Məhkəmə qərarları › İş №e-2-2(113)-3496/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3496/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3496/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, tərəflər arasındakı işgüzar praktikada elektron qaimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 23463,59 manat məbləğində pulun və ödənilmiş 161 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh ilə iddiaçı arasında mühərrik, sənaye, sürtkü yağları, akkumulyatorların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli xx/xx/2023 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2024-cü il tarixdən sonra ümumi dəyəri ƏDV daxil 23463,59 manat olan mal nisyə satılmışdır. Həmin malların satılmasına dair isə 11 ədəd olan elektron qaimə (xx.xx.2024cü il tarixli MT2408 10388050 seriya və nömrəli – 34,692 manat, xx.xx.2024-cü il tarixli MT2408 10596056 seriya və nömrəli – 1085,6 manat, xx.xx.2024-cü il tarixli MT2408 11535211 seriya və nömrəli – 1328,68 manat, xx.xx.2024-cü il tarixli MT2408 11621515 seriya və nömrəli – 17,936 manat, xx.xx.2024-cü il tarixli MT2408 11857462 seriya və nömrəli – 991,2 manat, xx.xx.2024-cü il tarixli MT2408 11968206 seriya və nömrəli – 322,494 manat, xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli – 800,4 manat, xx.xx.2024-cü il tarixli MT2409 11933427 seriya və nömrəli – 8221,65 manat, xx.xx.2024-cü il tarixli MT2410 10534209 seriya və nömrəli – 3169,48 manat, xx.xx.2024cü il tarixli MT2410 10795644 seriya və nömrəli – 1924,58 manat və xx.xx.2024-cü il tarixli MT2410 11649991 seriya və nömrəli – 5567,24 manat) cavabdehə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilən qaimələr üzrə alınan malların dəyəri cavabdeh trəfindən bu günə kimi ödənilməmişdir ki, cavabdehin borcu hazırda ƏDV daxil 23463,59 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 600.1, 600.4-cü və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh uzun müddət əməkdaşlıq etmiş və hər zaman göndərilən malların dəyəri ödənilmişdir. Bundan başqa, tərəflər arasında formalaşmış işgüzar münasibətə əsasən hər hansı malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparılır, bundan sonra müvafiq qaimə göndərilir və mallar alınan zaman təhvil-təslim aktı tərtib edilir. Qaimənin göndərilməsi həmin malların cavabdeh tərəfindən qəbul edilmənin göstəricisi deyildir.

6. İddiaya etirazda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, elektron qaimələr malların verilməsini təsdiq edə bilməz. Belə ki, tərəflər arasında formalaşmış işgüzar münasibət malların elektron poçt vasitəsilə dəqiqləşdirilməsi, təhvil-təslim aktı ilə təhvil verilməsi şəklində olmuşdur. Hazırda isə belə növ sübutlar təqdim edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorları cavabdehə satmağı, cavabdeh isə malları iddiaçıdan qəbul etməyi və müqabilində iddiaçıya sifariş ilə nəzərdə tutulan qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiymətlə bağlı şərtlərinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesabfaktura) və malların təhvil-təslim aktına əsasən 60 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli MT2408 10388050 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34,692 manat, xx.xx.2024-cü il tarixli MT2408 10596056 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1085,6 manat, xx.xx.2024-cü il tarixli MT2408 11535211 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1328,68 manat, xx.xx.2024-cü il tarixli MT2408 11621515 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 17,936 manat, xx.xx.2024-cü il tarixli MT2408 11857462 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 991,2 manat, xx.xx.2024-cü il tarixli MT2408 11968206 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 322,494 manat, xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 800,04 manat, xx.xx.2024-cü il tarixli MT2409 11933427 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8221,65 manat, xx.xx.2024-cü il tarixli MT2410 10534209 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3169,48 manat, xx.xx.2024-cü il tarixli MT2410 10795644 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1924,58 manat və xx.xx.2024-cü il tarixli MT2410 11649991 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5567,24 manat, cəmi ƏDV daxil olmaqla 23463,59 manat dəyərində malın verilməsi üçün təqdim edilmiş, həmin 11 ədəd elektron qaimədən xx.xx.2024-cü il tarixli MT2408 10388050, xx.xx.2024-cü il tarixli MT2408 10596056 və xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimə sistem tərəfindən, digərləri isə məhz cavabdeh tərəfindən təsdiq edilmişdir.

13. İddiaçı xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 11 elektron qaimə əsasında verilmiş malların dəyərinin – ƏDV daxil olmaqla 23463,59 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək elektron qaimələrin malların verilməsini təsdiq etmədiyini, tərəflər arasında işgüzar münasibətin malların elektron poçt vasitəsilə sifariş verilməsi, təhvil-təslim aktı əsasında təhvil alınması şəklində olduğunu bildirir və hazırda həmin sübutlar təqdim edilmədiyindən iddianın rədd edilməsini tələb edir.

15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

23. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir.

24. Əvvəla, cavabdeh tərəfindən formalaşmış işgüzar münasibətin təsdiqi kimi təqdim edilən sənədlərdən bir hissəsi xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəlki tarixdə aiddir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən yalnız 2 ədəd – xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı təqdim edilmişdir ki, bu da tərəflər arasında malların təhvil-təslim aktı tərtib edilməklə verildiyinə dair hər hansı işgüzar münasibəti təsdiq etmir.

25. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimədən 8-i sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu isə cavabdehin etirazının əksinə, elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir. Eyni zamanda elektron qaimələrə nəzər saldıqda da təqdim edilən mallar barədə təfərrüatı ilə məlumatın qeyd olunduğu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi görünür. Elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi isə adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara təhvil-qəbul aktı kimi yanaşdığını deməyə əsas verir.

26. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənişlər edilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən edilmişdir. Bu isə cavabdehin elektron qaimələrə təhvil-qəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir.

27. Qeyd edilməlidir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada elektron vergi hesablatları təqdim edən, mühasibat uçotu aparan cavabdehin ötən müddət ərzində təsdiq edilmiş elektron qaimələrə münasibətdə hər hansı əməliyyat aparmaması da sonuncunun etirazının əsassızlığını göstərir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 23463,59 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. İddiaçı eyni zamanda ödənilmiş 161 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

35. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 161 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 23463,59 manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar