 1 ay ərzində həyata keçirilmişdir. Odur ki, iddiaçının həmin yuxarıda qeyd edilən 4 ədəd e-qaimələr üzrə irəli sürdüyü iddia tələbləri ümumiyyətlə əsassızdır və təmin edilməməlidir. Bildiririk ki, ikinci dəfə cavabdeh tərəfindən iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 24308,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürülən vəsaitində təyinatı məhz aşağıdakı elektron qaimələrə və təhvil verilmiş mallara görə həyata keçirilmişdir: 217672 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 2549,25 manat; 537118 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1568 manat; 045106 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat; 363797 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3657,03 manat; 667881 saylı xx.xx.2022-ci il tarixli eqaimə üzrə 3920 manat; 690253 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1554,70 manat; 176768 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 7140 manat. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 24308,98 manat məbləğində pul vəsaiti köçürülən zaman yuxarıda istinad edilən 7 ədəd e-qaimə üzrə pul vəsaitləri tam olaraq icra edilmişdir. Bildiririk ki, hazırda iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə istinad etməklə cavabdehdən tələb etdiyi cərimələr əslində həqiqəti əks etdirmir. Belə ki, iddiaçı həmin cərimə məbləğlərinin hesablanmasını iddia ərizəsindən də göründüyü kimi, məhz eqaimənin iddiaçıya göndərildiyi vaxtdan hesablanmaqla 1 ay müddətinin bitdiyi vaxtdan ödənilməli əsas borca cərimələr hesablamışdır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinin şərtində e-qaimənin göndərildiyi vaxtla bərabər həmçinində satılmış malların alıcıya təqdim edildiyi vaxtdan hesablanmaqla 1 ay müddətində malın dəyərinin ödənilməsi faktıda qeyd edilmişdir. Ona görə də, iddianın bu hissəsinə düzgün qiymət verilməsi üçün, hesab edirik ki, iddiaçı tərəfindən məhz həmin e-qaimələr üzrə hansı tarixlərdə faktiki olaraq malların cavabdehə təhvil verilməsi faktı əsas götürülməlidir və məhkəmə bu iddiaya qiymət verən zaman işin bu kimi hallarına diqqət yetirməlidir. Bildiyimiz kimi Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda izahatında xx.xx.2021-ci il tarixli EBBK olan 426508 nömrəli e-qaimə üzrə malların təhvil-təslim qaiməsinin olmadığını, 8915,40 manat məbləğində borcun həmin qaimə üzrə deyil, xx.xx.2021-ci il tarixli EBBH 085322 nömrəli e-qaimə üzrə tələb etdiklərini bildirmişdir. Bununla yanaşı izahatında xx.xx.2022-ci il tarixli 124/KDK/22 saylı alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənişlərdə gecikdirilmiş vaxt üçün hesablanmış cərimənin 11587,25 manat məbləğində olduğunu bildirərək iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı 8915,40 manat dəyərində olan 495,300 kq çəkidə olan donmuş semqanı göndərmədən həmin malın təklifini vermiş və tərəflər arasında davamlı münasibətlər olduğuna görə həmin günü EBBK olan 426508 nömrəli e-qaimə sistemə vurulmuş, lakin həmin həcmdə balıq az olduğundan və əlavə toyuq budu lazım olduğuna görə Cavabdeh MMC təklifi qəbul etməmiş, elə həmin günü iddiaçıya 9277,20 manat dəyərində 515,400 kq çəkidə olan donmuş semqa və 2744 manat dəyərində 980 kq çəkidə donmuş toyuq budu ilə bağlı yeni sifariş vermiş və sonuncu həmin günü 2 saat fərqi ilə yeni EBBK olan 455622 nömrəli eqaiməni sistemə vurmuş və sifariş verilən məhsulu cavabdehə göndərmiş, sonuncu isə həmin məhsulu qəbul edərək cəmi 12021,20 manat məbləğində vəsaiti iddiaçıya ödəmiş, sadəcə olaraq Cavabdeh MMC faktiki göndərilməyən və təhvil alınmayan 8915,40 manat dəyərində olan 495,300 kq çəkidə olan donmuş semqa ilə bağlı EBBK olan 426508 nömrəli e-qaiməni ləğv etməmişdir. Həmçinin izahatında iddiaçının öncə xx.xx.2021-ci il tarixli EBBK olan 426508 nömrəli e-qaiməyə, daha sonra xx.xx.2021-ci il tarixli EBBH 085322 nömrəli e-qaiməyə istinad etdiklərinə etiraz edərək, xx.xx.2021-ci il tarixli EBBH 085322 nömrəli e-qaimə üzrə xx.xx.2021-ci il tarixdə ödənişlərin aparıldığını, həmçinin etirazda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 71/ACS/21 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə Cavabdeh MMC-nin sifarişinə əsasən müqavilənin ayırlmaz hissəsi olan əlavədə göstərilən məhsulları satır, Cavabdeh MMC isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilənin 6-cı fəslində müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 4.3-cü maddəsinə əsasən malların təhvili, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan, təhvil aktı və ya elektron qaimə ilə təsdiqlənir. 05 yanvar 2022-ci il tarixli 124/KDK/22 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə Cavabdeh MMC-nin sifarişinə əsasən müqavilənin ayırlmaz hissəsi olan əlavədə göstərilən məhsulları satır, Cavabdeh MMC isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilənin 6-cı fəslində müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 6.2-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlər hesab-faktura və mallar alıcıya təqdim edildikdən sonra alıcı tərəfindən 30 təqvim günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Alıcı ödənişi bu müddət çərçivəsində ödəmədikdə satıcının tələbi ilə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i mislində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixli EBBR seriyalı 690253 nömrəli 1554,70 manat məbləğində (42 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBR seriyalı 667881 nömrəli 3920 manat məbləğində (42 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBR seriyalı 363797 nömrəli 3657,03 manat məbləğində (48 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBR seriyalı 045106 nömrəli 3920 manat məbləğində (53 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 537118 nömrəli 1568 manat məbləğində (63 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 217672 nömrəli 2549,25 manat məbləğində (69 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBP seriyalı 558672 nömrəli 3091,86 manat məbləğində (3 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBP seriyalı 531357 nömrəli 3920 manat məbləğində (3 gün gecikmə), xx.xx.2022-ci il tarixli EBBS seriyalı 176768 nömrəli 7140 manat məbləğində (34 gün gecikmə) elektron qaimələr üzrə ümumi 357 gün gecikmə vardır. xx.xx.2021-ci il tarixli EBBK seriyalı 426508 nömrəli elektron qaimədən görünür ki, 8915,40 manat dəyərində olan 495,300 kq donmuş semqa ilə bağlı qaimə saat 12:18:39 sistemə vurulmuşdur. xx.xx.2021-ci il tarixli EBBK seriyalı 455622 nömrəli elektron qaimədən görünür ki, 9277,20 manat dəyərində 515,400 kq çəkidə olan donmuş semqa və 2744 manat dəyərində 980 kq çəkidə donmuş toyuq budu ilə bağlı qaimə saat 14:16:12 sistemə vurulmuşdur. Elektron qaimələr üzrə ödənişləri əks etdirən cədvəldən görünür ki, xx.xx.2021-ci il tarixli EBBH 085322 nömrəli e-qaimə üzrə 8915,40 manat məbləğində vəsait xx.xx.2021-ci il tarixdə ödənilmiş, cərimənin məbləği isə 11587,25 manatdır. xx.xx.2022-ci il tarixli 15034 nömrəli qəbzdən görünür ki, iddiaçı mediasiya xərci olaraq Bakı şəhəri 3 saylı mediasiya təşkilatına 120 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 71/ACS/21 nömrəli və 05 yanvar 2022-ci il tarixli 124/KDK/22 nömrəli alqı-satqı müqavilələri üzrə davamlı olaraq malların alqı-satqısı baş vermiş, mallar məhz qaimə-fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə (hər iki tərəfin imzası ilə) təhvil verilmişdir. İddiaçı mübahisəli 495,300 kq çəkidə semqanın (donmuş) satılmasını əks etdirən xx.xx.2021-ci il tarixli EBBK seriyalı 426508 nömrəli elektron qaimə üzrə ödənişlərin aparılmadığına istinad etsə də, məhz sözügedən malın cavabdehə təhvil verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı 8915,40 manat dəyərində olan 495,300 kq çəkidə olan donmuş semqanı göndərmədən təklifi cavabdehə göndərmiş və EBBK olan 426508 nömrəli e-qaiməni həmin günü saat 12:18:39-da sistemə vurmuş, lakin Cavabdeh MMC təklifi qəbul etməmiş və elə həmin günü iddiaçıya 9277,20 manat dəyərində 515,400 kq çəkidə olan donmuş semqa və 2744 manat dəyərində 980 kq çəkidə donmuş toyuq budu ilə bağlı yeni sifariş vermiş və iddiaçı xx.xx.2021-ci il tarixdə EBBK olan 455622 nömrəli yeni e-qaiməni 14:16:12-da sistemə vurmaqla cəmi 12021,20 manat dəyərində malı həmin günü cavabdehə göndərmiş, sonuncu isə onun dəyərini xx.xx.2021-ci il tarixli EBBK olan 455622 nömrəli yeni e-qaiməyə əsasən ödəmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə 2 saat ərzində tərəflərin arasında sifarişin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar getmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh 9277,20 manat dəyərində 515,400 kq çəkidə olan donmuş semqa və 2744 manat dəyərində 980 kq çəkidə donmuş toyuq budu qəbul etmiş, iddiaçı isə əlavə 8915,40 manat dəyərində 495,300 kq miqdarında semqanın (donmuş) cavabdehə təhvil verilməsini əks etdirən qaiməni məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə prosesi gedişatında iddiaçı 8915,40 manat dəyərində vəsaitin xx.xx.2021-ci il tarixli EBBK olan 426508 nömrəli e-qaiməyə əsasən deyil (halbuki iddia ərizəsində məhz həmin e-qaiməyə istinad edilib), xx.xx.2021-ci il tarixli EBBH 085322 nömrəli e-qaiməyə uyğun tələb etdiyini bildirsə də, iddiaçının məhkəmə təqdim etdiyi ödəniş cədvəlində göründüyü kimi həmin qaimə üzrə vəsait xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Odur ki, məhkəmə qeyd olunanaları nəzərə alaraq, hesab edir ki, iddiaçının 8915,40 manat borcun, həmin borca görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 445,77 manat məbləğində vəsaitin tələbi hissəsində iddia rədd edilməlidir. Məhkəmə müqavilənin 6.2-ci maddəsinə əsasən 15842,57 manat cərimə tələbi ilə bağlı isə qeyd edir ki, iddiaçı öncə həmin vəsaitin ödənilməsini tələb etsə də, sonradan cərimənin yenidən hesablandığını və yekun olaraq 11587,25 manat məbləğində olduğunu qeyd etmiş, məhkəmə isə hesab edir ki, cərimə tənasübsüz sürətdə yüksək hesablandığından borc azaldılaraq 880 manat hissədə təmin edilməlidir. Məhkəmə ödənilmiş 165,61 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı isə qeyd edir ki, iddia tələbinin 3,5% təmin edilsə də, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən həmin tələbin 120 manatı mediasiya xərci olduğundan, tələb 120 manat hissədə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 880 manat cərimə və 120 manat məbləğində mediasiya xərci, ümumilikdə 1000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 880 manat cərimə və 120 manat məbləğində mediasiya xərci, ümumilikdə 1000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar