Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3499/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin təfsiri qaydası, dəbbə pulu və qanuni faizin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4796,89 manat əsas borc, 470 manat dəbbə pulu, iddia ərizəsi məhkəməyə verilənədək son iki il üçün əldə çıxmış fayda qismində əsas borcun 10%-i həcmində, yəni 470 manat və dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 78 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 152 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən 4796,89 manat gecikdirilmiş əsas borcu yaranmışdır. 2.2. İddiaçı müvafiq borcla bağlı cavabdehə pretenziya məktubu göndərmişdir, lakin cavabdeh öhdəliyini icra etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 152 saylı alqı-satqı müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri olmuş, cavabdehə elektron qaimələr əsasında ümumilikdə 12761,96 manat dəyərində (ƏDV xaric) mal verilmişdir. Sonuncu tərəfindən köçürmə yolu ilə yalnız 8696,8 manat ödəniş edilmiş, həmin məbləğin ƏDV-si də ödənilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddia tələbində 470 manat əldən çıxmış fayda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmışdır.
7. Cavabdehin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 152 nömrəli alqı-satqı müqaviləsinin (satıcı qismində iddiaçı, alıcı qismində cavabdeh) şərtlərindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya tikinti sahəsində istifadə olunan malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini qabaqcadan satıcının bank hesabına köçürmə yolu ilə ödəyir (1.1). Alıcı satıcı tərəfindən ona göndərilən elektron qaiməni qəbul etdiyi təqdirdə, ona həmin qaimədə göndərilən malı (malları) qəbul etməsini təsdiq etmiş sayılır (4.2). Bu Müqavilə üzrə satılan mala görə alıcı satıcıya, müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna uyğun olaraq və e-qaimə faktura ilə nəzərdə tutulmuş malın tam dəyərinin nağd və ya nağdsız şəkildə ödənilməsini təmin etməlidir (5.1). Müqavilənin 5.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan nağd və ya nağdsız qaydada satıcıya ödənilməlidir. Bu bənddə göstərilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır (5.2).
12. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, ƏDV daxil xx.xx.2021-ci il tarixli EBBP 000507 seriya və nömrəli qaimə (“təsdiqlənmiş”) 6823,41 manat, xx.xx.2022-ci il tarixli EBBQ 325364 seriya və nömrəli qaimə (“təsdiqlənmiş”) 436,6 manat, xx.xx.2022-ci il tarixli EBBQ 236943 seriya və nömrəli qaimə (“təsdiqlənmiş”) 123,90 manat, EBBQ 431669 seriya və nömrəli qaimə (“təsdiqlənmiş”) 309,46 manat, EBBQ 482023 seriya və nömrəli qaimə (“təsdiqlənmiş”) 667,29 manat, xx.xx.2022-ci il tarixli EBBR 117065 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 682,04 manat, xx.xx.2022-ci il tarixli EBBR 498937 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 431,29 manat, xx.xx.2022-ci il tarixli EBBR 576369 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 112,10 manat, xx.xx.2022-ci il tarixli EBBR 842262 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 611,24 manat, xx.xx.2022-ci il tarixli EBBY 915437 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 960,99 manat, xx.xx.2022-ci il tarixli EBBZ 297588 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 11,8 manat, xx.xx.2022-ci il tarixli EBBZ 705007 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 329,22 manat, xx.xx.2022-ci il tarixli EBCA 110804 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 363,41 manat, xx.xx.2022-ci il tarixli EBCA 499115 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 1482,2 manat, xx.xx.2022-ci il tarixli EBCB 178617 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 118 manat, xx.xx.2022-ci il EBCB 455516 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 1140,77 manat, xx.xx.2022-ci il EBCC 194342 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 331,23 manat, xx.xx.2022-ci il EBCC 628727 seriya və nömrəli qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) 69,27 manat olmaqla ümumilikdə ƏDV daxil 15004,22 manat dəyərindəki malların təhvili üçün rəsmiləşdirilmişdir. Beləliklə, ƏDV xaric təhvil verilən malın dəyəri 12715,44 manat (15004,22x100/118) olmuşdur.
13. İş materiallarına əlavə edilmiş icra qeydli ödəniş tapşırıqlarından görünür ki, 30 dekabr 2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBBP 000507 seriya və nömrəli qaimə üzrə 5782,55 manat, 31 yanvar 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli EBBQ 325364 seriya və nömrəli qaimə üzrə 370 manat, xx.xx.2022-ci il tarixli EBBQ 431669 seriya və nömrəli qaimə 105 manat, EBBQ 236943 seriya və nömrəli qaimə üzrə 262,25 manat, 01 fevral 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli EBBQ 482023 seriya və nömrəli qaimə üzrə 565,5 manat, 31 mart 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli EBBR 117065 seriya və nömrəli qaimə üzrə 578 manat, xx.xx.2022-ci il tarixli EBBR 498937 seriya və nömrəli qaimə üzrə 365,5 manat, xx.xx.2022-ci il tarixli EBBR 576369 seriya və nömrəli qaimə üzrə 95 manat, xx.xx.2022-ci il tarixli EBBR 842262 seriya və nömrəli qaimə üzrə 518 manat olmaqla ümumilikdə 8641,8 manat ödəniş edilmişdir.
14. Göründüyü kimi tərəflər müqavilədə ödənişin əvvəlcədən edilməsini razılaşdırsa da, cavabdeh tərəfindən ödənişlər əvvəlki elektron qaimələr üzrə təqdim edilən gün, daha sonra isə elektron qaimələr təqdim edildikdən sonra edilmişdir. Həmçinin tərəflər arasında malların təhvilinin rəsmiləşdirilməsi elektron qaimələr əsasında olmuş, elektron qaimələr isə "təsdiqlənmiş" və "sistem tərəfindən təsdiqlənmiş" statusunda olmaqla ləğv olunmamış, cavabdeh tərəfindən müvafiq ödənişlər edilmişdir.
15. İş materiallarında olan 31 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 152 nömrəli müqavilə üzrə ƏDV xaric 12761,96 manat mal təhvil verilmiş, həmin mallar üçün ümumilikdə 8696,8 manat məbləğində pul ödənmişdir. ƏDV daxil ödənilməyən qalıq borc 4796,89 manat təşkil edir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 152 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı tikinti sahəsində istifadə olunan malları cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib razılaşdırılmış qaydada dəyərini iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında ümumilikdə ƏDV daxil 15004,22 manat dəyərində mal dövriyyəsi olmuş, 8641,8 manat dəyərində malın qiyməti ödənilmişdir.
17. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan ƏDV daxil 4796,89 manat pulun ödənilməsini tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə malların dəyərinin qabaqcadan ödənilməsi razılaşdırılsa da, işgüzar münasibətlər nisyə alqı-satqı müqaviləsi formasında olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi (bax §12-14), əvvəlcə təhvil verilmiş malların dəyəri həmin gün, sonra isə elektron qaimənin tərtibindən bir aya yaxın müddətlərlə ödənmişdir.
29. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 404-cü maddəsində göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyəqədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Belə olan halda iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə iddianın faktiki əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ƏDV xaric 12761,96 manat dəyərində malın cavabdehə təhvil verildiyini, 8696,8 manat məbləğində pulun ödənildiyini bildirsə də, təqdim olunan sübutlardan ƏDV xaric 12715,44 manat (ƏDV daxil 15004,22) dəyərində malın təhvil verildiyi, 8641,8 manat məbləğində pulun ödənildiyi təsdiq olunur. Ödənilməyən məbləğ ƏDV xaric 4073,64 manat təşkil etdiyindən məhkəmə iddianı əsaslı (4073,64+733,2 ƏDV ((4073,64x18):100)=4806,84 manat (ƏDV daxil ödənilməyən məbləğ)) sayır.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 4796,89 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı həmçinin 470 manat məbləğində cərimənin cavabdehlərdən tutulmasını xahiş edir.
41. xx.xx.2021-ci il tarixli 152 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, alıcı malı qəbul etdikdən sonrakı müddətdə müqavilə üzrə malın dəyərini satıcıya ödəməsinin müqavilədə göstərilən müddətdən gecikdirilməsi halında, alıcı satıcıya hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,01 % miqdarında cərimə (dəbbə, penya) ödəməlidir.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2021-ci il tarixli 152 nömrəli alqı-satqı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olsa da, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 240 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 240 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
48. İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borc məbləğinə illik 5 faizlə hesablanmaqla 470 manat pulun da cavabdehdən tutulmasını xahiş edir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
51. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” müddəasının hazırkı işlə əlaqədar şərhini, yəni iddiaçının 470 manatı cərimə tələb etdiyi halda, qanuni faiz tələbinin hüquqi əsasının olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir.
52. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqeyindən də aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsində söhbət məhz kreditorun daha böyük məbləği tələb etmək kimi subyektiv hüququndan gedir. Subyektiv hüquq isə üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
53. Hazırkı halda məhkəmənin dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edərək 240 manat məbləğində müəyyənləşdirməsi kreditorun borclu şəxsdən tələb etmək hüququnun subyektiv hüquqla əhatə olunan həcmini göstərir.
54. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya ilə müraciət edərək borcun ödənilməsini tələb etmişdir. Belə olan halda, iddiaçı borcun ödənilməsinin tələb olunduğu tarixdən hesablanmaqla əsas borca illik 5% hesablanan pulu tələb edə bilər. Həmin tarixdən məhkəməyə iddia ilə müraciət olunduğu xx.xx.2023cü il tarixədək 4796,89 manat borca görə hesablanan illik 5% məbləğ 42,71 manat təşkil edir ki, həmin məbləğ məhkəmə tərəfindən təmin olunan cərimə məbləği ilə əhatə olunur. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş subyektiv hüququ istisna edilir.
55. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 470 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
56. İddiaçı həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 78 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
57. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MB/16-00864 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci iddiaçının nümayəndəsi tərəfindən ödənmişdir.
58. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə 18 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
61. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
62. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 53 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 4796 (dörd min yeddi yüz doxsan altı) manat 89 (səksən doqquz) qəpik əsas borc, 240 (iki yüz qırx) manat dəbbə pulu olmaqla ümumilikdə 5036 (beş min otuz altı) manat 89 (səksən doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 53 (əlli üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova