Məhkəmə qərarları › İş №e-2-2(113)-3514/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3514/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3514/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc və dəymiş zərər tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, C-392-AAE-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) alıcıya (cavabdehə) müqavilənin şərtlərinə uyğun olaraq istehsalı olan “X1” markalı, buraxılış ili 2023-cü il olan (VİN:LS5A2DKR3PA099853, qara metallik rəngli) avtomobili (bundan sonra - Avtomobil) dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə, Avtomobilin dəyəri tam tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı təhvil verilmiş Avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi).

2. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin: 2.1. 2.1-ci Müqavilənin 1.1-ci bəndində göstərilən Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 47258 manat müəyyən edilir. Alıcı 4166 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 43092 manat məbləği isə alıcı xx.xx.2024-cü il tarixdən etibarən 36 ay müddətində, ayda 1197 manat ödəməyi satıcı qarşısında öhdəsinə götürür; 2.2. 2.2-ci bəndinə görə Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məbləğ (ilkin ödəniş) tərəflər bu imzaladıqdan sonra 1 iş günü ərzində alıcı satıcıya nağd qaydada ödəyir; 2.3. 2.5-ci bəndinə görə alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcıya satıcıya aylıq ödənişin 1% həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir; 2.4. 3.2.7-ci bəndinə görə bu müqaviləyə yuxarıda göstərilən əsaslarla və onların biri ilə vaxtından əvvəl xitam verildikdə satıcı öz mülahizəsinə uyğun olaraq müqavillənin icrasından birtərəfli qaydada imtina etmək, Avtomobili geri götürmək, Avtomobili satışa çıxarmaq hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ alıcıya qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.

3. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış təhvil-təslim aktı əsasında Avtomobil cavabdehin istifadəsinə verilmişdir.

4. Aylıq ödənişlərdə gecikmələr olduğundan iddiaçı tərəfindən Avtomobil cavabdehdən geri alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən İcra edilmiş xidmətlərə dair Akt tərtib edilmiş və Avtomobilə ümumilikdə (cari servis və dəymiş zərərə dair xərclərlə birlikdə) 373,49 manat zərər dəydiyi qeyd edilmişdir.

5. Bundan başqa, iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə, həmçinin Avtomobilə xx.xx.2025-ci il tarixdə özünün rəsmi servisində baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixdə cavabdehə müvafiq bildirişlər göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı xx.xx.2023-cü il tarixli, C-392-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 7161 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2154 manat dəbbə pulu, “X1” markalı, **-AJ-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 373,49 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 7576 manat pul vəsaiti olmaqla, ümumilikdə 17.264,49 manat pulun, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 212,84 manat pul vəsaiti, 143 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1 manat komissiyanın cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, C-392- AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən Avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubla yazılı qaydada müraciət edilərək ödənişlərin edilməsi, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən xx.xx.2025-ci il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2025-ci il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilsə də, cavabdeh baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş, razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 373,49 manat təşkil etmiş, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 7576 manat zərər hesablanmışdır. Eyni zamanda, alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixinədək müqavilə üzrə ödənilməmiş 7161 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2154 manat dəbbə pulu hesablanmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

25. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

27. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında, ilkin ödəniş edildikdən sonra qalan dəyərinin sonradan ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Avtomobil cavabdehə təhvil verilmiş, bu barədə xx.xx.2024-cü il tarixli təhviltəslim atı imzalanmışdır. Həmçinin, cavabdeh tərəfindən Avtomobilin dəyərinin tam ödənilməsi ilə öhdəliyini pozması da işin mübahisəsiz halıdır.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən Avtomobili almaq, ödənişi tam bitdikdən sonra onu öz mülkiyyətinə keçirmək hüququna malik olduğu kimi, eyni zamanda onun dəyərini müqavilədə göstərilən qaydada ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı əşyanı ödəmək öhdəliyi, məhz əşyanın ona təhvil verilməsindən sonra (əgər əşya müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında Avtomobili əldə edərək ondan istifadə etmiş, lakin onun qalıq dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən Avtomobilin qiymətinin qalıq hissəsinin xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1197 manat ödənilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 2400 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 2400 manat ödəniş edilmiş, bundan sonra hər isə heç bir ödəniş edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, müqavilənin iddiaçı tərəfindən xitam olunduğu vaxtadək, yəni 2025-ci ilin yanvar ayı da daxil olmaqla (Arayışda ödənişin hər ayın 21-ci günü edilmişdir) cavabdeh tərəfindən ödənilməmiş 7161 manat (2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayı da daxil olmaqla, 13 ay 15561 manat ödənilməli olduğu halda 8400 manat ödənilmişdir. Yəni, 15561-8400=7161) pulun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

29. Məhkəmə hesab edir ki, iddia 373,49 manat pulun tələb edilməsi hisəsində də təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən İcra edilmiş xidmətlərə dair Akt tərtib edilmiş və Avtomobilə ümumilikdə 373,49 manat zərər dəydiyi müəyyən edilmişdir. Həmin xərcin bir hissəsi cari servis xərci, digər hissəsi isə Avtomobilin istismarı nəticəsində dəymiş zərərlə (məsələn, kimyəvi təmizləmə, ön buferin rənglənməsi və s.) bağlı olmuşdur. Məhkəmə cari sevis xərci ilə bağlı qeyd edir ki, əgər Avtomobil müqavilədə müəyyən edilmiş servis yoxlama şərtlərinə uyğun olaraq vaxtında iddiaçıya təqdim olunsaydı həmin yerinə yetirlən işlərin və görülmüş xidmətin dəyəri cavabdeh tərəfinən ödənilməli idi. Çünki, müqavilənin 4.1.3-cü bəndinə görə Avtomobil ilk dəfə 3000 km. yol getdikən, daha sonra isı hər 5000 km.-dən bir texniki baxışa təqdim edilməli və qarantiya şərtlərinə uyğun olaraq zəruri ehtiyyat hissələri dəyişdirilməli idi. Lakin İcra edilmiş xidmətlərə dair Aktdan görünür ki, Avtomobilə sonuncu dəfə (iddiaçı tərəfindən təhvil alındıqdan sonra) 24740 km. yürüşlə texniki baxış keçirilmişdir Halbuki, Avtomobil 23000 km yürüşdən sonra sonra (3000 km.+5000 km +5000 km+ 5000 km+5000 km = 23000). 23000 km yürüşlə Avtomobilin cavabdehdə olması və texniki baxışa təqdim edilməli olması nəzərə alındıqda, servis xidməti xərclərini cavabdeh ödəməli idi.

30. Məhkəmə qeyd edir ki, müqaviləyə xitam verilməsi cavabdehi müqavilənin qüvvədə olduğu vaxt yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir (MM-nin 399.4-cü maddəsi). Ona də iddiaçı müqavilənin qüvvədə olduğu vaxt cavabdeh tərəfindən Avtomobilin istismarı nəticəsində yaranmış zərəri tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir.

31. Məhkəmə hesab edir ki, iddia 212,84 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır.

32. Belə ki, iddiaçı illik 5% nisbətində pul məbləğini xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək müdət üçün tələb edir. Qeyd edilən müddət yuvarlaq olaraq 90 günə bərabərdir. İllik 5% nisbətində tələbin gecikdirilmiş əsas borca görə hesablanması nəzərə alındıqda, 90 gün üçün illik 5% nisbətində əsas borcun gecikdirilməsi görə pul vəsaiti, yuvarlaq 89,51 manata bərabər olacaq (7161 x 5% = 358,05; 358,05 : 12 ay : 30 gün = 0,********** x 90 gün = 89,512499..).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

34. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsini qismən əsaslı hesab edir.

35. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə) borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilənin 2.5-ci bəndində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.

36. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 358,05 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

37. Məhkəmə hesab edir ki, iddia nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 7576 manat hissədə əssasızdır. İddiaçı həmin hissədə tələbinin hüquqi əsası kimi 114.3-cü maddəsinə istinad edir.

38. AR Vergi Məcəlləsinin 114.1-ci maddəsinə görə bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

39. Həmin Məcəllənin 114.3.3-cü maddəsinə əsasən amortizasiya olunan aktivlər üzrə nəqliyyat vasitələrinin illik amortizasiya normaları 25 faizədəkdir.

40. Qeyd ediln müddəaların mənasından da görünür ki, amortizasiya normaları vergi tutma məqsədləri üçün hər bir aktiv üzrə sahibkarlıq subyektinin sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin müəyyən edilməsi (tənzimlənməsi) məqsədilə qanunla müəyyən edilmiş qaydada tətbiq edilir.

41. Məhkəmə qeyd edir ki, amortizasiya anlayış olaraq maddi və qeyri-maddi əsas vəsaitlərin isitifadə müddəti ərzində dəyərinin tədricən itirilməsini ehtiva edir və bu özlüyündə bir qanunauyğunluqdur. Avtomobilin onun təyinatına uyğun isitsmarı nəticəsində dəyərinin azalması isə təbii prosesdir, çünki bütün maddi əşyalar hansısa dəyərə malikdir və onların adi istifadəsi dəyərinin azalması ilə nəticələnmiş olur. İddiaçı isə Avtomobilin təyinatına uyğun istifadə edilməməsi nəticəsində onun dəyərinin azalmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməmildir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, C-392-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 7161 manat əsas borc, 358,05 manat dəbbə pulu, “X1” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 373,49 manat, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 89,51 manat olmaqla, cəmi 7982,05 manat, ödənilmiş 143 manat dövlət rüsumu və 1,00 manat komissiya haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar