Məhkəmə qərarları › İş №e-2-2(113)-3476/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3476/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3476/2024 25.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: satınalma müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 16790,22 əsas borc və 141 manat dövlət rüsumu olmaqla, cəmi 16931.22 manatın cavabdeh Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2001-ci ildən informasiyakommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış sahibkarlıq subyektidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən maşın və avadanlıqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə qalib olmuş və tərəflər arasında 22 noyabr 2022-ci il tarixli, 2022/EAT-18 saylı Satınalma müqaviləsi bağlanmışdır. 22 noyabr 2022-ci il tarixli Satınalma müqaviləsinin 2.1-ci maddəsinə əsasən, cavabdeh (Sifarişçi) müqavilədə göstərilən malların satın alınması üçün iddiaçının (İcraçının) 1.098.999,49 (bir milyon doxsan səkkiz min doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində tender təklifini qəbul etmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malın təhvil verilməsini, cavabdeh isə malların qəbul edilməsini və onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə razılaşdırılmış siyahı üzrə müxtəlif adda mallar xarici istehsalçılara sifariş edilmiş və əvəzi ödənilməklə alınmışdır. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, müqavilə üzrə DGPS üçün 5 günlük offline təlim xidmətinin göstərilmiş və Planşet rəhbərlik üçün Microsoft 12.3; MultiTouch Surface Pro 7+ 2.4 GHzİntelCore i5Quad-Core11thGen8GB LPDDR4X|256GBSSD12.32736x1824 X2 İntegrated İntel İrisXe GraphicsWi-Fi Windows10Pro, Office 365 Personal32/64 AllLngSubPKLic1YR OnlineCEEC2R NR QQ2-00004 adlı malın dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən 21 iyun 2023-cü il tarixli hesab-faktura və elektron qaimələr təqdim olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, qəbul edilmiş mallara görə ödənişi tam şəkildə başa çatdırmamış və EBDİ №: 369695 nömrəli, xx.xx.2023 tarixli elektron qaimə üzrə 4875,76 manat, MT2404 00250593 nömrəli, 08 aprel 2024-cü il tarixli elektron qaimə üzrə 11914,46 manat olmaqla, cəmi 16790,22 manat ödəniş vaxtı keçmiş borc yaranmışdır. Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə edilən müraciətlərə etinasız münasibət göstərərək, cavab verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.2, 427.1, 442, 600-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, avadanlıqlar cavabdeh tərəfə təhvil verilsə də, keçirilmiş kurslar qənaətbəxş hesab olunmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli 2022/EAT-18 nömrəli Mallar (İşlər və Xidmətlər) üzrə Satınalma müqaviləsindən görünür ki, Sifarişçi maşın və avadanlıqların satın alınması üçün icraçının 1.098.999,49 (bir milyon doxsan səkkiz min doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində tender təklifini qəbul etmiş, İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan maşın və avadanlıqların təhvil verilməsini öhdəsinə götürmüşdür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Müqavilənin 5.1 və 5.6-cı bəndlərinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılması şərtləşdirilmişdir. Müqavilənin 17.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. xx.xx.2022-ci il tarixli 2022/EAT-18 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 saylı X1 Protokolundan görünür ki, İddiaçı MMC və "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi müxtəlif adda malların qiymətlərini cəmi 1098999,49 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli 2022/EAT-18 nömrəli müqavilə üzrə ümumi dəyəri 4875,76 manat məbləğində müxtəlif adda mallar "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi tərəfindən təhvil alınmışdır. EBDİ seriyalı, 369695 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4875,76 manat dəyərindən mallar, MT2404 seriyalı, 00250593 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 11914.46 manat dəyərində DGPS üçün təlim 5 günlük “off line” təlim kursu, “DGPS training cost Aircost, living, transportation etc xidməti” İddiaçı MMC tərəfindən "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsinə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən göndərilmiş 21 iyun 2023-cü il tarixli 23/704 nömrəli invoice’a əsasən ümumi dəyəri 16790,22 manat məbləğində olan malların və xidmətlərin ödənilməsi üçün "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsinə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 141 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunun: 39.2-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma komissiyası tərəfindən şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır. 39.3-cü maddəsinə əsasən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir. 39.4-cü maddəsinə əsasən müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında satınalma müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin nümayəndəsi izahatı ilə malların cavabdeh quruma təhvil verildiyini təsdiq etmiş, həmçinin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, sadəcə təhvil-təslim aktı imzalanmadığını üçün ödəniş edilmədiyini bildirmişdir. Halbuki, cavabdehin malların təhvil verildiyini qəbul etdiyi halda aktın imzalanmamasını əsas gətirək ödənişdən imtina etməsi haqlı deyildir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 16790,22 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 16790,22 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X3 müqavilə üzrə ödənilməmiş 16790 (on altı min yeddi yüz doxsan) manat 22 (iyirmi iki) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar