Məhkəmə qərarları › İş №e-2-2(113)-3483/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3483/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3483/2022 02.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasnda bağlanmış 07 yanvar 2019-cu il tarixli 1 saylı və 08 yanvar 2020-ci il tarixli 6 saylı müqaviləyə əsasən 7078,76 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 14-cü kilometrində vergi ödəyicisi olaraq fəaliyyət göstərir. "xxxx" MMC ilə "xxxx" MMC arasnda bağlanmış 07 yanvar 2019-cu il tarixli 1 saylı və 08 yanvar 2020-ci il tarixli 6 saylı müqaviləyə əsasən cavabdehin 7078,76 manat məbləğində borcu yaranmışdır. Malların vaxtında təqdim edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh yaranmış borcu etiraf etmiş, bu barədə tərəflər arasında qarşılıqlı hesablaşmalar aktı tərtib və təsdiq edilmişdir. Dəfərələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə 25 may 2022-ci il tarixli 01/22 saylı xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 07 yanvar 2019-cu il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları alıcı – "xxxx" MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. - 08 yanvar 2020-ci il tarixli, 6 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları alıcı – "xxxx" MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. - EBAC seriyalı, 160829 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 531 manat, EBAA seriyalı, 708110 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 631 manat, EBAC seriyalı, 160829 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 531 manat, EBAE seriyalı, 582655 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 320,96 manat, EBAG seriyalı, 323109 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 173,46 manat, EBAH seriyalı, 160829 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 341,02 manat, EBAJ seriyalı, 393170 nömrəli, xx.xx.2020ci il tarixli elektron qaiməyə əsasən 800,04 manat, EBAK seriyalı, 727083 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 171,1 manat, EBAL seriyalı, 873625 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 497,96 manat, EBAN seriyalı, 590425 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 598,26 manat, EBAN seriyalı, 309849 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2118,1 manat, EBAP seriyalı, 500678 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 320,96 manat, EBAQ seriyalı, 907432 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 126,26 manat.....ümumilikdə 25995,76 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. - ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 1000 manat, 637 manat, 780 manat, 8000 manat, 3000 manat, 4000 manat, 1500 manat, ümumilikdə 18917 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 2.2.3-cü bəndində göstərilmişdir ki, malların qəbulu üzrə nəticələrə əsasən tərəflərin səlahiyyətili nümayəndələri malların (təhvil-qəbul aktını) qaimə faktura tərtib edərək imzalayırlar. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı müqavilənin 3.2-ci bəndində göstərilən məbləği köçürmə yolu ilə satıcının mal-material təhvil verildiyi tarixdən 15 gün ərzində hesablaşma hesabına köçürür. Yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qiymətlərin razılaşdırılması protokolları həm İddiaçı MMC, həm də "xxxx" MMC-nin direktorları tərəfindən imzalanaraq möhürlərlə təsdiq olunmuş, elektron qaimələrin “Təhvil aldım” hissəsi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 25995,76 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu isə mallara görə 18917 manat məbləğində ödəniş etmiş, 7078,76 manat məbləğində borcu ödənilməmiş qalmışdır. "xxxx" MMC tərəfindən ödənişlər məhz elektron qaimələr əsasında aparılmış, yəni, tərəflər arasında öhdəliklərin icrası üsulu bu qaydada formalaşdırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, borcun mövcud olması təqdim olunmuş sübutlarla tam təsdiqini tapdığından iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 7078,76 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar