Məhkəmə qərarları › İş №e-2-2(113)-35/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-35/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-35/2025 16.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə cavabdehin bank hesabına köçürülmüş 18.350 manat və öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçıya dəymiş maddi ziyan qismində 20.000 manat, ümumilikdə 38.350 (otuz səkkiz min üç yüz əlli min) manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 027-XİDM/2022 nömrəli xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə və həmin müqavilənin ayrılmaz hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokoluna, texniki tapşırığa əsasən cavabdeh ərazi satışlarının idarə olunması mobil tətbiqinin hazırlanması öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı isə mobil tətbiqin hazırlanması üçün avans olaraq 10000 (on min), yekun ödəniş olaraq 12000 (on iki min) ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğində xidmət haqqını cavabdehə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ödənişlərin son müddəti kimi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndində uyğun olaraq, müqavilənin qüvvədə olma müddətinin son tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Müqavilənin xidmətin icra müddəti və göstərilmə qaydası bəndinə uyğun olaraq, bu müqavilə üzrə xidmətlər müqavilə imzalandığı tarixdən etibarən sifarişçi tərəfindən tələb olunan məlumatların İcraçı tərəfindən bildirilən vaxt ərzində göndərildiyi təqdirdə icraçı tərəfindən 120 gün ərzində Sifarişçiyə təhvil verilir. İddiaçı tərəfindən cavabdehin bank hesabına ümumilikdə 18350 (on səkkiz min üç yüzəlli) manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh isə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi, ərazi satışlarının idarə olunması mobil tətbiqinin hazırlanması tapşırığını yerinə yetirməmiş və iddiaçıya heç bir məhsul təqdim etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçı tərəf məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, 027-XİDM/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı xidmət müqavilələri bağlanmışdır.

9. İşə əlavə edilmiş qeyd edilmiş müqavilələrdə, Cavabdeh MMC-nin imza və möhürü olmasa da, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, cavabdeh tərəf müqavilələrin və müqavilələrə dair texniki tapşırıqların bağlanması halını təsdiq etmişdir.

10. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə xidmət müqaviləsi kimi qiymət verilməlidir.

11. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

12. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

13. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

14. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

15. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

16. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə doğru nəticəyə gəlmək üçün, bağlanmış olan iki müqavilə üzrə tələblərə ayrıca qiymət verilməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 027-XİDM/2022 nömrəli müqavilə üzrə ödəmiş olduğu 10.000 manat pulu, xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı müqavilə üzrə isə ödəmiş olduğu 8.500 manat pulu tələb edir.

18. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, 027-XİDM/2022 nömrəli müqavilənin qiymət razılaşma protokolundan görünür ki, icraçı ərazi satışların idarə olunması tətbiqinin hazırlanmasını öz üzərinə götürmüşdür.

19. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2022-ci il tarixli, 027-XİDM/2022 nömrəli müqavilənin 2.2.2-ci bəndindən görünür ki, qeyd edilmiş işin ümumi dəyəri 22.000 manat təşkil edir və sifarişçi tərəfindən icraçıya ödəniş müqaviləyə əlavələrin bağlandığı dövrdən 3 iş günü ərzində e-qaimə və ya hesab faktura üzrə köçürmə yolu ilə 2 dəfəyə ödənilməklə həyata keçirilir. İlkin avans olaraq 10.000 manat ödənilir, qalan 12.000 manat isə xx.xx.2022-ci il tarixə qədər ödənilir.

20. İş materiallarına əlavə edlmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, 027-XİDM/2022 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabehə 10.000 manat məbləğində pul ödənilmişdir.

21. İşə əlavə edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5/726 nömrəli rəyindən görünür ki, Star Tech” MMC tərəfindən 027- XİDM/2022 saylı 04 iyul 2022-ci il tarixli müqaviləyə əlavə olunmuş texniki tələbin şərtinin 1 tələbi icra edilməmişdir: “aptek öz hesabından sifariş məbləği ödəyə bilmir”.

22. Ancaq Məhkəmə bu xüsusda qeyd edir ki, 027-XİDM/2022 saylı 04 iyul 2022ci il tarixli müqavilə üzrə ödənilmiş olan 10.000 manat məbləğində pul, texniki şərtdə göstərilmiş məsələ icraçı tərəfindən tam icra edilməsə də, qaytarılmalı deyil.

23. Belə ki, qeyd edilmiş müqavilənin 2.2.2-ci bəndindən də, göründüyü kimi , sifarişçi qalan 12.000 manat pulu xx.xx.2022-ci il tarixə qədər icraçı Cavabdeh MMC-yə ödəməli olduğu halda, bunu etməmiş və müqavilə üzrə öz üzərinə düşən öhdəliyi pozmuşdur. Bununla da, cavabdeh tərəfin işin tam icra etmək öhdəliyi yaranmamışdır.

24. Ona görə də, qeyd edilən hissədə, iddia əsassızdır.

25. İşə əlavə edilmiş İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı müqavilənin qiymət razılaşma protokolundan görünür ki, icraçı onlayn platformanın hazırlanmasını öz üzərinə götürmüşdür.

26. Ares” MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı müqavilənin 2.2.2-ci bəndindən görünür ki, qeyd edilmiş işin ümumi dəyəri 8.350 manat təşkil edir və sifarişçi tərəfindən icraçıya ödəniş müqaviləyə əlavələrin bağlandığı dövrdən 3 iş günü ərzində e-qaimə və ya hesab faktura üzrə köçürmə yolu ilə 3 dəfəyə ödənilməklə həyata keçirilir. İlkin avans olaraq 3.350 manat ödənilir, qalan 5.000 manat isə xx.xx.2022-ci il tarixə qədər ödənilir.

27. İş materiallarına əlavə edlmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş sənədlərindən görünür ki, 025-XİDM/2022 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabehə müvafiq olaraq 3.350 manat, 1.800 manat, 3.200 manat məbləğində pul ödənilmişdir.

28. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə qeyd edilmiş müqavilə üzrə 8.500 manat məbləğində pul yəni, tam olaraq ödənilmişdir.

29. İşə əlavə edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5/726 nömrəli rəyindən görünür ki, Star Tech” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı müqavilənin texniki tələbin kifayət qədər şərtləri icra edilməmişdir.

30. Belə olan halda, Məhkəmə hesab edir ki, icraçı Cavabdeh MMC xx.xx.2022-ci il tarixli 025-XİDM/2022 saylı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmiş və ona görə də, qeyd edilmiş müqavilə üzrə ödənilmiş 8.500 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır.

31. Qeyd edilən hissədə iddia əsaslıdır və 8.350 (səkkiz min üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

32. Məhkəmə iddianın 20.000 manat ziyanın tələb edilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı tərəf Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından ziyanın nədən ibarət olması halını əsaslandıra və sübut edə bilməmişdir.

33. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 8.350 (səkkiz min üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar