Məhkəmə qərarları › İş №e-2-2(113)-3477/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3477/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3477/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin xitamı, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə əsasən xx.xx.2024-cü it tarixədək yaranmış 566,30 manat gecikdirilmiş əsas borc, 75,98 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 642,28 manat borc məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi və 1 ədəd “X3 Mower 185 with tent (hidravlik)” markalı otbiçənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “X3 Mower 185 with tent (hidravlik)” markalı otbiçən cavabdehə 30 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 4099 manat təşkil etmişdir. Həmin məbləğin 1560 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 819,80 manat məbləğində ilkin ödəniş və 50 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Eyni zamanda Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2024-cü il tarixinə 566,30 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 75,98 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0003 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 20 aprel 2022-ci il tarixli KTA-KTT-22/7731 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 566,30 manat gecikdirilmiş əsas borc, 75,98 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 642,28 manat öhdəliyi vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir. - Müqaviləyə edilən 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, lizinq obyektlərinin: 1 ədəd X3 Mower 185 with lent (HİDRAVLİK) markalı mini traktorun otbiçənin dəqiq təsviri göstərilmişdir. - Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 21,01 manat, sonrakı aylarda isə (xx.xx.2024-cü ilədək) hər ay 57,31 manat, sonuncu ödəniş isə xx.xx.2024-cü il tarixdə 36,20 manat məbləğində ödənişlər edilməliydi. - xx.xx.2022-ci il tarixli, 22/863 nömrəli lizinq obyektinin təhvil-təslim aktında qeyd olunmuşdur ki, 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 1 ədəd X3 Mower 185 with lent (HİDRAVLİK) otbiçən lizinq alan – Cavabdeh təhvil verildi. Aktın sonunda lizinq alan – Cavabdeh texnikanı işə saldığını, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli, PLM-24/0242-1 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC qarşısında 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə qədər 566,30 manat gecikdirilmiş əsas borc, 75,98 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 642,28 manat öhdəliyi vardır. - İddiaçı ASC xx.xx.2024-cü il tarixli, PLP-24/0003 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, 508,99 manat gecikdirilmiş əsas borc, 64,20 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 573,19 manat məbləğində borcun 3 (üç) iş günü müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı müqaviləyə xitam verilməsi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinin: 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 4099 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 1560 manat müəyyən edilmişdir. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 2694,10 manat (Avans məbləği 819,80 manat, lizinq obyektinin qalıq dəyəri 1719,20 manat, lizinq verənin mükafat məbləği 155,10 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 175,18 manat, sığorta haqqı (illik) 90,18 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 50 manat, lizinq obyektinin qeydiyyat xərcləri 35 manat, GPS xərcləri 0 manat) müəyyən edilmişdir. 8.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 8.2.18-ci bəndinə əsasən lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin ilkin dəyərinin 0,1% (sıfır tam onda bir) faiz məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.1-ci bəndə əsasən lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 14.1.2-ci bəndə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; 14.1.3-cü bəndə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 20 aprel 2022-ci tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 566,30 manat (beş yüz altmış altı manat otuz qəpik) əsas borc, 75,98 manat (yetmiş beş manat doxsan səkkiz qəpik) cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumillikdə 672,28 manat (altı yüz yetmiş iki manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, KTA- KTT-22/7731 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməli, lizinq predmetini təşkil edən 1 ədəd “X2 185 with tent (hidravlik)” markalı otbiçən saz və işlək vəziyyətdə cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 aprel 2022-ci tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 566,30 manat (beş yüz altmış altı manat otuz qəpik) əsas borc, 75,98 manat (yetmiş beş manat doxsan səkkiz qəpik) cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumillikdə 672,28 manat (altı yüz yetmiş iki manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7731 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilsin. Lizinq predmetini təşkil edən 1 ədəd “X2 185 with tent (hidravlik)” markalı otbiçən saz və işlək vəziyyətdə cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar