Məhkəmə qərarları › İş №e-2-2(113)-3521/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3521/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3521/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakı ilə Cavabdehin nümayəndəsinin iştirakı olmadan iddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2019-cu il tarixli, 260 saylı müqavilə üzrə 43,268.66 manat əsas borc, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 4801.04 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 48099.70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.12.2019-cu tarixdə 260 saylı müqavilə ilə "xxxx"xxxx"xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və 11.12.2020-ci ilə qədər qüvvədə sayılırdı. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan istifadə etmiş, müqavilə, müqaviləyə əlavələr və təhvil təslim aktlarını imzalamamış, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Cavabdehlə aralarında əvvəllər də işgüzar münasibətlər və alqı-satqı müasibətləri olmuşdur. 260 saylı müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir, və Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, malın qiyməti və ödənilmə müddəti bu müqaviləyə əlavə ediləcək əlavələrdə göstəriləcək və QRP ilə müəyyənləşdirilir. 5.6-cı maddəsinə əsasən bu müqavilə əsasında bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. 11.12.2019-cu il tarixli, 260 saylı müqaviləyə - 11.12.2019-cu il tarixli Əlavə 01 QRP-ya əsasən bir ton sulfat turşusunun qiyməti 340 manat olmaqla, 34,05 ton, 11.12.2019-cu il tarixli Əlavə N 02 QRP-ya əsasən bir ton sulfat turşusunun qiyməti 340 manat olmaqla, 26,72 ton, 16.12.2019-cu il tarixli Əlavə N 01 QRP-ya əsasən bir ton sulfat turşusunun qiyməti 348,5 manat olmaqla, 95,21 ton sulfat turşusunun təqdim edilməsi nəzərədə tutulmuşdur. Qeyd edilən əlavələrə uyğun olaraq iddiaçı tərəfindən Cavabdehə 12.12.2019-cu il tarixli EBAD seriyalı 756240 nömrəli elektron qaimə əsasında 60.770 ton, 16.12.2019-cu il tarixli EBAD seriyalı 904519 nömrəli elektron qaimə əsasında 95.21 ton olmaqla, cəmi 155,98 ton sulfat turşusu təqdim edilmişdir.02.06.2020-ci il tarixli EBAK seriyalı 582795 nömrəli elektron qaiməyə əsasən 23.730 ton. 16.06.2020-ci il tarixli EBAL seriyalı 176935 nömrəli elektron qaimə əsasında 21.370 ton sulfat turşusu Cavabdeh tərəfindən İddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş mallara görə hazıradək yalnızca 1718,99 manat ƏDV məbləği ödənilmişdir. Hal hazırda Cavabdehin, qarşılıqlı 21.04.2021-ci il tarixli borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş malla görə 38125,13 manat əsas, 5143,53 ƏDV olmaqla, ümumilikdə 43268,66 manat borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də, indiyə qədər ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış 26 aprel 2021-ci il tarixli, 01 saylı pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdehə mallar 12.12.2019 və 16.12.2019-cu il tarixdə təqdim edilmişdir. 260 nömrəli müqavilə və onun əlavələrinə əsasən həmin tarixlərdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi Cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində öhdəliyinin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. 260 nömrəli müqavilənin 1, 2, 3 nömrəli əlavələrində nəzərdə tutlmuşdur ki, təhvil verilmiş malların dəyəri mal “Satıcı” tərəfindən “Alıcıya” təhvil verilməmişdən öncə tam həcmdə “Alıcı“ tərəfindən “Satıcf’ya ödəniləcəkdir. İddiaçı tərəfindən sonuncu dəfə mal alındığı tarixdə yəni 16.12.2019-cu il tarixdə də ödənişlər edilməmişdir. Buna görə də gecikmiş günlərin sayı 16.12.2019-cu iil tarixdən iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada Cavabdeh tərəfindən öhdəliyin icrası l il 5 ay 21 gün, ümümilikdə 540 gün gecikdirlmişdir. Gecikdirilmiş günlərə görə Cavabdeh İddiaçıya gecikdirilmiş pul məbləğindən mərkəzi bankın müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun faiz ödəməlidir. Mərkəzi bank tərəfindən 13.12.2019-cu il tarixdə illik ucot faiz dərəcəsi 7,5 faiz müəyyən edilmişdir. Həmin faiz dərəcəsinə uyğun olaraq Cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 4801,04 manat (43268,66*((7,5/365)*540)%= 4801,04) məbləğində faiz ödənilməldir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Bir tərəfdən bundan sonra alıcı adlandırılacaq "xxxx" MMC ilə digər tərəfdən bundan sonra satıcı adlandırılacaq “X2” MMC arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli 260 nömrəli müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1 ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.2-ci bəndə əsasən alıcı e-mail vasitəsilə tələb olunan malın adını sifariş verir. Satıcı isə mal haqqında təklifi e-mail vasitəsilə alıcıya göndərir. Təklif razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur. 2.3. Satıcı tərəfindən e-mail vasitəsilə alıcıya göndərilmiş təqdim və alıcı tərəfindən e-mail vasitəsilə təsdiqlənmiş təklif müqavilənin ayrılmaz tərkib hissəsidir və yalnız hər iki tərəfin qarşılıqlı razılığı əsasında növbəti e-mail vasitəsilə dəyişdirilə bilər. 2.4. Malın növü, çeşidi, zəmanət müddət, qiyməti, çatdırılma şərtləri, digər əlaməltəri və xarakterik xüsusiyyətləi satıcı tərəfindən göndərilən təklif əsasında hazırlanmış, tərəflər arasında onların imzaları və möhürləri ilə təsdiqlənmiş və satıcı tərəfindən alıcıya göndərilmiş QRP ilə təsdiq olunur. 1.1. Mal-bu müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstərilən kimyəvi maddələrdir. 1.2. malın təhvil verilməsi- malın satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhviltəslim aktı və digər sənədlər əsasında alıcıya təhvil verilir. 7.1. Müqavilə imzalandığı andan qüvvəyə minir və 11.12.2020-ci il tarixədək qüvvədədir. - 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 13660.86 manat təşkil edən 34.050 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. - 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 10720.06 manat təşkil edən 26720 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. - 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 3 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 39153.21 manat təşkil edən 95210 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. - 12 dekabr 2019-cu il tarixli 1544 nömrəli hesab-fakturadan görünür ki, 11.12.2019-cu il tarixli, 260 nömrəli müqavilə üzrə "xxxx"xxxx"xxxx" MMC-yə bir tonunun qiyməti 340 manat təşkil edən 34.050 ton miqdarında 11577 manat dəyərində və 26.720 ton miqdarında 9084.81 manat dəyərində, ümumilikdə ƏDV daxil 24380.92 manat dəyərində sulfat turşusu satılmışdır. - 12.12.2019-cu il tarixli, EBAK seriyalı 582795 nömrəli elektron qaiməyə əsasən "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 9758.49manat dəyərində sulfat turşusu satılmışdır. - 16 dekabr 2019-cu il tarixli 1562 nömrəli hesab-fakturadan görünür ki, 11.12.2019-cu il tarixli, 260 nömrəli müqavilə üzrə "xxxx"xxxx"xxxx" MMC-yə 64850 ton miqdarında 22600.23 manat dəyərində və 30360 ton miqdarında 10580.46 manat dəyərində, ümumilikdə ƏDV daxil 39153.21 manat dəyərində sulfat turşusu satılmışdır. -16.12.2019-cu il tarixli, EBAD seriyalı 904519 nömrəli elektron qaiməyə əsasən "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 39153.21 manat dəyərində sulfat turşusu satılmışdır. - 02.06.2020-ci il tarixli, EBAK seriyalı 582795 nömrəli elektron qaiməyə əsasən "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 9758.49manat dəyərində sulfat turşusu satılmışdır. - 16.06.2020-ci il tarixli, EBAL seriyalı 176935 nömrəli elektron qaiməyə əsasən "xxxx"xxxx"xxxx" MMC-yə ümumilikdə 8787.99 manat dəyərində sulfat turşusu geri qaytarılmışdır. - ƏDV sub-çot hesabında çıxarışdan və 08.04.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 1719 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. - 01.04.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməli olan borc məbləği 43268.66 manat təşkil edir. Akt satıcının nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. Akta "xxxx" MMC-nin möhürü vurulsa da, nümayəndəsi tərəfindən imzalanmamışdır. - "xxxx"xxxx"xxxx" MMC-yə 26.04.2021-ci il tarixdə 182 nömrəli pretenziya qaydasında məktub ünvanlanaraq təqdim edilmiş mallara görə 38125.13 manat əsas, 5143.53 maat ƏDV borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 11.12.2019-cu il tarixli, 260 nömrəli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 11.12.2019-cu il tarixli , 260 saylı alqı-satqı müqaviləsi və ona edilmiş əlavələrə əsasən iddiaçı cavabdehə kimyəvi maddələrin (sulfat turşusu) satılması öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımı qaydada icra edilsə də, cavabdeh öz öhdəliyini lazımı qaydada icra etməmiş, satılmış malların dəyərindən cəmi 1719 manat ƏDV ödənişi həyata keçirmişdir. Belə ki, hər iki hüquqi şəxsin möhürü vururlmaqla təsdiq edilmiş qarşılıqlı üzləşmə aktından məlum olur ki, cavabdeh tərəfindən 38125.13 manat təşkil edən əsas borc və 5143.53 manat ƏDV borcu ödənilməmiş qalmışdır. Eyni zamanda iddiaçı AR Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edərək borcun ödənilməsinin gecikdirilməsinə görə 4801.04 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə ki, iddiaçının iddia ərizəsində əsaslandığı hallara əsasən cavabdeh tərəfindən öhdəliyin icrası 540 gün gecikdirildiyinə, Mərkəzi bank tərəfindən 13.12.2019-cu il tarixə illik uçot faiz dərəcəsi 7,5 % olduğuna görə öhdəliklərin icrasının gecikdirilməsi görə 4801.04 manat ödəniş həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı mülki iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc və ƏDV borcu olmaqla, ümumilikdə 43268.66 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC–dən 11.12.2019-cu il tarixli, 260 saylı müqavilə üzrə 43,268.66 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 43,298.66 (qırx üç min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar