Məhkəmə qərarları › İş №e-2-2(113)-3471/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3471/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3471/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 47675 manat məbləğində qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 234 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən Sifariş olunmuş Mallar nəzərdə tutulmuş qaydada və müddətdə tam şəkildə cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərini icra etməmiş və nəticədə 122917 (yüz iyirmi iki min doqquz yüz on yeddi) manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Həmin borcun ödənilməsinin təmin edilməsi və ilkin mediasiya sessiyasında iştirak məqsədilə cavabdehə mediasiya təklifi göndərilmiş və xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatına ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının bildirişi ilə xx.xx.2023-ci il tarixə saat 15:00-a ilkin mediasiya sessiyası təyin edilmiş və tərəflər iclasa dəvət edilmişdir. Lakin bu müddət ərzində Tərəflər arasında ödənişlə bağlı razılaşma əldə olunmuş və iddiaçının nümayəndəsi tərəfindən mediasiya sessiyasına xitam verilməsi barədə müraciət ünvanlanmış və xitam verilmişdir. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə borcundan hissə-hissə ödəmiş və daha sonra ödənişləri təkrar dayandırmışdır. Təqdim edilmiş e-qaimə sənədlərindən və təhvil-qəbul aktlarından görünür ki, müqavilə imzalandığı tarixdən bu günə kimi cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qaimələrə əsasən, Cavabdeh MMC-yə 838167,79 manat əsas, 126398,91 manat ƏDV olmaqla ümumilikdə 964566,70 manat məbləğində mal təhvil verilmişdir. Malların ödənilməyən hissələrinin təhvil alınmasına dair təhvil-qəbul aktları iddia ərizəsinə əlavə edilmişdir. Lakin cavabdeh öz müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə İddiaçı MMC-yə 47675 (qırx yeddi min altı yüz yetmiş beş) manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, İddiaçı MMC ilə Bonus Market MMC arasında bağlnamış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin uçot məlumatlarına əsasən İddiaçı MMC-yə olan qalıq borcu 47675 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun bir qismi ödənilsə də 47675 manat qalıq borcun günə kimi ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-ci il tarixində müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 425.1, 442, 445.2.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, Əhəd Cavabdeh MMC-nin təsisçisidir. E-qaimə, təhsil-təslim aktları hər biri Bonus Market MMC-nin adına tərtib edilmişdir. Alqı-satqı faktiki Bonus Market MMC ilə olmuşdur. Üzləşmə aktı da Bonus Market MMC-nin işçiləri tərəfindən imzalanmışdır. Sadəcə tərəflər arasında münasibətləri yaradan müqavilə təsisçi ilə bağlanmışdır. Bank çıxarışları, ödənilmiş əsas məbləğ, ödəniş tapşırıqlarını, üzləşmə aktını e-sistemə əlavə etmişdir. Hesabdan çıxarışların hamısı Bonus market MMC-nin adınadır. Ehtimal edir ki, müqaviləni məhz direktor cəzaçəkmə müəssisəsində olması səbəbindən təsisçi ilə bağlanılmışdır. Lakin bununla bağlı dəqiq məlumatları yoxdur. Malların təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarını və üzləşmə aktından sonra tərəflər arasında ödənişlərin edildiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etmişlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı İddiaçı MMC ilə Alıcı Bonus M\T (X3) arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür.Müqavilənin 1.2-ci bəndinə əsasən Tərəflər arasında razılaşdırılmış digər şərtlər bu Müqaviləyə əlavələrdə göstərilir.Müqavilənin 4.5-ci bəndinə əsasən "Alıcı’’ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir.Müqavilənin 4.5-ci bəndinə əsasən Alıcı Satıcıya olan borcun ödənişini 3.1ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05% - i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən alqı-satqı əməliyyatlarına əsasən "Bonus Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixinə “Bonus Market “ MMC-nin uçot məlumatlarına əsasən İddiaçı MMC-ə qalıq borcu 47675 manat təşkil edir. İlkin mediasiya sessiyasi barədə bildirişə əsasən xx.xx.2023-cü il tarixdə tərəflərə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün İMS-də iştiraka dəvət göndərilmişdir. Qarşılıqlı hesablaşma aktına əsasən Bonus Market MMC-nin mühasibi: Qasımzadə Bəhruz, digər tərəfdən Veysəloğlu MMC-nin nümayəndəsi Zülfüqar Hüseynov 27.12.21-ci il tarixinə müəssisələr arasında qarşılıqlı hesablaşmalar üzrə yoxlama keçirmişlər və Bonus Market MMC-nin Veysəloğlu MMC-yə olan borcu 83950 manat təşkil etmişdir. Müxtəlif tarixlərdə tərtib edilmiş “elektron qaimələrə əsasən 838167,79 manat əsas, 126398,91 manat ƏDV olmaqla ümumilikdə 964566,70 manat dəyərində mallar Veysəloğlu” MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Müxtəlif tarixli təhvil-təslim aktlarından görünür ki, 838167,79 manat əsas, 126398,91 manat ƏDV olmaqla ümumilikdə 964566,70 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 451524 saylı, İddiaçı MMC-nin Ticari Marketinq şöbəsinin müdir müavini X1 ilə İddiaçı MMC-nin Ticari marketinq şöbəsinin bölgə müdiri X2 arasında imzaları ilə təsdiqini tapmış üzləşmə aktına əsasən 16825,72 borc məbləği qalmışdır. Veysəloğlu MMC tərəfindən Bonus Market MMC-nin ƏDV Sub-uçot hesabından köçürmələrin siyahısı məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 234 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı, üzləşmə aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 47675 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 47675 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 234 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 47675 (qırx yeddi min altı yüz yetmiş beş) manat borc və ödənilmiş 234 (iki yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar