Məhkəmə qərarları › İş №e-2-2(113)-3486/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3486/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3486/2022 12.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 312514,63 (üç yüz on iki min beş yüz on dörd manat altmış üç qəpik) manat məbləğində borcun, 20000 (iyirmi min) manat məbləğində cərimə, ümumilikdə 332514,63 (üç yüz otuz iki min beş yüz on dörd manat altmış üç qəpik) manat, 400 (dörd yüz) manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 205 (iki yüz büş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 29 aprel 2021-ci il tarixli, D/Q-060/2021 nömrəli “Alqı-Satqı (Göndərmə) Müqaviləsi” və 13 iyul 2021-ci il tarixli, D/Q-106/2021 nömrəli “Alqı-Satqı (Göndərmə) Müqaviləsi” bağlanmış və Müqavilələrə əsasən İddiaçı MMC-dən 05 may 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixinədək təhvil aldığı (nisyə götürdüyü) müxtəlif çeşidli qida və qeyri-qida təmizləyici vasitələri olan istehlak malları üzrə 955.365,32 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC yaranmış 955.365,32 manat məbləğində borcdan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 642.850,69 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin bank hesabına köçürmə yolu ilə müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh MMC-nın bugünkü günə borcu 312.514,63 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında 29 aprel 2021-ci il tarixli, D/Q-060/2021 nömrəli və 13 iyul 2021-ci il tarixli, D/Q-106/2021 nömrəli Alqı-Satqı (Göndərmə) müqavilələri bağlanmışdır. İddiaçı tərəf 955.365,32 manat dəyərində malın verildiyini, 642.850,69 manat ödəniş edildiyini, 312.514,63 manat borcun qaldığını bildirərək borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək ilk növbədə təhvil-təslim aktlarındakı məbləğin 955.365,32 manat deyil, 955.089,44 manat olduğunu, bundan başqa 642.850,69 manat deyil 700.410,01 manat məbləğində pulun ödənildiyini və cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsi ilə satışın həyata keçirilməsi mümkün olmadığından onlara endirim tətbiq edilməli olduğunu qeyd edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış olan 29 aprel 2021-ci il tarixli, D/Q-060/2021 nömrəli və 13 iyul 2021-ci il tarixli, D/Q-106/2021 nömrəli Alqı-Satqı (Göndərmə) müqavilələrinin 5.3cü bəndinə əsasən ödənişlər satıcının təqdim etdiyi elektron qaiməyə əsasən həyata keçirilir. Ödəniş malın göndərilməsi tarixindən etibarən 30 təqvim günü ərzində köçürmə yolu ilə icra edilməlidir. Müqavilələrin qeyd edilən bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək göndərilmiş olan 30 ədəd elektron qaimələrdəki məbləğ cəmi 955.365,32 manat təşkil edir. Məhkəmə cavabdehin etirazının ilk əsası olan təhvil-təslim aktlarındakı məbləğin 955.365,32 manat deyil, 955.089,44 manat olmasını əsassız hesab edir. Belə ki, tərəflər özləri ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmiş, həmçinin də cavabdeh tərəfindən edilmiş iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin də məzmunundan göründüyü kimi ödənişlər məhz elektron qaiməyə istinad edilərək ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə məhz 955.365,32 manat dəyərində mallar təhvil verilmişdir. Belə olan halda iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini icra etmiş və 955.365,32 manat dəyərində malları təhvil verilməsi sübut olunmuşdur. Bundan sonra cavabdehin etirazının əsası kimi irəli sürdüyü dəlillərə münasibət bildirilməlidir. Cavabdehin etirazının digər əsası verilmiş mallara görə 642.850,69 manat deyil 700.410,01 manat məbləğində pulun ödənilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarına cavadehin özü tərəfindən də əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ödənilmiş cəmi məbləğ 642.850,69 manat təşkil edir. Cavabdehin isə qeyd edilən məbləği hesablama səbəbi xx.xx.2021-ci il tarixli, dəyəri 57.559,32 manat təşkil edən qəbzi 2 dəfə elektron sistemə əlavə etməklə toplaması olmuşdur. Belə olan halda cavadehin 700.410,01 manat məbləğində pulun ödənilməsi ilə bağlı dəlili də, əsassızdır. Məhkəmə cavabdehin digər dəlili olan cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsi ilə satışın həyata keçirilməsi mümkün olmadığından onlara endirim tətbiq edilməli olması ilə bağlı olan dəlilini də əsassız hesab edir. Belə ki, cavabdehin əməkdaşlıq etdiyi satış məntəqələri vasitəsi ilə müvafiq malların satışını həyata həyata keçirə bilməməsi onu müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəliklərin icrasından azad etmir. Bundan başqa da, iş materiallarına əlavə edilmiş “Elektron ünvan ” elektron poçtu vasitəsilə iddiaçıya ünvanlanmış məktubun məzmunundan görünür ki, cavabdeh tərəf borcunun 312.514,63 manat manat olduğunu etiraf etmiş və endirim tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavadehin belə bir əməkdaşının olması araşdırılmış və cavabdehin nümayəndəsi tərəfindən onun mühasibatlıq şöbəsində çalışması müəyyən olunmuşdur. Məhkəmə sübutlara kompleks halında qiymət verərək hesab edir ki, iddia əsas borcun yəni 312.514,63 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın 20.000 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsi və ya göndərmə müqaviləsi üzrə alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 204 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Əsas borc üzrə 312.514 (üç yüz on iki min beş yüz on dörd) manat 63 (altmış üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar