Məhkəmə qərarları › İş №e-2-2(113)-3524/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3524/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3524/2023 05.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh MMC-yə qarşı pul və əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, əmlakın qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X4 Cavabdehnə qarşı pul və əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" X6 (İddiaçı İKF) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 34251,17 (otuz dörd min iki yüz əlli bir manat on yeddi qəpik) manat məbləğində pulun, həmin məbləğə 01 yanvar 2022-ci il tarixdən başlayaraq qətnamənin icra edildiyi günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin, 1 ədəd 50 litrlik 200 BAR təzyiqli balonun (1 X 595=595 manat dəyərində), 13 ədəd 40 litrlik 150 BAR təzyiqli balonun (13 X 340=4420 manat dəyərində) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadıqda isə onların dəyərinin, yəni 5015 (beş min on beş) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumu və mediasiya xərclərinə görə 287 (iki yüz səksən yeddi) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitinin İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İKF ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan texniki qazlar almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir və ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində bank hesabına köçürülür. İddiaçı tərəfindən cavabdehə mallar təqdim olunmuş, lakin cavabdeh aldığı mallara görə tam ödəniş etməmişdir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd edilən alqı-satqı müqaviləsi üzrə aldığı mallara görə 34251,17 (otuz dörd min iki yüz əlli bir manat on yeddi qəpik) manat öhdəliyi yaranmışdır. Həmin borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilərək təsdiq edilmişdir. Cavabdehə mallar müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya məxsus olan avadanlıqlarda (balonlar) təqdim edilmiş, həmin balonların xeyli hissəsi qaytarılsa da, 1 ədəd 50 litrlik 200 BAR təzyiqli balonun (1 X 595=595 manat dəyərində), 13 ədəd 40 litrlik 150 BAR təzyiqli balon (13X340=4420 manat dəyərində) qaytarılmamışdır. Boş balonların dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əlavədə razılaşdırılmışdır. Cavabdeh tərəf borcu ödəyəcəyi barədə məktub ünvanlasa da, buna da əməl edilməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Cavabdeh MMC-dən gecikdirilmiş icra etdiyi 31492 (otuz bir min dörd yüz doxsan iki manat) manat borcuna 01 yanvar 2022-ci il tarixdən başlayaraq 16 avqust 2023-cü il tarixədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin İddiaçı İKF-nin xeyrinə tutulması, 1 ədəd 50 litrlik 200 BAR təzyiqli balonun (1 X 595 = 595 manat dəyərində), 8 ədəd 40 litrlik 150 BAR təzyiqli balonun (8 X 340 = 2.720 manat dəyərində) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadıqda isə onların dəyərinin, yəni 3315 (üç min üç yüz on beş) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumu və mediasiya xərclərinə görə 287 (iki yüz səksən yeddi) manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitinin İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 442, 449.1, 567-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazını verərək qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətlərini tənzimləyən 05 yanvar 2021-ci il tarixli 001/21 nömrəli müqavilədə (rəsmi sənəddə) ödənişlərin gecikdirilməsinə görə hər hansı faizlərin hesablanması və ödənilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. Əlavə olaraq, "xxxx" MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində X7 Proqramına əsasən fəaliyyət göstərən, müdafiə təyinatlı məmulatlar üzrə güc strukturlarının sifarişlərini yerinə yetirən dövlətin qapalı təşkilatdır. "xxxx" MMC üzrə mövcud borclar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq növbəlilik əsasında ardıcıllıqla ödənilir. Eyni zamanda tərəflər arasında tərtib edilmiş, hər bir tərəfin doğru hesab etdiyi 11 avqust 2023-cü il tarixli üzləşdirmə aktında qarşılıqlı bütün hesablaşmalar (avadanlıq və balonlar da daxil olmaqla) nəzərə alınaraq tərtib edilmiş və borc tam məbləğdə iddiaçının hesablaşma hesabına 16 avqust 2023-cü il tarixində ödənilmişdir. Həmin ödənişdən sonra "xxxx" MMC-nin İddiaçı İKF-yə heç bir borcu qalmamışdır. Müəssisədə iddiaçıya aid heç bir balon mövcud deyil və balonun təqdim edilməsini təsdiq edən heç bir rəsmi sənəd də (əsas təsdiqedici sənəd olan elektron qaimə) tərtib edilməyib. Beləliklə də, “iddiaçı” əsassız (rəsmi sənədlərlə təsdiq edilməyən) olaraq əlavə tələblər irəli sürməklə, dövlətin strateji təşkilatının dövlət büdcəsindən ayrılan vəsaitlərini lüzumsuz iddialarla mənimsəməyə çalışır. İddia tələbinin rədd edilməsini xahiş edir.

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət etmiş, iştirakı olmadan məhkəmə baxışın keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə izahatında iddia tələbinə etiraz etmiş, izahatında qeyd etmişdir ki, "xxxx" X6 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan texniki qazlar alınmışdır. Alınmış malların dəyəri ödənilmişdir. İddia tələbində qeyd olunan balonlar isə iddiaçıya geri qaytarılmışdır. Cavabdeh MMC-də iddiaçıya məxsus hər hansı bir balon qalmamışdır. Borcun gec ödənilməsinə səbəb Cavabdeh MMC tərəfindən təxirəsalınmaz digər ödənişlərin həyata keçirilməsi olmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. İddiaçı İKF “icraçı”, Cavabdeh MMC “sifarişçi” olmaqla imzalanmış 05 yanvar 2021-ci il tarixli 001/21 nömrəli müqavilədən məlum olur ki, sifariş olunmuş mal (texniki qazlar) yazılı sifarişdən sonra 48 saat ərzində “icraçı”ya məxsus olan balon va avadanlıqlarda “sifarişçi”-yə təhvil verilir. Malların (texniki qazların) texniki şərtləri və spesifikasiyalari müqaviləyə əlavə olunmuş tərəflər arasında “X2”nda göstərilmişdir. 1.2-ci bəndə əsasən “sifarişçi” öz növbəsində boş balonların və avadanlıqların qatarılmasına zəmanət verir. Qaytarılmayan hər bir ədəd balon və ya avadanlıq üçün balon və avadanlığın dəyəri miqdarında təzminat ödənməlidir. Avadanlığın dəyəri qiymətləri müqaviləyə əlavə olunmuş və tərəflər arasında razılaşdırılmış “X1 Protokolu”na əsasən müəyyən edilir. 1.3-cü bəndə əsasən ödəniş “sifarişçi” tərəfindən müqavilənin 2-ci bölməsində göstərilən qaydada həyata keçirilir. 2.1-ci bəndə əsasən bu müqavilənin qiyməti “icraçı” tərəfindən faktiki təhvil verilən “mallar”ın dəyəri ilə müəyyən edilir. 2.2-ci bəndə əsasən “mallar”ın dəyəri təhvil verilən zaman mövcud qiymətlər alınmaqla təyin edilir.

9. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən İddiaçı X5 göndərilmiş 27 yanvar 2022-ci il tarixli 06/192 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı X5 61668,33 (altmış bir min altı yüz altmış səkkiz manat otuz üç qəpik) manat debitor borcun “X8” MMC-nin tabeli qurumu olan "xxxx" MMC tərəfindən ödənilməməsi barədə Müdafiə Sənayesi Nazirliyinə ünvanlanan müraciətə baxılmışdır. “X8” MMC-nin tabeli qurumu olan "xxxx" MMC tərəfindən təqdim olunan üzləşmə aktına əsasən yaranmış 61668,33 (altmış bir min altı yüz altmış səkkiz manat otuz üç qəpik) manat kreditor borcun 27354.76 (iyirmi yeddi min üç yüz əlli dörd manat yetmiş altı qəpik) manatı 2021-ci ildə İddiaçı İKF-yə ödənilmişdir. "xxxx" MMC-nin 01 yanvar 2022-ci il tarixə İddiaçı İKF-yə 34313,57 (otuz dörd min üç yüz on üç manat əlli yeddi qəpik) manat borcu mövcuddur və həmin borcun hissə-hissə ödənilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

10. İddiaçı İKF və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixə qarşılıqlı borcların üzləşmə aktında "xxxx" MMC-nin İddiaçı İKF-yə olan borcunun 34251,17 manat olduğu qeyd edilmişdir. Qarşılıqlı üzləşmə aktları hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı İKF və "xxxx" MMC arasında imzalanmış 11 avqust 2023-cü il tarixli üzləşmə aktında xx.xx.2023 tarixə İddiaçı İKF-nin xeyrinə 31492,19 manat borcun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin möhürləri ilə təsdiq edilmişdir.

12. xx.xx.2023 tarixli 103OPX********** nömrəli ödəniş tapşırığından məlum olur ki, 26.688,3 manat Cavabdeh MMC tərəfindən İddiaçı X4 bank hesabına köçürülmüşdür.

13. xx.xx.2023 tarixli **********567446 nömrəli köçürmənin aparılması barədə bildirişdən məlum olur ki, Cavabdeh MMC tərəfindən 4803,89 manat İddiaçı X5 köçürülmüşdür.

14. EBDF seriyalı 223828 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 2400 manat Nümayəndə1 tərəfindən İddiaçı X5 “İqlim şirkəti ilə bağlı hüquqi yardım göstərilməsi üçün” təyinatı üzrə ödənilməsi üçün təqdim edilmişdir.

15. İddiaçı tərəfindən məhkəməyə sübut qismində birtərəfli qaydada möhürlənmiş yol vərəqələri təqdim edilmişdir

16. xx.xx.2023 tarixli 12201 nömrəli ödəniş qəbzindən məlum olur ki, 200 manat Bakı “16” saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür.

17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı X6 müqavilə şərtlərinə uyğun olaraq malları "xxxx" MMC-yə təhvil versə də, "xxxx" MMC müqavilə öhdəliklərini pozmuş, təhvil verilmiş malların dəyərini vaxtında ödəməmişdir. Məhkəmə icraatının gedişində borc məbləği ödənilmişdir. Müqavilə əsasən sifarişlər üzrə malların balon və avadanlıqlarla təhvil verilməsi, daha sonra isə boş balon və avadanlıqların "xxxx" MMC tərəfindən İddiaçı X3ytarılması barədə razılıq olmuşdur. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsnə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

21. İddia tələbinin bir hissəsini icrası gecikdirilmiş 31492 manat borca 01 yanvar 2022-ci il tarixdən başlayaraq 16 avqust 2023-cü il tarixədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin İddiaçı İKF-nin xeyrinə tutulması təşkil edir.

22. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, ödəniş, “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) bank günü ərzində Azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Cavabdeh ödənişləri müqavilədə razılaşdırılmış müddətdən gec ödəmişdir. Bu, iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən 31492 manat borcun icrasının gecikdirilməsinə görə (1 il 7ay 15 gün gecikdirmə) 2558,7 manat (31492x5:100=1574,6+1574,6:12x7=918,52+1574,6:12:30x15≈2558,70) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin tutulmasını tələb etsə, məhkəmənin qənaətinə əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Bundan başqa, iddiaçı 1 ədəd 50 litrlik 200 BAR təzyiqli balonun (1X595=595 manat dəyərində), 8 ədəd 40 litrlik 150 BAR təzyiqli balonun (8X340=2720 manat dəyərində) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadıqda isə onların dəyərinin, yəni 3315 (üç min üç yüz on beş) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını da tələb etmişdir.

24. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi balonların hamısının qaytarıldığını, iddiaçıya aid heç bir balonun onlarda olmadığını və bununla bağlı sübutların təqdim edilmədiyini bildirmişdir. İddiaçı tərəfindən balonların cavabdehdə olması və qaytarılmaması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir.

25. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş dövlət rüsumu və mediasiya xərclərinə görə 287 (iki yüz səksən yeddi) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 400 (dörd yüz) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,4 (bir manat qırx qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 2558,70 manat (iki min beş yüz əlli səkkiz manat yetmiş qəpik), 400 (dörd yüz) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 1,40 manat (bir manat qırx qəpik) olmaqla, cəmi 3160,10 manat (üç min yüz altmış manat on qəpik) məbləğində pul iddiaçı "xxxx" X4 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar