Məhkəmə qərarları › İş №e-2-2(113)-353/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-353/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-353/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 4.500,32 (dörd min beş yüz manat otuz iki) manat məbləğində borcun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən xərcin 200 manat məbləğində pulun, 61 manat məbləğində mediasiya xərcinin və 27 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonu Qaraçala qəsəbəsində istixana fəaliyyəti ilə məşğul olur. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00045 saylı abonent istifadəçisidir. xx.xx.2022-ci il tarixdə ünvanına quraşdırılmış G 400 markalı, ********** nömrəli turbin tipli İtron qaz sayğacı növbəti dövlət yoxlaması səbəsi ilə çıxarılmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında akt tərtib edilmişdir. Sayğac çıxarılan zaman hər hansı bir qüsur aşkar edilməmiş və aktda qeyd edilməmişdir. Çıxarılmış sayğac xx.xx.2022-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş və “qeyri əhali qaz sayğacının yoxlanması haqqında” 29/1640- 01748-10 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilir ki, ilkin baxış zamanı sayğacın daxili çirkili olduğu müəyyən edildi. İmpuls ötürücüsü daxildədir. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Hesablayıcı mexanizmin sonuncu rəqəm diyircəyi ilişərək işləyir. Ekranda A işarəsi var. Batareyanın istismar müddətinin sonuna 42 ay qalıb. Temparatur və təzyiq göstəriciləri normaldır. Təzyiq borusu yoxlanıldı, sızma var, nasazdır. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Təzyiq borusu tələb olunur. İddiaçıya təqdim edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 52002080 saylı, 30 sentyabr 2022-ci il tarixli akta əsasən, dəymiş ziyanın hesablanması göstərilmişdir. Göstərilən akt tamamilə qanunsuz və əsassızdır. Tərtib edilmiş əsassız akt ucbatından əsassız olaraq iddiaçıya 4500,32 manat məbləğində borc yazılmışdır. İddiaçı təbii qazdan istifadəyə görə ödənişləri vaxtı-vaxtında etmiş və heç bir müdaxilə etməmişdir. (bunu qaz idarəsinin işçiləri də təsdiq edirlər ki, onun tərəfdən qaz sayğacına heç müdaxilə olunmamışdır, sayğac çıxarılan zaman da aktda heç bir qeyd aparılmamışdır) Dövlət yoxlaması qərəzli şəkildə aparılmış, onun tərəfindən sayğaca hər hansı bir kənar təsir olmayıb. Ödənişləri də vaxtlıvaxtında etdiyi təqdirdə axı bu borc necə yarana bilər?! Ona cavabdeh təşkilat tərəfindən təqdim edilmiş abonentin saldosundan da aydın şəkildə görünür ki, 2022-ci ilin iyul ayının sonuna onun borcu olmayıb. 2022-ci ilin sentyabr ayında isə onun borcu birdən birə 4500,32 manata qalxmışdır. İstifadədə olmuş qaz sayğacının yararsız olması ehtimal olunduğu halda da həmin hal mübahisəli borcun əsaslı hesab edilməsi üçün əsas vermir. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən ona məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4500,32 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən məlum olur ki, G400 markalı, ********** nömrəli turbin tipli İtron qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi səbəbi ilə çıxarılmışdır. İş materiallarına əlavə edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli, SS 29/1640-01748-10 nömrəli aktda G400 markalı, ********** nömrəli turbin tipli İtron qaz sayğacının yoxlamasının nəticəsi “Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Təzyiq borusu tələb olunur.” kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli UP 52002080 saylı aktdan görünür ki, 20.456 kub.m həcmində qaz üzrə 4.500,32 manat məbləğində dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayı üçün akt əsasında 20.456 kub.m qaza görə 4.500,32 manat borc hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddianın borcun silinməsi tələbi ilə bağlı olan hissəsinə münasibət bildirilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2022-ci il tarixli UP 52002080 saylı akta əsasən hesablanmış olan məbləğdir. Qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə həmçinin o da qeyd edilməlidir ki, İddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilənin olması halı da müəyyən edilməmişdir. Ona görə də, iddia 4.500,32 manat borcun silinməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 200 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 25148 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 61 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh İB mediasiya prosesində iştirak etməmiş, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən 6 saylı Mediasiya təşkilatına 60 manat məbləğində pul vəsaiti ödənildiyi məlum olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nörməli qərarı ilə təsdiq olunmuş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə iddia qiyməti 1001 manat 5000 manatadək olduqda mediasiya xidməti haqqının məbləği 60 manat müəyyən olunmuşdur. Qeyd olunanları və iddianın qiymətini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir, tələb edilən mediasiya xərcinin 1 manat hissəsi cavabdehdən tutula bilməz. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 27 manat dövlət rüsumunun cavabdehdən tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, iddianın qiyməti nəzərə alındığında ödənilməli dövlət rüsumu 65 manat təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi, iddianın qiyməti nəzərə alınmaqla ödənilməli olan dövlət rüsumunun 60 manat hissəsi mediasiya sessiyası zamanı çəkilmiş xərclərlə tam əhatə olunmuşdur. Ödənilmiş 27 manat dövlət rüsumunun 5 manat hissəsi Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. 22 manat məbləğində vəsaiti iddiaçı tərəf dövlət rüsumu kimi ödəməli olmadığından onu ödəmişdir. Belə olan halda, artıq ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb edilməsi əsassızdır Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən **********00045 saylı abunə kodu üzrə xx.xx.2022-ci il tarixli UP 52002080 saylı akta əsasən hesablanmış 4.500 (dörd min beş yüz) manat, 32 (otuz iki) qəpik məbləğində borc silinsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz altmış) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar