Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3477/2021 18.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (VÖEN: **********) cavabdeh (VÖEN: **********) arasında bağlanmış 10 sentyabr 2019-ci il tarixli 007 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin müəssisəsində tətbiq edilmiş keyfiyyəti idaretmə sistemlərinin sertifikatlaşdırılmasını və 2020-2021-ci illərdə sertifikatlaşdırılmış Keyfiyyətin idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İstinad edilən müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh 2020-ci il üçün İSO 9001:2015 standartlarının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idaretmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün iddiaçıya 1000 manat pul ödəməyi öhdəsinə götürüb. Cavabdehin 2020–ci il üçün Keyfiyyəti idaretmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirərək audut hesabatı hazırlasa da, cavabdeh müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan öhdəliyini, yəni 1000 manat pulu iddiaçıya ödəməkdən imtina edib. Lakin cavabdeh təşkilat tələb edilən pul məbləğini bu günə kimi ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Hüseynov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Akkrediyasiya Mərkəzi tərəfindən verilmiş AZ 03.0256.01.17 nömrəli akkreditasiya attestatı ilə təsdiq olunur ki, ünvan 1 ünvanda yerləşən iddiaçı İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqandır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli 007 saylı müqaviləyə əsasən sifarişçinin (cavabdeh) tapşırığı ilə icraçı (iddiaçı) cavabdehdə İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və sertifikatlaşdırılmış keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə 2020 və 2021-ci illər üçün inspeksiya nəzarətini həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən görülmüş sertifikatlaşma işlərinə görə sifarişçi icraçıya aşağıda göstərilən məbləği 1500 AZN ödəyir. “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərini 100% (1500 AZN) icraçı tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində icraçının hesabına köçürmə yolu ilə ödəyir. 2020 və 2021-ci illər üçün İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tətləblərinə uyğun tətbiq olunmuş keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 1000 manat ödəyir. İddiaçı tərəfindən cavabdehə verilmiş 01.10.2019-cu il tarixli uyğunluq sertifikatı təsdiq edir ki, geofiziki cihaz və avadanlıqların, mədən geofizikası üçün istifadə olunan VEBER tipli karotaj stansiyaların, quyu cihazların və yerüstü panellərin modernizasiyasına, istehsalına və istifadəsinə tətbiq edilən Keyfiyyəti idarəetmə sistemləri İSO 9001:2015 standartının tələblərinə uyğundur. Cavabdeh üçün AZS İSO 9001:2020 standartının tələblərinə uyğun tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin 1-ci inspeksiya auditi və qiymətləndirilməsi barədə 18 sentyabr 2020-ci il tarixli aktdan məlum olur ki, geofiziki cihaz və avadanlıqları, mədən geofizikası üçün istifadə olunan VEBER tipli karotaj stansiyaların, quyu cihazların və yerüstü panellərin modernizasiyası, istehsalı və istehsalata tətbiqi üzrə işlərinə tətbiq edilən AZS İSO 9001:2020 standartının tələblərinə uyğun keyfiyyəi idarəetmə sisteminin 1-ci inspeksiya auditi və qiymətləndirilməsi aparılmış və audit nəticəsində müəssisədə 2020-ci il üçün Keyfiyyət Sahəsində ölçülə bilən məqsədlər planlaşdırılıb tətbiq edildiyi, müəssisənin direktorunun sifarişçilərlə sıx əlaqə saxladığı və onların tələb və təkliflərinin təmin olunması üçün tədbirlərin həyata keçirildiyi, müəssisənin bütün işçi heyəti üçün onların məsuliyyət və cavabdehliklərini müəyyən edən vəzifə təlimatlarının işlənilməli və rəhbərlik tərəfindən təsdiq edilməli olduğu, lakin müşahidə zamanı işlənilmiş vəzifə təlimatlarının rəhbərlik tərəfindən təsdiq edilmədiyi, məhsul kimi geofiziki cihaz və avadanlıqların, mədən geofizikası üçün istifadə olunan veber tipli karotaj stansiyaların, quyu cihazların və yerüstü panellərin modernizasiyasının və istehsalının planlaşdırılmasının və onun yerinə yetirilməsinin qeydlərinin olmadığı, 2020-ci il Kadrların təlimatlandırılması ilə əlaqədar qeydiyyat işlərinin AGM/M/06-01 “Personalın tədrisi və ixtisasının artırılması” prosedurunun tələblərinə uyğun aparılmadığı, AGM /F/08-01/02 “Malgöndərənlərin seçilməsi və qiymətləndirilməsi” forması əsasən təchizatçıların qiymətləndirilməsinin 6 meyar üzrə aparılmalı olduğu halda, 4 meyar üzrə aparıldığı, müəssisəyə daxil olan sifarişlərin təhlilinin qeydlərinin aparılmadığının müəyyən olunduğu göstərilmişdir. 11 sentyabr 2020-ci il tarixli 012 nömrəli hesab-fakturaya əsasən Cavabdeh EİB-də İSO 9001:2015 standartının tələblərinə uyğun tətbiq edilmiş Keyfiyyəti idarəetmə sistemlərinə 007 saylı 10.09.2019-cu il tarixli müqavilə əsasında inspeksiya auditinin aparılmasına görə cavabdeh tərəfindən iddiaçıya 1000 manat pul ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 18 dekabr 2020-ci il tarixli 01/9-20 nömrəli müqavilə öhdəliyinin icra edilməsi tələbinə dair pretenziya məktubuna əsasən iddiaçı cavabdehə 10 sentyabr 2019-cu il tarixli 007 saylı müqaviləyə əsasən 1000 manat borcu 5 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 007 saylı müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1000 (bir min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3477/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3477/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver