Məhkəmə qərarları › İş №e-2-2(113)-3488/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3488/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3488/2021 18.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.03.2020-ci il tarixli AZC/2020-0035 saylı müqavilə üzrə ödənilmiş 1974,58 manat pulun, habelə 466 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.03.2020-ci il tarixdə tərəflər arasında AZC/2020-0035 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən cavabdeh 5 ədəd HP thin client məhsulunu təhvil verməyi, iddiaçı isə qarşılığında 4660,00 AZN (ƏDV daxil) məbləği ödəməyi öhdəsinə götürmüşdür. 1 saylı əlavədə ödənişin 50%-i öncədən, 50%-i isə məhsullar təhvil verildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 14.04.2020-ci il tarixdə 50% ödəniş (1974.58 AZN ƏDV-siz) həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, müqavilə imzalandıqdan sonra məhsulları 3 gün ərzində təhvil verməli olduğu halda, bu günə qədər təhvil verməmişdir. Cavabeh daha sonra məhsulları əldə edə bilmədiyi üçün ödənilmiş məbləği geri ödəyəcəyini bildirmiş, lakin məbləği geri ödəməmişdir. Müqavilənin 3.3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, alıcı tərəfindən aşağıdakı qaydada cərimə tətbiq oluna bilər: satıcı gecikdirdiyi məhsulun Müqavilə üzrə qiymətinin hər gecikdirilən gün üçün 0,1%-i qədər , bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10%-dən çox olmasın. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş, 16.01.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Daha sonra 08.06.2021- ci il tarixində pretenziya mətubu göndərilmiş və cavabdehin direktoru tərəfindən 09.06.2021-ci il tarixində qəbul edilmişdir. Lakin bütün qeyd edilənlərə baxmayaraq, bu günə kimi nə məhsul təhvil verilməmiş, nə də ödənilmiş avans məbləği geri ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli AZC/2020-0035 saylı müqaviləyə əsasən müqavilənin predmetini alıcının (iddiaçı) sifarişi əsasında razılaşdırılmış məhsulların satıcı (cavabdeh) tərəfindən alıcıya təqdim edilməsi və onun müqabilində alıcı tərəfindən razılaşdırılmış məbləğdə ödəniş edilməsindən irəli gələn münasibətlərin tərkib hissəsi hesab edilən əlavəsində göstərilir. Müqavilənin 3-cü bəndinə əsasən alıcı Əlavədə razılaşdırılmış müddətdə və məbləğdə satıcıya ödəniş edir. Müqavilə üzrə tətbiq edilə biləcək cərimənin həcmi: Alıcının tətbiq edə biləcəyi cərimə: Satıcının gecikdirdiyi məhsulun Müqavilə üzrə qiymətinin hər gecikdirilən gün üçün 0,1 %-i qədər, bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10%-dən çox olmasın; Satıcının tətbiq edə biləcəyi cərimə: Alıcının tam ödənişi gecikdirdiyi hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,1%-i qədər, bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10 %-dən çox olmasın. Həmin müqavilənin 1 nömrəli əlavəsində satıcı tərəfindən alıcıya 4660 manat məbləğində məhsulun təhvil verildiyi və onun müqabilində alıcının satıcıya ödəniş etməli olduğu, ödənişin 50%-i müqavilə bağlandıqdan sonra 3 iş günü ərzində və digər 50 % məhsulların təhvil verildiyi gündən sonra 3 iş günü ərzində alıcı tərəfindən satıcıya ödənilməsi əks olunmuşdur. 14.04.2020-ci il tarixli 120OPXO201041747 saylı hesab orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1974,58 manat məbləğində 50 % avans ödənişi ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 08.06.2021-ci i tarixli 08.01/137 nömrəli məktuba əsasən müqavilə üzrə məbləğin 50 %-i (1974,58 manat) öncədən cavabdehə ödənilmiş, lakin cavabdeh müqavilənin 2.3.1-ci bəndi üzrə öhdəliklərini yerinə yetirmməmiş və məhsullar təhvil verilməmişdir. Bununla əlaqədar cavabdehdən 10 iş günü ərzində ilkin ödənişin və 466 manat cərimənin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya dəyəri əvvəlcədən ödənilmiş malların təhvil verilməsi barədə öhdəliyi tərəflər arasında 05.03.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə iddiaçının müqavilə üzrə qabaqcadan ödədiyi məbləği tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1974,58 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən hesablanmış 466 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə malın təhvil verilməsini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1974,58 manat (bir min doqquz yüz yetmiş dörd manat əlli səkkiz qəpik) məbləğində pul, 466 (dörd yüz altmış altı) manat cərimə, ümumilikdə 2440,58 manat (iki min dörd yüz qırx manat əlli səkkiz qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar