Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-349/2023 11.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alqı-satqı müqavilələrinə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 210 (iki yüz on) manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən ödənişlərdə gecikdirilmiş vaxt üçün hesablanmış 29.177,01 (iyirmi doqquz min bir yüz yetmiş yeddi manat, bir qəpik) manat cərimənin, ümumilikdə cəmi 29.387,01 (iyirmi doqquz min üç yüz səksən yeddi manat, birqəpik) manat pulun və ödənilmiş 178,16 (yüz yetmiş səkkiz manat, on altı qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğı-satqı müqaviləsi imzalamışlar. Qeyd olunan müqavilələrə əsasən alıcı müxtəlif tarixlərdə satıcıdan ona məxsus malları dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən satıcıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müvafiq qaimələr tərtib olunmuş və mallar alıcıya təhvil verilmişdir. Təhvil alınan mallar üzrə müəyyən ödənişlər aparılsa da ödənişlərdə gecikmələr olmuşdur. Həmçinin seriya: EBBS № 137916 saylı, xx.xx.2022-ci il tarixli 210 manat dəyərində elektron qaimə üzrə ödəniş bugünədək aparılmamışdır. Adıçəkilən elektron qaimə alıcı tərəfindən elektron sistem vasitəsilə təsdiq edilmiş, habelə orada qeyd edilən dəyərdə mallar ona təhvil verilmişdir. Lakin, bununla bağlı hər hansı ödəniş aparılmamışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə şifahi və yazılı pretenziya qaydasında mövcud borcun ödənilməsi bildirilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Mübahisənin mediasiya prosesi vasitəsilə həlledilməsi ilə bağlı iddiaçının müraciətinə cavab verilməmiş, həmçinin keçirilən mediasiya prosesində cavabdeh tərəf iştirak etməmişdir. Mediasiya prosesinin keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, mallar cavabdehə təqdim edildikdən sonra cavabdeh tərəfindən 30 (otuz) gün ərzində ödəniş aparılır. Bu müddət ərzində cavabdeh ödəniş etmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında cərimə ödəməlidir. Həmin müqavilələrin 11-ci bəndinə əsasən, tərəflər arasında yaranan hər hansı mübahisə və ya fikir ayrılığı qarşılıqlı razılıq ilə həll edilir. Mübahisənin yarandığı andan 15 gün müddətində qarşılıqlı razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Cavabdehin borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğı-satqı müqaviləsinə uyğun olaraq iddiaçıya məxsus malları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, bəzi malların dəyərindən ümumiyyətlə ödəniş etməmiş, edilmiş ödənişlər gecikmələrlə olmuş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş borc üzrə cədvəldə yer alan məlumatlar düzgün əks etdirilməmişdir. Belə ki, həmin cədvəldə borclu kimi göstərilən təşkilatın VÖEN qrafasında təşkilatın adı, ödəyicinin adı qrafasında qaimənin tarixi, tarix qrafasında pul məbləğlərinin dəyəri və yekun məbləğ qrafasında isə pulların köçürülmə tarixləri düzgün olmayaraq qeyd edilmişdir. Bu azmış kimi hətta cavabdeh tərəfindən iddiaçıya köçürülən pul məbləğləri üzrə ödəniş tarixlərinin də əksəriyyətinin tarixləri cədvəldə düzgün qeyd edilməmişdir. Məhz bu səbəbdən həmin cədvəl düzgün tərtib olunmadığından həmin cədvəldəki məlumatlar sübut kimi qəbul edilə bilməz. Əslində “İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğısatqı müqaviləsi imzalanmamışdan öncə, həmin tərəflər arasında ilkin olaraq 01 avqust 2021-ci il tarixində 71/ACS/21 saylı alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə mövcud olmuşdur. Yəni tərəflər arasında müqavilə münasibətləri məhz 01 avqust 2021-ci il tarixindən yaranmışdır və ilkin müqavilənin 6.2-ci bəndində ödənişlərdə gecikdirilmiş vaxt üçün hər hansısa cərimə məbləğinin hesablanması öhdəliyi qeyd edilməmişdir. Ümumiyyətlə Cavabdeh MMC istər 01 avqust 2021-ci il tarixində 71/ACS/21 saylı alğısatqı müqaviləsi üzrə, istərsə də xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında olan pul öhdəliklərini tam icra etmişdir. Belə ki, tərəflər arasında sonuncu dəfə imzalanmış xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğı-satqı müqaviləsindən sonra Cavabdeh MMC tərəfindən iddiaçı təşkilata cəmisi 2 (iki) dəfə olmaqla pul köçürmələri həyata keçirilmişdir. Birinci dəfə iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 33.860 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürülən vəsaitin təyinatı aşağıdakı elektron qaimələrə görə həyata keçirilmişdir: 451367 saylı xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 6780 manat, 833158 saylı xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 1728 manat, 285569 saylı 07.01.22-ci il tarixli e-qaimə üzrə 3920 manat, 329386 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat, 706206 saylı xx.xx.2022-ci il tarixli eqaimə üzrə 3920 manat, 217852 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat, 219251 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1152 manat, 533186 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 4600 manat, 536887 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 33.860 manat məbləğində pul vəsaiti köçürülən zaman 2021-ci ilə aid olan 2 ədəd e-qaimə ilə bərabər 2022-ci ilə aid 7 ədəd e-qaimə üzrədə ödənişlər tam olaraq icra edilmişdir. İkinci dəfə isə iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 33.884 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürülən vəsaitində təyinatı məhz aşağıdakı elektron qaimələrə görə həyata keçirilmişdir: 291274 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1568 manat, 587634 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat, 649698 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1728 manat, 649356 saylı xx.xx.2022-ci il tarixli eqaimə üzrə 4600 manat, 044941 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 3920 manat, 364030 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1152 manat, 462476 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 1176 manat, 462378 saylı xx.xx.2022-ci il tarixli eqaimə üzrə 3920 manat, 137916 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 7140 manat, 114215 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 4760 manat. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı təşkilata xx.xx.2022-ci il tarixində 33.844 manat məbləğində pul vəsaiti köçürülən zaman yuxarıda istinad edilən 10 ədəd e-qaimə üzrə 33.884 AZN məbləğində pul vəsaiti köçürülmüş və bu zaman hazırda iddiaçının öz iddia tələbində istinad etdiyi 137916 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 7140 AZN məbləğində pul vəsaiti də cavabdehin bank hesabına tam olaraq köçürülmüşdür. Yəni hazırda iddiaçının həmin e-qaimə üzrə cavabdehdən əsas borcdan qalıq kimi 210 manat hissəsinin ödənilməmiş kimi qeyd etməsi tamamilə əsassızdır. Belə ki, hazırda iddiaçının öz iddia tələbində istinad etdiyi ümumi olaraq 17 ədəd e-qaimə üzrə cavabdehə satılmış malların cəmi dəyəri 59.236 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində bank hesabına köçürdüyü 33.860 AZN və xx.xx.2022-ci il tarixində köçürdüyü 33.844 AZN məbləğlərinin cəmi 67.744 AZN təşkil edir. Həmin 67.744 AZN məbləğindən 451367 saylı xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 6780 manat və 833158 saylı xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 1728 AZN məbləğində vəsaitlər (cəmi 8508 AZN) çıxıldıqda, məhz yerdə qalan məbləğ 59.236 AZN məbləğində pul vəsaiti təşkil edir. Bu faktın özü də onu sübut edir ki, ümumiyyətlə cavabdehin iddiaçıya 137916 saylı xx.xx.2022-ci il tarixli e-qaimə üzrə hər hansısa məbləğdə, yəni iddiada göstərildiyi kimi 210 manat məbləğində əsas borcdan kəsiri yoxdur. İddiaçı öz iddia tələbində məqsədli şəkildə əsas borc kimi 210 manatı göstərmişdir ki, əlavə olaraq da cavabdehdən cərimə borclarına dair iddia tələblərini irəli sürə bilsin. Yuxarıda izahlı şəkildə verilmiş məlumatlardan və istinad edilmiş rəsmi sübutlardan görünür ki, cavabdeh tərəf iddiaçının hazırda istinad etdiyi 17 ədəd e-qaimə üzrə bütün öhdəlikləri tam icra etmiş və cavabdehin iddiaçıya hər hansısa məbləğdə, yəni iddiada göstərildiyi kimi 210 manat məbləğində belə əsas borcu yoxdur. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş: İddiaçı və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 124/ACS/22 saylı alğı-satqı müqaviləsinə əsasən bu müqavilə üzrə satıcı alıcıya, alıcının sifarişinə əsasən müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilən məhsulları satır, alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilənin 6-cı fəslində müəyyən edilmiş qaydada ödəyir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə dair cədvəldən məlum olur ki, xx.xx.2022 tarixli EBBS seriyalı 137916 nömrəli elektron qaimə üzrə ödəniş olmamışdır. 105OPX1220470BDE nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 33.860 manat İddiaçıə məxsus hesaba köçürülmüşdür. 105OPX1221262B35 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 33.884 manat İddiaçınə məxsus hesaba köçürülmüşdür. EBBS seriyalı 137916 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 7.140 manat İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən 179 manat dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Hazırda iddiaçı EBBS seriyalı 137916 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməni mübahisələndirmiş, qeyd olunan qaimə üzrə 210 manat məbləğində cavabdehin borcunun qaldığını qeyd etmişdir. Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş ödənişlərin tam olaraq ödənildiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi məhkəməyə birtərəfli qaydada tərtib edilmiş cədvəl və qarşı tərəfə göndərilmiş elektron qaimələri təqdim etmişdir. Bununla belə, məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına ümumilikdə 67.744 manat köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrdə qeyd olunan məbləğin cəmi isə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülən məbləğdən daha az təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddia ərizəsində mübahisələndirilən EBBS seriyalı 137916 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə borcunun olması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı gecikdirilmiş vaxt üçün hesablanmış 29.177,01 (iyirmi doqquz min bir yüz yetmiş yeddi manat, 01 qəpik) manat cərimənin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Göründüyü kimi mülki qanunvericilik dəbbə pulunun ödənilməsini borclu tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı ilə şərtləşdirmişdir. Hazırda iddiaçının əsas borc üzrə öhdəliyini icra etməsi öz təsdiqini tapdığından məhkəmə qeyd edir ki, iddia tələbi dəbbə pulunun ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, 179 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 179 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-349/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-349/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver