Məhkəmə qərarları › İş №e-2-2(113)-3516/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3516/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3516/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 8442,94 (səkkiz min dörd yüz qırx iki manat doxsan dörd qəpik) manat məbləğində borc pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” ilə Cavabdeh1 MMC arasında 14 fevral 2020-ci il tarixli 11/20 nömrəli avtomobil ehtiyat hissələrinin Alqı-Satqısına dair müqavilə bağlanmışdır. Lakin, qeyd olunan müqavilə üzrə öhdəliklər Cavabdeh1 MMCitərəfindən tam yerinə yetirilməmiş və nəticədə cavabdehin iddiaçıya 8442,94 (səkkiz min dörd yüz qırx iki manat doxsan dörd qəpik) manat (ƏDV daxil) ödənilməmiş borcu qalmışdır. Qeyd etmək istəyirik ki, Cavabdeh1 MMC ilə borcun olmasını təsdiq edən 01 fevral 2021-ci il tarixli qarşılıqlı Üzləşmə Aktı imzalanmışdır. Tərəflər mübahisənin öz aralarında danışıqlar yolu ilə həll olunmasına çalışsalarda, heç bir nəticə əldə olunmamışdır. Ən sonda, məsələnin məhkəmədən kənar həlli üçün Cavabdeh1 MMC-yə 08.05.2021-ci il tarixli Pretenziya məktubu göndərilsə də cavabdeh bu məktubu cavablandırmamışdır. İddiaçı sadalanan səbəblərdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı “Türklər LTD” şirkəti ilə alıcı Cavabdeh1 MMC arasında imzalanmış 133/17 saylı, 14 fevral 2020-ci il tarixli 11/20 nömrəli avtomobil ehtiyat hissələrinin Alqı-Satqısına dair müqavilədən görünür ki, bu müqavilənin mövzusu müqaviləyə əlavə ediləcək razılaşmalarda əks ediləcək çeşidli malların “Satıcı” tərəfindən satışı və bununla bağlı xidmətlərin göstərilməsi, “Alıcı” tərəfindən isə həmin malları qəbul edərək, ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır. İş materiallarına əlavə edilmiş 01.02.2021-ci il tarixli üzləşmə aktından görünür ki, qeyd olunan tarixə Cavabdeh1 MMC iddiaçı “Türklər LTD” şirkətinə olan borcu 8442,94 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı “Türklər LTD” şirkəti ilə alıcı Cavabdeh1 MMC arasında 14 fevral 2020-ci il tarixli 11/20 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən «Satıcı» bu müqavilənin göstərilən malları «Aİıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 8442,94 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 14 fevral 2020-ci il tarixli 11/20 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış borcu hissəsi iş materiallarına əlavə edilmiş 01.02.2021-ci il tarixli üzləşmə aktı ilə təsdiq edildiyindən, tələbin Cavabdeh1 MMC-dən 8442,94 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 MMCdən 8442,94 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq iddiaçı “Türklər LTD” şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC–dən 8442,94 (səkkiz min dörd yüz qırx iki manat doxsan dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı “İddiaçı”-nə ödənilsin. Cavabdeh1 MMC-dən ödənilmiş dövlət rüsumu və bank komission haqqının əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “Türklər LTD” şirkətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar