Məhkəmə qərarları › İş №e-2-2(113)-3513/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3513/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3513/2021 17.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulmasına görə Cavabdehndən 5276,96 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 30 yanvar 2020-ci il tarixli 38 nömrəli avtomobil ehtiyat hissələrinin Alqı-Satqısına dair müqavilə bağlanmışdır. Lakin, qeyd olunan müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilməmiş və nəticədə cavabdehin iddiaçıya 5276,96 manat (ƏDV daxil) ödənilməmiş borcu qalmışdır. Cavabdeh MMC ilə borcun olmasını təsdiq edən 05 oktyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Onlar dəfələrlə mübahisənin öz aralarında danışıqlar yolu ilə həll olunmasına çalışsalar da, heç bir nəticə əldə olunmamışdır. Ən sonda, məsələnin məhkəmədən kənar həlli üçün tərəflərindən Cavabdeh MMC-yə 08.05.2021-ci il tarixli Pretenziya məktubu göndərilsə də cavabdeh bu məktubu cavablandırmamışdır (qeyd: pretenziya məktubu cavabdehin elektron ünvanına göndərilmişdir). Sadalanan səbəblərdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Cavabdeh MMC iddia ərizəsinə öz mülahizəsini təqdim edərək, qeyd etmişdir ki, müqavilə bağlandığı tam məlum olmayan iddiaçı şirkətin adı müqavilədə Türklər LTD MMC olaraq qeyd olunur, ancaq müqaviləni bağlamaq üçün vurulan möhürdə Türkər LTD MMC yazılıb. Müqavilədə tərəf olaraq, X2 fiziki şəxs kimi qeyd olunub. Bu iki fakt müqavilənin ləğv olunmasına əsas verir. Digər tərəfdən, iddia ərizəsinə qoşulan “Qarşılıqlı üzləşmə” Aktında onu imzalayan şəxslərin kimliyi yazılmayıb və nəzərə alsaq ki, bu qəbildən olan sənədlərdə şirkət rəhbərinin və baş mühasibin imzası olmalıdır, onda bu sənəddəki Cavabdeh MMC-nin İdarə heyətinin sədri Emil Əlixanbəyovun imzası, müqavilədəki imzaya, oxşadılmağa çalışılsada, bənzəmir. Bu fərqlilik ilk baxışdan bəlli olur. Əgər iddia edilsə ki, (Cavabdeh MMC, yəni sifarişçinin rekvizitləri tərəfdə olan) bu imza başqa şəxsə məxsusudur, onda həmin şəxsin kimliyi araşdırılmalı olsa da, şirkət rəhbərinin imzası olmayan “Qarşılıqlı üzlışmə” Aktı da etibarsız sayılmalıdır. Sistemə yerləşdirilmiş müqavilənin predmetinə nəzər salsalar, müqavilə əlavəsi olan və orada malların adı və qiyməti qeyd olunmalı olan Xüsusatın iddia ərizəsinə əlavə olunmadığının şahidi olarlar. İddia ərizəsinə heç “Təhvil-təslim” Aktı da əlavə olunmayıb. Əslində, müqavilənin 2.1-ci bəndinə əsasən malar təhvil veriləndə bu akt tərtib olunmalı və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, bunun əsasında ödəniş olunmalı idi. Həmin bənddə qeyd olunub ki, ödənişin aparılması üçün “Təhvil-təslim” Aktı ilə yanaşı “Hesab-faktura” da Alıcıya təqdim olunmalıdır. Müqavilənin 2.2-ci bəndində isə qeyd olunub ki, ödənişlər “Satıcı”nın təqdim edəcəyi ödəniş sənədlərinə əsaən köçürmə şəklində aparılır. Bu sənədlərin heç biri “Satıcı” tərəfindən “ Alıcı”ya təqdim olunmayıb, eləcə də, mövcud olmadığından, iddia ərizəsinə qoşulmayıb. Deməli, malın təhvil verildiyini sübut edən sənəd olmadan, onun üçün ödəniş tələb etmək müqavilə şərtlərinə ziddir. Müqavilənin 4.1-ci bəndində qeyd olunub ki, mal o vaxt “Alıcı”ya təhvil verilmiş sayılır ki, “Təhvil-təslim” Aktı tərtib edilmiş olsun. Müqavilənin 4.4-cü bəndində qeyd olunub ki, tərəflər malların təhvil verildiyini təsdiqləmək üçün “Təhvil təslim” aktı ilə yanaşı “Qaimə” sənədlərini də imzalamalıdırlar. Bu sənəd də mövcud olmadığından, iddia ərizəsinə əlavə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, İddiaçı iddia ərizəsinə dair təqdim etdikləri mülahizə ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 30 yanvar 2020-ci il tarixli, 38 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqaviləyə əlavədə göstərilən malları alıcı - Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı təqdim etdiyi elektron qaimələrdən görünür ki, İddiaçı ümumi dəyəri 15994,08 manat (ƏDV daxil) məbləğində olan malları alıcı Cavabdeh MMC-yə satmışdır. 05.10.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC İddiaçınə borcu 5276,96 manat təşkil edir. Aktın doğruluğu hər iki tərəfin imzaları ilə (o cümlədən möhürləri ilə) təsdiq edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - “İddiaçı” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya 5276,96 manat məbləğində borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 5276,96 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5276,96 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar