Məhkəmə qərarları › İş №e-2-2(113)-348/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-348/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-348/2021 29.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 148 652 (yüz qırx səkkiz min altı yüz əlli iki) manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 (on iki min qırx) manat, ümumilikdə 160,692 (yüz latmış min altı yüz doxsan iki) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.03.2019-cu il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə “Cavabdeh Sığorta Şirkəti” ASC arasında FİP seriyalı ******* nömrəli könüllü sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Al;yev Arzuman Oruc oğlunun daşınar əmlakına (əmtəə və s. mallarına) 150 153 (yüz əlli min yüz əlli üç) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. 02.11.2019-cu il tarixində sözügedən mağazada irimiqyaslı yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Baş vermiş hadisə Fövqəladə Hallar Nazirliyi və “Cavabdeh Sığorta Şirkəti” ASC tərəfindən təsdiq edilmişdir.Yanğın hadisəsi ilə bağlı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2020- ci il tarixli, 1838 saylı məhkəmə əmtəəşünaslıq rəyinə əsasən Al;yev Arzuman Oruc oğluna daşınar əmlak üzrə 169 414 (yüz altmış doqquz min dörd yüz on dörd) manat məbləğində zərər dəymişdir. Lakin “Cavabdeh Sığorta Şirkəti" ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək AR Mərkəzi Bankın 06.07.2020-ci il tarixli təqdimatına baxmayaraq qeyd olunan zərər üzrə sığorta ödənişini sığortalıya ödəməmişdir. Qeyd olunur ki, 06.07.2020-ci il tarixindən 25.09.2020-ci il tarixinə kimi 81 gün ötmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, mağazanın bazarda yerləşdiyini, bazar daxili malların alınıb satıldığını, buna görədə anbar sənədlərinin olmadığını, digər bütün sənədlərin məhv olduğunu, iddiaçı tərəfindən siyahıya alınmış malların isə cavabdeh tərəfindən qəbul olunmadığı, cavabdehin əsassız olaraq bəhanələr gətirərək, ödənişin verilməsindən imtina etdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 29.03.2019-cu il tarixində FİP-1910049 saylı könüllü əmlak sığortası müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinə əsasən sığortanın predmeti Sığortalının mülkiyyətində olan və ya onun məsuliyyət daşıdığı daşınar əmlak olmuşdur. Sığorta müqaviləsi bağlandığı dövrdə mövcud olmuş əmlakın siyahısı müqaviləyə əlavə olunmuşdur. Sığorta müqavilləsinin mühüm şərtlər bəndinə əsasən, Sığortalı binada yanğın,hərarət, tüstü detektorları sistemi, yanğın söndürən balonlar, 24 saat video müşahidə və 24 saat mühafizə olmasının vacibliyi göstərilmişdir. Sığorta müqaviləsinə əsasən, hadisə zamanı mühüm şərtlərə əməl olunmaması aşkar edilərsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmək hüququna malikdir. Belə ki, sığorta müqaviləsinin ayrılmaz hissəsini təşkil edən “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarında mühüm şərtlər - sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas olan şərtlərdir. Sığorta qaydalarının 42.11-ci maddəsinə əsasən, bu Qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas hesab edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mühüm şərtlər bölməsinə əməl etməmişdir. Belə ki, hadisənin araşdırması zamanı “Mühüm şərtlər“ bölməsinə əsasən obyekt “24 saat mühafizə” ilə təmin olunmalı olduğu halda belə bir 24 saat mühafizənin təşkil edilmədiyi müəyyən edilmişdir. Bunun əvəzinə iddiaçı hadisənin araşdırılması çərçivəsində obyektə gecə gözətçisinin ezam olunmasına dair məlumat təqdim etmişdir. Məlumatdan görünür ki, obyektin gözətçi ilə təmin edilməsi üçün müraciət edilən fiziki şəxs X12 ilə iddiaçı arasında heç bir hüquq münasibəti olmamış, həmin şəxslə iddiaçının istifadə etdiyi obyektin icarədarı “xxxx” firması arasındakı münasibəti tənzimləyən hər hansı müqavilə, eyni zamanda fiziki şəxsin hansı fəaliyyətlə məşğul olmasına dair sənəd və 02 sentyabr 2019-cu il tarixində ezam olunan şəxsin yəni, X7 əmək müqaviləsi mövcud deyil. Bundan başqa ezam olunan şəxsin “Ezamiyyət” Qaydalarına əsasən ezamiyyət vəsiqəsi olmalı və həmin vəsiqədə işçinin hansı müddətə ezam edildiyi, ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə qeyd edilməlidir. İddiaçı tərəfindən təqdim edilən əmrdə belə müddəalar mövcud deyildir. Eyni zamanda işçi 40 gündən artıq ezam edilə bilməz. Belə ki, işçi X7 02 sentyabr 2019-cu il tarixindən “xxxx” firmasına ezam edildiyini nəzərə alsaq, demək həmin işçinin mümkün ezamiyyət vaxtı 12 oktyabr 2019-cu il tarixində bitməli idi. Belə olduğu halda, hadisə tarixinə adı çəkilən gözətçinin orada olması sual yaradır. Qeyd edildiyi kimi müqavilənin mühüm şərti “24 saat mühafizə” olmasına iddiaçı tərəfindən əməl edilməmişdir. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunun tələblərinə əsasən mühafizə fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət hesab edilir və baxılan halda iddiaçının istifadəsində olan obyektdə mühafizə fəaliyyəti bu qanunun və sığorta müqaviləsinin tələblərinə uyğun olaraq təşkil edilməmiş, bununla da müqavilənin mühüm şərti pozulmuşdur. Mühüm şərtə əməl edilməməsi isə hadisə ilə səbəbli əlaqənin olub-olmamasından asılı olamayaraq sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı iddia ərizəsində zərər məbləğini iki fərqli məbləğlə göstərərək iddia predmetinə münasibətdə sığorta ödənişi hissəsi ilə bağlı uyğunsuzluq yaratmışdır. Belə ki, iddiaçı iddia ərizəsində ilkin olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının ekspert rəyinə əsaslanaraq zərər məbləği kimi 169414 manat, daha sonra isə məhkəmədən əmlaka dəymiş zərərin 148652 manat təşkil etdiyini bildirirək həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Burada iddiaçının əmlaka dəymiş zərəri nəyin əsasında müəyyən etməsi və nəticə etibarı ilə hansı səbəbdən məhz 148652 manatın cavabdehdən tutulmasını xahiş etməsi aydın deyil. Əmlakın Yanğından və digər risklərdən Sığortası” Qaydalarının 28.6-cı maddəsinə və sığorta şəhadətnaməsinin “Mühüm şərtlər“ bölməsinə əsasən, sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini sığortalı daşıyır. Sığortalı bugünədək yanğın nəticəsində ona dəyən zərərin həcmini sübut edə bilməmişdir. Cavabdeh Sığorta Şirkəti əmlaka dəymiş zərəri müəyyən etmək məqsədilə İddiaçıya dəfələrlə müraciət edərək iddiaçının dəyən zərərin həcmini təsdiq edən sənədləri cavabdehə təqdim etməli olduğunu bildirmişdir. Lakin, iddiaçı tələb edilən sənədlərin yanğın hadisəsi zamanı məhv olduğunu bildirmiş, müxtəlif bəhanələrlə onu təqdim etməkdən boyun qaçırmışdır. İddiaçı şirkətə ünvanlandığı ərizələrdə eləcə də iddia ərizəsində FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2019-cu il tarixli ekspert rəyini zərəri müəyyən edən sənəd olduğunu bildirmişdir. 13 yanvar 2019-cu il tarixli ekspert rəyinin tədqiqetmə metodu hissəsi aşağıdakı kimidir: “Qeyd olunan xüsusatlara aparılmış tədqiqat nəticəsində təqdim edilmiş məlumatda adları göstərilən malların qiymətləndirilməsi zamanı respublikada yerləşən ticarət şəbəkələrində və bazarlarında mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış bazarlarında sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında təqdim edilmiş məlumatda adları göstərilən məhv olmuş malların orta bazar qiyməti nəzəri olaraq aşağıdakı kimi müəyyən edilir.” Bir sözlə iddiaçının zərəri sübut edən sənəd kimi istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində dəymiş zərər deyil, təqdim edilən siyahı üzrə malların bazar qiyməti müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında sığorta müqaviləsi bağlanan anda həmin vaxt obyektdə mövcud olmuş malların adları, sayı, qiyməti və dəyəri əks olunan siyahı tərtib edilmişdir. Həmin siyahı FİP-1910049 saylı sığorta şəhadətməsinə əlavə edilmişdir. İddiaçı həmin siyahıdakı malların da olduğu əlavə siyahı tərtib edərək ekspertə hadisə baş verdiyi ana mağazada yanaraq məhv olmuş mallar kimi təqdim etmiş və ekspert həmin siyahıda göstərilən malların bazar dəyərini müəyyən etmişdir. Baxılan halda, ekspert rəyinə sübut kimi istinad edilsə belə, burada təqdim edilən siyahının hadisə baş verən ana mağazada olan real mal qalığını, real zərəri nə qədər obyektiv əks etdirməsi sual yaradır. Belə ki, iddiaçının ekspertizaya təqdim etdiyi siyahı və sığorta müqaviləsinə əlavə olunan siyahı müqayisə edildikdə belə nəticəyə gəlmək olar ki, iddiaçının sahiblik etdiyi obyektdə 30.03.2019-cu il tarixindən (sığorta müqaviləsi bağlanan andan) 02.11.2019-cu il tarixədək (yanğın hadisəsi baş verənədək) mal satılmamış, malların siyahısında, adında dəyişiklik olmamış, hətta sıralama da eyni olmuş, əksinə malın sayı artmışdır. Beləliklə, İddiaçı tərəfindən mühüm şərtlərlə bağlı tələblərin pozulması və sığortaçını sığorta predmetinə dəyən zərərin həcmini müəyyən etmək imkanından məhrum etməsi ona sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaratmaqla iddia tələbinin də əsassız olduğunu göstərir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında digər nümayəndənin izahatına uyğun izahat verərək, iddiaçı tərəfindən təqdim edilmiş malların siyahısının özü tərəfindən tərtib edilməsiniş bunun heç bir təhvil-təslim aktına, elektron qaiməyə , əsaslı sənədə əsaslanmamasını , yanğın baş verən zaman həmin malların mağazada olmasını təsdiq edən tutarlı sübut olmamasını nəzərə alıb iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə “Cavabdeh Sığorta Şirkəti” ASC 29.03.2019cu il tarixində tərtib edilmiş FİP ******* nömrəli əmlak sığorta şəhadətnaməsindən görünür ki, müqavilə şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı daşınar əmlakına (əmtəə və s. mallarına) 29.03.2020-ci il tarixədək 150 153 (yüz əlli min yüz əlli üç) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin sığorta riskləri bölməsinə əsasən yanğın, ildırım çaxması, partlayış, fırtına, tufan, qasırğa, dolu, sel (daşqın), təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması), torpaq sürüşməsi halları müəyyən edilmişdir. Həmin müqavilənin mühüm şərtlər bölməsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq yanğın, hərarət və tüstü detektorlar sistemləri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq istifadə olunan hər ərazidə ən azı bir Carbon Dioxide (CO2) və bir köpük və ya toz yanğınsöndürən, 24 saat mühafizə, 24 saat video müşahidə sığortalı binada işlək vəziyyətdə mövcud olması, habelə sığorta hadisəsi zamanı qeyd olunan şərtlərə riayət olunmaması aşkar edilərsə, sığortaçı sığorta ödənişi verməkdən imtina etmək hüququna malik olması müəyyən edilmişdir. Həmin müqavilənin (şəhadətnamənin) tərkib hissəsi olan Qoşmada İddiaçı məxsus sığorta predmeti olan əmlakların miqdarı, çeşidi və dəyərləri müəyyən edilərək, 150153,15 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat–İstintaq İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 08.12.2020ci il tarixli 37/34-08192 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən mağazada aparılan araşdırma zamanı 02.11.2019-cu il tarixdə saat 23 radələrində X5 məxsus, “xxxx” firması tərəfindən İddiaçı icarəyə verilmiş avtomobil ehtiyat hissələri satışı mağazasında yanğın ərəfəsində mağazaya tələb və qaydalara uyğun olaraq yanğın, hərarət və tüstü detoktorları sisteminin, ilkin yanğın söndürmə vasitələrindən sayılan yanğın söndürmə balonu quraşdırılmış və hadisədən əvvəl texniki baxışda keçirilərək sazlığı barədə mütəxəssis rəui verilmiş, mağaza yerləşdiyi ərazi gecə gözətçisi ilə təmin edilmiş və yanğın hadisəsi baş verməmişdən əvvəl mağazanın sutkalıq videomüşahidə ilə təmin olmuş, lakin mağazanın daxilində quraşdırılmış videomüşahidə sistemi yanğının təsirinə məruz qaldığı bildirilmişdir. Məhkəmə aradırması zamanı müəyyən edilmiş hallara əsasən ünvan 1 ünvanında yerləşən mağaza cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC də 150153,15 manat dəyərində sığortalanmışdır. 02.11.2019-cu il tarixdə obyektdə yanğın baş vermişdir. Yanğın nəticəsində obyektdə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın baş direktoru R.Orucov tərəfindən “Cavabdeh Sığorta Şirkəti” ASC-yə ünvanlanmış məktubdan görünür ki, Mülki Məcəllənin (Məcəllə) 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdəndir. Cavabdeh Sığorta Şirkəti ASC-nin (sığortaçı) “Əmlakın yanğından və digər risklərdən sığortasının əsas qaydalarının (Qaydalar) 41.4-cü maddəsinə əsaasən sığortaçı sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri aldıqdan sonra 15 iş günü ərzində sığorta aktını tərtib edir və razılaşdırılması üçün bu sənədi sığortalıya təqdim edir, yaxud da sığorta ödənişinin verilməsindən imtina olunduğu halda imtinanın səbəblərini əsaslandırmaqla sığortalıya yazılı məlumat verir.Sığortaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən “xxxx” Firması tərəfindən İddiaçı icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazası həmin sığortaçıda FİP-1910049 saylı “Əmlakın yanğından və digər risklərdən sığorta” şəhadətnaməsi ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsinin “mühüm şərtlər“bölməsində sığortalı binada işlək vəziyyətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq yanğın, hərarət və tüstü detektorlar sistemi, hər ərazidə ən azı bir Carbon Dioxide (C02) və bir köpük və ya toz yanğınsöndürən, 24 saat mühafizə və video müşahidə sisteminin olmaması halında sığortaçının sığorta ödənişi verməkdən imtina etmək hüququna malik olması nəzərdə tutulmuşdur.19.11.2019-cu il tarixində baş vermiş yanğın nəticəsində İddiaçı icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazasına maddi zərər dəymişdir. Sığortaçı tərəfindən müqavilənin “mühüm şərtlər“ bölməsində göstərilən şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığortaçı tərəfindən qeyd olunan hadisənin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənədin, o cümlədən “mühüm şərtlər“bölməsində nəzərdə tutulan şərtlərə riayət olunub-olumaması barədə məlumatın əldə edilməsi məqsədilə 22.04.2020ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq idarəsinin 22.05.2020-ci il tarixli, 37/36-03402 saylı məktubunda yanğın, hərarət və tüstü detektorlar sistemlərinin, habelə ilkin yanğın söndürmə balonlarının hadisədən əvvəl müvcudluğu və istismara yararlığı, o cümlədən, müşahidə kameralarının və mühafizə sisteminin olması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq, İddiaçı icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazasına dəymiş zərərin həcminin müəyyən edilməsindən sonra 7 (yeddi) iş günü müddətində faydalanan şəxsə sığorta ödənişinin verilməsi, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş 12 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən tərib edilmiş arayışdan görünür ki, “Cavabdeh Sığorta Şirkəti” ASC-nin Sumqayıt ofisinin baş mütəxəsisi X13 ilə sığorta hadisəssinə dair soraqlaşma aparmış , R.Əsədov bilidirmişdir ki,29.03.2019-cu il tarixində İddiaçı ünvan 4 ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasını sığortalamışdır. Sığorta müqavilələri bağlanılan zaman sığorta predmetinə baxış keçirilmiş, foto və video çəkiliş aparılmışdır.Mağazada yerləşən ehtiyat hissələrinə və s. əmtəə mallarına baxış keçirildikdən sonra FİP ******* saylı sığorta şəhadətnamələri hazırlayıb İddiaçı təqdim etmişdir. Sığorta məbləğini 150153 (yüz əlli min yüz əlli üç) manat razılaşdırmışdır.Əmtəə mallarının siyahısını İddiaçı götürmüş, müqavilənin tərkib hissəsi kimi şəhadətnaməyə əlavə etmişdir.Əmtəə mallarının digər hər hansı bir sənədini istəməmişdir. Gələcəkdə də hadisə zamanı tələb olunduğunu deməmişdir. Əmtəə mallarının sənədi dedikdə yalnız müqaviləyə edillən mal siyahısını nəzərdə tutmuşdur. Sığorta haqqında Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə əsasən“sığorta müqaviləsinin bağlanması: Sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətli şifahi bildirir;“““Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın; Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları; əlavə edilməklə, sığorta olunana müəyyənləşdirilmiş formada verilən sığorta Şəhadətnaməsi ilə təsdiq edilir.;““Sığorta şəhadətnaməsində sazişin tərəfləri barəsində ümumi. məlumat verilməklə yanaşı sığortanın obyekti, sığorta risqi, sığorta məbləğinin və sığorta haqqının miqdarı, sığorta ödənişlərinin və sığorta haqlarının verilməsi qaydası, müqavilənin qüvvədə olduğu müddət, müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası göstərilməli, tərəflərin imzaları olmalıdır; Sığorta şəhadətnaməsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr, yaxud bu qaydalardan istisnalar də göstərilə bilər. Həmin qanunun“16-cı bəndinə əsasən“sığorta ödənişinin verilməsi qaydası və şərtləri aşağıdakı kimi müəyyən edilmişdir:““Sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir; Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq ixtiyarına malikdir; Müəssisələr, idarələr və təşkilatlar, o cümlədən banklar və hüquq mühafizə orqanları sığorta hadisəsi ilə bağlı məlumatı sığortaçıların sorğularına əsasən onlara bildirməyə borcludurlar; Həmin qanunun 17-ci maddəsinə əsasən“sığorta ödənişi verilməsi: “Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır: Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi; Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi; Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması; “Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişi verilməsindən imtina üçün başqa əsaslar da göstərilə bilər, amma bu, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır;““Sığorta ödənişi verilməsindən imtina barəsində qərar sığorta olunana yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır;“““Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi barədə sığorta olunan məhkəməyə, arbitraj və ya münsiflər məhkəməsinə şikayət edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq sığorta müqaviləsindən kənar göstərilmiş hallar və əlavə tələblər ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq şərtsiz azadolma məbləği çıxılmaqla cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-dən 148 652 manat alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməməsi üçün göstərilmiş əsaslar tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə tənzimlənmir. İş materiallarında göründüyü kimi iddiaçı tərəfindən sığorta müqaviləsinin əsas şərtlər bölməsində razılaşdırılmış hallara üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat –İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində sığortalanmış daşınar əmlakların yanğından mühafizəsini təmin edilməsi, habelə sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya dəymiş zərərin miqdarı müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən sığorta müqaviləsində qeyd olunmayan əlavə şərtlər və tələblər qoyularaq sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək yanğın zamanı obyektə olan daşınar əmlakların mühasibat sənədləri tələb edilmişdir. Halbuki tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi baş verdiyi zaman bu növ sənədlərin təqdim edilməsi barədə hər-hansı müddəa qeyd edilməmiş, əksinə tərəflər arasında sığorta müqaviləsi bağlandığı zaman iddiaçıya məxsus daşınar əmlaklar siyahıya alınaraq malların miqdarı, çeşidi və dəyərləri müəyyən edilmiş və həmin siyahı qeyd olunan müqavilənin tərkib hissəsi olaraq sığorta şəhadətnaməsinə əlavə edilmiş və həmin siyahı üzrə malların ümumi dəyərinə uyğun iddiaçıya sığorta ödənişi təyin edilmişdir. Bundan iş materiallarında əvvələrdə tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsində eynilə bu şəkildə tərtib edildiyi müəyyən olunur. Beləliklə cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməməsinə dair səbəbləri həm tərəflər arasında bağlanmış sığorta müqaviləsinə, həm də yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun deyildir. Eyni zamanda cavabdeh tərəfindən “Cavabdeh Sığorta Şirkəti” ASC-nin əməkdaşı R.Əsədovun vəkil tərəfindən tərtib edilmiş arayış və orada qeyd edilən hallar, yəni sığorta müqaviləsi bağlanarkən müqaviləyə əlavə edilmiş siyahıda göstərilən mallara aid sənədlərin istənilməməsi, gələcəkdə də hadisə zamanı tələb olunacağının bildirilməməsi mübahisələndirilməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq sığorta müqaviləsindən kənar göstərilmiş hallar və əlavə tələblər ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq şərtsiz azadolma məbləği çıxılmaqla cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-dən 148 652 manat alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı gecikdirilmiş 81 gün üçün 12 040 (on iki min qırx) manat cavabdehdən tutulmasını xahiş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi sığorta ödənişinin gecikdirilməsi hesablanmalı olan dəbbə pulu ödəniş məbləğinin 0.1 faizini təşkil edir. Məhkəmə sığorta ödənişinin gecikdirilməsi üçün təıləb olunan 12040 manat pulun cavabdehdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödnilmiş məbləğ tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh “Cavabdeh Sığorta Şirkəti” ASC-dən 148 652 (yüz qırx səkkiz min altı yüz əlli iki) manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 (on iki min qırx) manat olmaqla ümumilikdə 160 692 (yüz latmış min altı yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. “Cavabdeh Sığorta Şirkəti” ASC-dən 148 652 (yüz qırx səkkiz min altı yüz əlli iki) manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 (on iki min qırx) manat olmaqla ümumilikdə 160,692 (yüz latmış min altı yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30(otuz) manat dövlət rüşumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar