Məhkəmə qərarları › İş №e-2-2(113)-3497/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3497/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3497/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilə,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 02 iyun 2024-cü il tarixli, ********* saylı satış müqaviləsi üzrə yaranmış 7,635.82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat məbləğində pulun, 3 000 (üç min) manat cərimə borcunun və 122,00 (bir yüz iyirmi iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 02 iyun 2024-cü il tarixli, ********* saylı Satış müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin əməkdaşlarının "xxxx" MMC-yə məxsus “X7” hotelində xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində qonaqlanması nəticəsində 02 iyun 2024-cü il tarixli, ********* saylı Satış müqaviləsinə əsasən, Şirkətimiz tərəfindən Cavabdeh MMC-yə 50,385.82 (əlli min üç yüz səksən beş manat səksən iki qəpik) manat məbləğində xidmət göstərilmişdir. Həmin məbləğdən 40,250.00 (qırx min iki yüz əlli) manat link üzərindən, 2500.00 (iki min beş yüz) manat isə nağd şəkildə, ümumilikdə 42,750.00 (qırx iki min yeddi yüz əlli) manat ödəniş edilmişdir. Lakin Cavabdeh MMC-nin Şirkətimizə ƏDV daxil 7,635.82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat məbləğində borcu qalmış və 8 aydan artıq müddət keçməsinə baxmayaraq bu günə kimi sözügedən məbləğ Şirkətimizə ödənilməmişdir. Cavabdeh MMC ilə aramızda bağlanmış 02 iyun 2024-cü il tarixli, ********* saylı Satış müqaviləsinin 5.5-ci bəndində göstərilir ki, əgər depozit məbləği şirkət tərəfindən yuxarıdakı müqaviləyə uyğun olaraq köçürülməzsə, rezervasiyanın dəyəri qonaq gəldikdən sonra alınacaq. Müvafiq halda depozit məbləğinin şirkət tərəfindən ödənilməsi təmin edilməmiş və hazırki vaxta qədər də borcun 7,635.82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat hissəsi ödənilməmişdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02 iyun 2024-cü il tarixli, ********* saylı Satış müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus “X7” hotelində xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri üzrə qonaqlanmaya dair təqdim edilmiş arayışda qeyd edilən qaimə-fakturaların siyahısından da göründüyü kimi, tərəfimizdən Cavabdeh MMC-yə 50,385.82 (əlli min üç yüz səksən beş manat səksən iki qəpik) manat məbləğində xidmət göstərilmiş, cavabdeh tərəfindən Şirkətimizə müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə, ümumilikdə 42,750.00 (qırx iki min yeddi yüz əlli) manat pul vəsaiti ödənilmiş, ƏDV daxil 7,635.82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat məbləğində isə borcu qalmışdır. Həmin müqavilənin 13-cü bəndinin tələblərinə uyğun olaraq danışıqlar yolu ilə həll edilməsi istiqamətində tərəfimizdən danışıqlar aparılmış, lakin heç bir nəticə əldə olunmadığı üçün cavabdeh şirkətin ünvanına xx.xx.2024-cü il tarixli, 12-1628 saylı, xx.xx.2025-ci il tarixli, 02-215 saylı və son olaraq 01 aprel 2025-ci il tarixli, 04-498 pretenziya məktublar göndərilmişdir. (həmin məktublar və göndərilmə qəbzləri iddia ərizəsinə əlavə edilir).

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. 13.05.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 yaranmış əsas borcu etiraf etmiş,cərimə borcunun azaldılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 02 iyun 2024-cü il tarixli, ********* nömrəli satış müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən qiymətlər Müqavilənin Qüvvəyə mindiyi Tarixdən xx.xx.2024cü ilədək qüvvədədir və onlara Otel tərəfindən dəyişiklik edilə bilər. - 2.1-ci bəndinə əsasən Bu Müqavilədə göstərilən qiymətlərə səhər yeməyi , standart internetə çıxış, dayanacaq və Spa xidməti (masajdan başqa) daxildir. - 1.3-cü bəndinə əsasən Bu Müqaviləyə daxil olan bütün qiymətlərə 18% məbləğində X8 nəzərə alınaraq və Qiymətlərə bir gecəyə bir nəfər üçün 1.30 AZN məbləğində Bələdiyyə vergisi daxil edilib. Dövlət tərəfindən tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, Otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır. - 5.1-ci bəndinə əsasən xidmət haqları Şirkət tərəfindən nağd, kredit kartı və ya bank köçürməsi yolu ilə ödəniləcəkdir. - 5.2-ci bəndinə əsasən tərəflər ödəniş öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələrinə uyğun olaraq ‘‘Məzənnələr” bəndində göstərilən məbləğdə manat ekvivalentində olduğunu və ödəniş tarixində mövcud olan məzənnəyə uyğun ödəniləcəyini təsdiqləyirlər. - 5.3.1-ci bəndinə əsasən . Qrup Rezervasiyaları üçün ödəniş təsdiq edildikdən sonra Otelin təqdim edilmiş hesabına əvvəlcədən avans depozitin köçürülməsi yolu ilə həyata keçiriləcək və gəlişə 10 gün qalmış tam məbləğ silinəcəkdir. - 5.7-ci bəndinə əsasən Şirkət bu Müqavilə üzrə maliyyə öhdəliyini ödəniş tarix(lər)ində yerinə yetirmədikdə, ödənilməli olan məbləğə cərimə haqqı (gün üzrə ümumi borc məbləğinin 0,5%-i) əlavə olunur və Şirkət tərəfindən ödənilir Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 iyun 2024-cü il tarixli, AM-2024-06/04 nömrəli Müqaviləyə 01 saylı Əlavədə malların adı,vahidi,qiyməti qeyd olunmuşdur.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 06 iyun 2024-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır.

11. İddiaçı tərədindən cavabdehə MT2406 10302803 nömrəli xx.xx.2024-cü il tarixli 27299.3 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

14. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC(icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 02 iyun 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrin şərtinə uyğun olaraq cavabdehə xidmətlər (müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində Cavabdeh MMC-nin əməkdaşlarının "xxxx" MMC-yə məxsus “X7” hotelində yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi) göstərmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı MMC-yə olan borcu 7365.82 manat təşkil edir. Əsas borc hissəsində cavabdehin iddiaçıya 7365.82 manat borcunun olması işin mübahisəsiz halıdır, belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olmasını, iddiaçı tərəfindən müqavilə üzrə göstərilən xidmətlərə görə 7365.82 manat borcun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Hazırki halda tərəflər arasında işin mübahisələndirilən hal cərimə məbləğidir.

21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3000 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 380 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 122 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7635.82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat məbləğində borc, 380 (üç yüz səksən) manat məbləğində cərimə borcu, 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar