Məhkəmə qərarları › İş №e-2-2(113)-3472/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3472/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3472/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 iyul 2019-cu il tarixli, 025/19 saylı saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı 21447,92 manat əsas borc və 3860,62 manat ƏDV borcu, 1072,40 manat cərimə (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 169,15 manat dövlət rüsumu olmaqla, ümumilikdə 26550,08 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 30 iyul 2019-cu il tarixli, 025/19 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərtkib hissəsi olacaq X1 göstərilən müxtəlif növ boya məhsullarını (bundan sonra “mallar” adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) satıcıya ödəməyi öz öhdəsinə götürür. Bildirilir ki, tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən verilən sifarişlərdə qeyd edilən mallar davamlı şəkildə cavabdehə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə də ödənişlər aparılmışdır. Ancaq 17 sentyabr 2021-ci il, 08 sentyabr 2021-ci il, 23 sentyabr 2021-ci il, 12 oktyabr 2021-ci il və 16 dekabr 2021-ci il tarixli elektron qaimələr əsasında hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə əsas borc 21447,92 manat, 3860,62 manat ƏDV borcu olmaqla, ümumilikdə borc 25308,54 manat təşkil edir. 3 ilə yaxın bir müddətdir ki, iddiaçı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edilir ki, cavabdeh tərəfindən qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. İddiaçı MMC tərəfindən 15 aprel 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək, cavabdehə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün 5 (beş) iş günü müddətində vaxt verilmiş, lakin qeyd edilən vəsait Cavabdeh MMC tərəfindən hal-hazırkı vaxta qədər İddiaçı MMC-yə ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386-cı, 442-ci, 443-cü, 445-ci, 445.7, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, 30 iyul 2019-cu il tarixli, 025/19 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı 21447,92 manat əsas borc və 3860,62 manat ƏDV borcu, 1072,40 manat cərimə (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 169,15 manat dövlət rüsumu olmaqla, ümumilikdə 26550,08 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, cavabdehə qaimə faktura verilməsinə baxmayaraq, mallar təhvil verilməmişdir. Odur ki, iddianın rədd olunması xahiş edilir.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, bu müqaviləyə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 göstərilən müxtəlif növ boya məhsullarını (bundan sonra “mallar” adlanacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, bu müqaviləyə əsasən satıcı tərəfindən alıcıya göndəriləcək malın adı, siyahısı, təsviri, çatdırılma müddəti, miqdarı, malın satış qiyməti və müqavilənin ümumi dəyəri alıcı tərəfindən verilən və satıcı tərəfindən təsdiq edilən, bu müqaviləyə əlavə olunacaq X3 (bundan sonra “Razılaşma Protokolu”) təsbit edilir. Müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, mallar təhvil verilərkən satıcı alıcıya elektron qaimə-faktura (bundan sonra - “elektron qaimə-faktura”) təqdim edir. Müqavilənin 3.2-ci bəndində qeyd edilir ki, mallar alıcıya təhvil verildikdən sonra tərəflərin elektron qaimə-fakturanı imzaladığı tarix malların təchizat tarixi hesab olunur. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ satıcıdan alıcıya malların təchizat tarixindən sonra keçir. Müqavilənin 3.3-cü bəndində qeyd edilir ki, bu müqavilə üzrə malların dəyəri X2 əsasən müəyyən edilir. X4 müəyyən edilmiş ümumi dəyərin 100%-ni (yüz faizini) satıcıya tərəflər arasında X5 imzalandıqdan və alıcı satıcının hesab-fakturasını aldıqdan sonra satıcının hesablaşma hesabına köçürmə yolu ilə avans olaraq ödəyir (“Avans Ödəniş”). Müqavilənin 3.4-cü bəndində qeyd edilir ki, tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, müqavilə üzrə satılan malların qiyməti xarici valyutada şərtləşdirildiyi hallarda müqavilə üzrə razılaşdırılmış məbləğin ödənilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq aparılacaqdır.

8. xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixdə qiymətlərin razılaşdırma protokolu adlı 24 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti – 1524,50 manat (1291,95 manat + 232,55 manat ƏDV) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixdə qiymətlərin razılaşdırma protokolu adlı 25 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti – 4216,60 manat (3573,39 manat + 643,21 manat ƏDV) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixdə qiymətlərin razılaşdırma protokolu adlı 26 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti – 2676,03 manat (2267,82 manat + 408,21 manat ƏDV) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixdə qiymətlərin razılaşdırma protokolu adlı 27 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti – 11936,70 manat (10115,85 manat + 1820,85 manat ƏDV) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixdə qiymətlərin razılaşdırma protokolu adlı 28 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 025/19 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti – 4954,71 manat (4198,91 manat + 755,80 manat ƏDV) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 057960 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1524,50 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 773510 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4216,60 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 587691 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2676,03 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 611297 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11936,70 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 287080 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4954,71 manat (ƏDV daxil) təşkil edir.

18. İddiaçı tərəfindən iş materiallarına hesab-fakturalar əlavə edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alqısatqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.

22. İddia tələbininin bir hissəsini Cavabdeh MMC-dən 30 iyul 2019-cu il tarixli, 025/19 saylı saylı alqı-satqı müqaviləsi üzrə 21447,92 manat əsas borcun və 3860,62 manat ƏDV borcunun iddiaçının xeyrinə tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc və ƏDV borcunun tutulması hissəsində təmin edilməli və Cavabdeh MMC-dən 30 iyul 2019-cu il tarixli, 025/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən 21447,92 manat (iyirmi bir min dörd yüz qırx yeddi manat doxsan iki qəpik) əsas borc, 3860,62 manat (üç min səkkiz yüz altmış manat altmış iki qəpik) manat ƏDV borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh iddiaya etiraz etsə də, hesab olunur ki, etiraz əsassızdır. Belə ki, təqdim olunmuş sübutlarla müəyyən olunur ki, mallar cavabdehə təhvil verilmiş və həmin malların dəyəri ƏDV daxil 25308,54 manat (21447,92+3860,62=25308,54) təşkil etmişdir.

24. İddia tələbinin digər hissəsini 1072,40 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 1072,40 manat (min yetmiş iki manat qırx qəpik) cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

26. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumuna görə 169,15 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169,15 manat (yüz altmış doqquz manat on beş qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 30 iyul 2019-cu il tarixli, 025/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən 21447,92 manat (iyirmi bir min dörd yüz qırx yeddi manat doxsan iki qəpik) əsas borc, 3860,62 manat (üç min səkkiz yüz altmış manat altmış iki qəpik) manat ƏDV borcu, 1072,40 manat (min yetmiş iki manat qırx qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169,15 manat (yüz altmış doqquz manat on beş qəpik) olmaqla, cəmi 26550,09 manat (iyirmi altı min beş yüz əlli manat doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar