Məhkəmə qərarları › İş №e-2-2(113)-3504/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3504/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3504/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə obyektin qaytarılması və pulun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektləri olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsinin və 2398 saylı bağ evinin geri qaytarılması və 16461,16 manat əsas borc, 15424,4 manat faiz borcu olmaqla mümumilikdə 31885,56 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27 noyabr 2014-cü il tarixdə NV-485/14 saylı daxili lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan və lizinq obyekti sayılan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2397 saylı bağ sahəsi və 2398 saylı bağ evi cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh isə lizinq ödənişləri cədvəlinə uyğun olaraq iddiaçıya hər ay 1615 manat 60 ay müddətinə məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi tələbi barədə cavabdehə rəsmi xəbərdarlıq və pretenziya məktubları göndərilsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu hal isə sözügedən müqavilənin birtərəfli qaydada ləğv edilməsi və lizinq obyektinin geri götürülməsi üçün əsasdır. Belə ki, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək 2020-ci il ərzində fevral ayında 1000 manat, sentyabr ayında 300 manat olmaqla hazırkı vaxtadək cəmi 1300 manat ödəmişdir. Hazırda cavabdehin 16461,16 manat əsas borc və 15424,4 manat faiz borcu olmaqla cəmi 31885,56 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh bildirmişdir ki, ona sahibkarlıq fəaliyyəti ilə bağlı pul lazım olduğundan əmlakları iddiaçının mülkiyyətinə vermişdir. Lizinq müqaviləsinin obyekti olan əmlaklardan sahibkarlıq məqsədləri üçün istifadə etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra Qərar) 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. MPM-in müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə iş materialları əsasında aşağıdakıları müəyyən edir: - X3 (satıcı) ilə İddiaçı ASC (alıcı) arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.114825 ha olan 2397 saylı bağ sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı müqavilə bağlanmış, satıcı həmin əmlakı 15 000 manata satmış (4-cü bənd), alıcı əmlakı Cavabdeh lizinqə vermək üçün almış (6-cı bənd), İddiaçı ASC-nin mülkiyyət hüququna dair Dövlət reyestrindən ******* №li Çıxarış verilmişdir. - Cavabdeh (satıcı) ilə İddiaçı ASC (alıcı) arasında ünvan 1 ünvanında 0.108971 ha torpaq sahəsində yerləşən 273.09 kv.m ölçülü bağ evinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı müqavilə bağlanmış, satıcı həmin əmlakı 40 000 manata satmış (4-cü bənd), alıcı əmlakı Cavabdeh lizinqə vermək üçün almış (6-cı bənd), İddiaçı ASC-nin mülkiyyət hüququna dair Dövlət reyestrindən ******* №li Çıxarış verilmişdir. - İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsi bağlanmış, müqavilə ilə lizinq obyekti, lizinq müddəti və lizinq ödənişlərinin (əsas və mükafat məbləği) 1 saylı Əlavə ilə müəyyən olunması (2.2, 2.3, 2.4cü bəndlər) və bütün lizinq ödənişləri və lizinq şirkətinin lizinq alana qarşı digər pul tələbləri vaxlı-vaxtında tamamən ödənildikdən sonra lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi (14.1-ci bənd), lizinq ödənişlərinin xx.xx.2014-xx.xx.2019-cü il tarixlərdə edilməsi razılaşdırılmış, lizinq obyektləri xx.xx.2014-cü il tarixli, 485 №li aktlar əsasında lizinq alana təhvil verilmişdir. Məhkəmə tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini yuxarıda qeyd olunan sübutlar əsasında qiymətləndirərək qeyd edir ki, tərəflər arasında ilkin olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı cavabdehdən və X2 əmlakları məhz lizinqə vermək üçün almış, bundan sonra həmin əmlaklar barəsində cavabdehlə lizinq müqaviləsi bağlamışdır. Cavabdehin məhkəməyə bildirdiyi, əldə olunan pul vəsaitinin sahibkarlıq fəaliyyəti ilə bağlı xərcləməsinə dair mövqeyi məhz qeyd olunan alqı-satqı müqaviləsi əsasında əldə olunan pul vəsaiti ilə bağlıdır. Hazırkı məhkəmə mübahisəsinin predmetini isə tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn hüquq münasibətləri təşkil edir. Qeyd olunan müqavilənin predmetini təşkil edən əmlaklar isə kateqoriyası yaşayış məntəqəsi torpağına aid edilən bağ sahəsi və bağ evidir. Cavabdeh də məhkəmə iclasında qeyd olunan əmlakların sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə olunmadığını, şəxsi məqsədlər üçün istifadə olunduğunu təsdiq etmişdir. Qeyd olunan fakt iddiaçı tərəfindən də təsdiq olunmuşdur. Göründüyü kimi, mübahisənin hər iki tərəfinin (ASC və fərdi sahibkar) sahibkarlıq subyekti olmasına baxmayaraq, tərəflər arasında hazırki mübahisənin predmetini təşkil edən hüquq münasibətləri bağ sahəsi və bağ evinin lizinqə verilməsi ilə bağlı lizinq müqaviləsindən irəli gəlir. Beləliklə, mübahisə tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir, mübahisənin predmetini təşkil edən tələb tərəflərdən yalnız birinin, yəni iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlir. Odur ki, mübahisə üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 2unanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 31-32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə obyektin qaytarılması və pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar