Məhkəmə qərarları › İş №e-2-2(113)-3485/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3485/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3485/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 MMC-dən 50311,97 manat və 30,40 manat dövlət rüsumunun, İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 mart 2020-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı MMC tərəfindən 26.09.2020-ci il tarixə 12000,10 manat, 21.10.2020-ci il tarixə 81194,29 manat 06.01.2021-ci il tarixə 5055,73 manat və 8717,25 manat məbləğində tikinti materialları və aksesuarları cavabdeh X1 MMC-yə təhvil verilmiş, cavabdeh həmin malların qiymətini müəyyyən müddət ödəsə də, 42627.27 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh X2 MMC satılan mallara görə müəyyən ödənişlər etsə də, 42637,27 manat məbləğində borcu və ƏDV kimi hesablanmış 7674,70 manat cəmi ƏDV daxil 50311,97 manat məbləğində borcu ödəməmişdir. Həmçinin məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmənin elektron sisteminə ərizə yükləyərək işlərinin çox olması və məhkəmə proseslərinin üst-üstə düşməsindən iclasın digər bir tarixə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən digər məhkəmə iclası barədə sübutun təqdim edilmədiyini, həmçinin iddiaya qarşı heç bir etirazın olmadığını nəzərə alaraq, hazırki iclası cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC və Cavabdeh MMC arasında 30.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 26.09.2020-ci il tarixli elektron qaimədə iddiaçı tərəfindən ümumi dəyəri 12000.10 manat ƏDV ilə birlikdə 14160,12 manat, 21.10.2020-ci il tarixli elektron qaimədə 81194,29 manat ƏDV ilə birlikdə 95809,26 manat, 06.01.2021-ci il tarixli elektron qaimələrdə isə 5055,73 manat ƏDV ilə birlikdə 5965,76 manat və 7387,50 manat əsas ƏDV ilə birlikdə 8717,25 manat məbləğində malların cavabdehə təhvil verildiyi görünür. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1 və 598.2-ci maddələri). Göründüyü kimi iddiaçı İddiaçı MMC ilə cavabdeh X2 MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı öz üzərinə düşən öhdəliklərini yerinə yetirərək müxtəlif tarixlərdə ƏDV daxil 14160,12 manat, ƏDV daxil 95809,26 manat, ƏDV daxil 5965,76 manat və ƏDV daxil 8717,25 manat məbləğində mallar satsa, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməyərək ƏDV daxil 50311,97 manat məbləğində olan malların pulunu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC -nin Cavabdeh MMC-yə qarşı ƏDV daxil 50311,97 manat məbləğində borc tələbinə hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, 30,40 manat iddiada dövlət rüsumu kimi tələb olunsa da, yalnız 30 manat hissədə təmin edilməlidir, belə ki, 30 manat dövlət rüsumudursa, 0,40 manat bank xərcidir, iddiaçı isə həmin vəsaiti bank xərci kimi deyil, dövlət rüsumu kimi tələb etmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən (VÖEN: **********) ƏDV daxil 50311,97 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) ƏDV daxil 50311,97 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar