Məhkəmə qərarları › İş №e-2-2(113)-3530/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3530/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3530/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və s” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair ilkin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair qarşılıqlı iddia ərizələri işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5.830 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11.250 manat məbləğində olmaqla, cəmi 17.080 (on yeddi min səksən) manat pulun, habelə işgüzar nüfuzuma dəymiş ziyan və mənəvi zərərə görə 4.000 manat pul məbləğinin və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəssisədən 19.000 manat dəyərində 1 ədəd “Laser Machine A7 diod” cihazı satın alınmış və ilkin olaraq 5.000 manat ödənilmişdir. İddiaçı müqaviləyə əsasən qalan borcu hər ay 583 manat olmaqla 24 ay ərzində ödəməyi öhdəmə götürmüşdür. Hazırki tarixə qədər həmin müqavilə üzrə ilkin ödəniş daxil olmaqla, ümumilikdə 10.830 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli alqı-satqı müqaviləsinə əsasən cihaz üçün 2 il zəmanət müddəti müəyyən edilmişdir. İddiaçı avadanlığın əldə edildiyi vaxtdan suyun dövriyyəsində nasazlıq, qızma, başlıq hissənin lazımı səviyyədə işləməməsi kimi əsaslı qüsurlar aşkarladığı üçün dəfələrlə (ayda 2-3 dəfə olmaqla) müəssisənin əməkdaşlarına müraciət edərək problemin aradan qaldırılmasını xahiş etmişdir. Cihaz həm olduğu yerdə, həm də şirkətin texniki servisinin yerləşdiyi ünvanda təmir edilsə də cihazda müsbət yönümlü heç bir dəyişiklik baş verməmişdir. Cihazda olan problemlərlə bağlı cavabdehə ardıcıl olaraq şikayətlə müraciət etdiyi üçün şirkət iddiaçıya yeni müqavilə bağlamağı təklif etmişdir. xx.xx.2021-ci il tarixində şirkətlə iddiaçı arasında 4567№ alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 19.800 manat dəyərində “A7 Diode Laser” markalı cihaz olmuşdur. Müqaviləyə əsasən şirkət tərəfindən lazımı keyfiyyətə malik olan yeni cihaz verilməli olsa da, məhz əvvəlki nasaz cihaz verilmişdir. Bu səbədən cihazın yenidən təmir edilməsi məqsədilə şirkətə dəfələrlə müraciət etsə də, bu dəfə də, heç bir nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında texniki servis əməkdaşları tərəfindən cihaz üzərində təmir işləri aparılmış, lakin cihazın nasazlığı aradan qaldırıla bilməmişdir. Bundan sonra şirkətin əməkdaşları ilə əlaqə saxlamağa çalışsa da zənglərinə cavab verilməmişdir. Hazırda cihaz iddiaçının biznes fəaliyyəti göstərdiyi yerdə olsa da ondan istifadə etmək mümkün deyil. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin 1.4.1-ci bəndinə əsasən yeni və keyfiyyətli malın Alıcının mülkiyyətinə verilməsi, eləcə də təqdim olunmuş mallada hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunduqda Alıcının tələbi ilə onları qısa müddət ərzində aradan qaldırmaq və ya eyni malla əvəz etmək Satıcı olaraq cavabdehin vəzifəsidir. Lakin cavabdeh bu vəzifələrinin heç birini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli, MN 004534 nömrəli müqavilə üzrə ilkin ödəniş 5000 manat olmaqla ümumlikdə 10.830 manat, xx.xx.2021-ci il tarixli, 4567 nömrəli müqavilə üzrə isə ilkin ödəniş 8000 manat olmaqla 11.250 manat ödəniş edilmişdir. Şirkət xx.xx.2021-ci il tarixli müqaviləni sözdə müştəri məmnunluğunu təmin etmək məqsədilə bağladığını bildirsə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənişlərin düzgün haqq-hesabı aparılmamış, aparat şirkətə geri təhvil verilsə də, həmin müqavilə üzrə ödənilmiş 10.830 manatdan təkcə ilkin ödəniş olan 5000 manat qaytarılmışdır. Halbuki müvafiq müqavilədə avadanlığın geri qaytarılması zamanı təkcə ilkin ödənişin alıcıya ödənilməsi haqqında hər hansı bənd nəzərdə tutulmamışdır. Digər tərəfdən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu zaman alıcının ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ olmasına baxmayaraq cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə mane olmuşdur. Bununla yanaşı ikinci alqısatqı müqaviləsi -xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı cihaz texniki nasazlıqlarından dolayı təyinatı üzrə istifadəyə yarasızdır. İstər xx.xx.2020-ci il tarixli, istərsə də xx.xx.2023cü il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçıya satılmış avadanlıqlarda qısa müddət ərzində nasazlıqlar yaranmış, cavabdehin nümayəndələri hər dəfə avadanlığı təmir etdiklərini bildirsələr də bənzər nasazlıqlar yenidən təkrarlanmışdır.

3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 16 sentyabr 2021-ci il tarixli 4567 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8.100 manat məbləğində əsas borcun, dəymiş ziyana görə 5.000 manat və ödənilmiş 130 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.230 manat məbləğində pulun tutularaq Cavabdehnə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli MN 004534 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə uyğun olaraq alqı-satqı məbləğinin hissə-hissə ödənilməsi şərti ilə 1 ədəd “Laser Machine A7” avadanlığı İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə ilə “Laser Machine A7” avadanlığının ümumi satış qiyməti 19.000 manat təşkil etmişdir. İddiaçı ilk ödəniş olaraq 5000 AZN ödəmiş, qalan alqı-satqı məbləğinin ödənilməsinin 24 ay üzrə hər ay 583 manat olmaqla Müqavilədə qeyd edilmiş Cədvəl üzrə həyata keçirilməsinə dair öhdəlik götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq göstərilən avadanlığın cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında həyata keçirməmiş və nəticədə, həmin müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Bunun əksinə iddiaçı müxtəlif bəhanələrlə xx.xx.2020-ci il tarixli MN 004534 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə verilmiş “Laser Machine A7” avadanlığının qaytarılmasını və başqa cihazla əvəz olunmasını istəmişdir. Belə olduqda, İddiaçı ilə yeni bir müqavilə 16 sentyabr 2021-ci il tarixli 4567 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə ilə İddiaçı 19,800 manat dəyərində olan “A7 Diode Laser” cihazla təmin edilmişdir. Lakin nə əvvəlki, nə sonuncu müqavilə üzrə ödəniş edilmişdir. Belə ki, bugünki tarixədək alqı-satqı məbləği olan 19,800 manatdan yalnız 11,700 manat ödəniş həyata keçirilmişdir. Digər aylar üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Hazırda İddiaçı tərəfindən ödənilməli olan ümumi borc məbləği 8,100 AZN təşkil edir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə şifahi formada məlumat verilmiş, ödənişlərin vaxtı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuş, əks təqdirdə isə qanunvericilklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Öhdəliyin icrası üçün verilmiş müddətin başa çatmasına baxmayaraq, hələ də bugünədək onun tərəfindən heç bir ödəniş həyata keçirilməmiş və ya avadanlıq geri qaytarılmamışdır. Bugünki günədək cavabdeh tərəfindən ödənilməli olan məbləğ 8.100 manat təşkil edir. Eyni zamanda bildiririk ki, avadanlığın qanunsuz olaraq iddiaçıda qalması və ödənişlərin verilməməsi ilə şirkətə böyük ziyan dəymişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23.1-ci maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.4-cü maddəsinə əsasən Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

13. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin olunmalıdır.

15. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır.

16. Məhkəmə qeyd edir ki, iş üzrə doğru nəticəyə gəlmək üçün tərəflər arasında bağlanmış olan müqavilələr üzrə tələblərə tək-tək qiymət verilməlidir. Ona görə də, ilk növbədə tərəflər arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli müqavilə üzrə tələblərə qiymət verilməlidir.

17. İlkin iddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə aylıq ödəniş olaraq etmiş olduğu 5.830 manat məbləğində pulun geri qaytarılmasını tələb edir.

18. İşin qeyd edilmiş hissəsi ilə bağlı mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 19.000 manat olan “Laser machine A7 diod” adlı cihaz, ilkin ödəniş olaraq 5.000 manat olmaqla qalan 14.000 manat məbləği xx.xx.2021-ci il tarixindən etibarən 24 ay müddətində aylıq 583 manat olmaqla alıcıya verilmişdir. Qeyd edilən cihaz üzrə İddiaçı tərəfindən 5.000 manat ilkin ödəniş sonradan isə aylıq ödənişlərin cəmi olaraq 5.830 manat məbləğində pul ödənilmişdir. Qeyd edilən cihaz Cavabdehnə geri qaytarılmış, Cavabdeh isə 5000 manat pulu İddiaçı geri qaytarmışdır.

19. Cavabdeh nümayəndəsi 5.830 manat pulu qaytarmadığını və qeyd edilmiş pulun aylıq ödəniş olduğunu bildirmişdir.

20. Məhkəmə hesab edir ki, İddiaçı iddiasının 5.830 manat məbləğində pulun tələb edilməsi hissəsi əsaslıdır.

21. Belə ki, göründüyü kimi, tərəflər arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Laser machine A7 diod” adlı cihaz Cavabdehnə geri qaytarılmışdır. Belə olan halda, adıçəkilən müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinə də, xitam verildiyindən qeyd edilmiş müqavilə üzrə ödənişlər də, geri qaytarılmalıdır. Dolayısı ilə, tərəflər ilkin vəziyyətə qayıtmalıdırlar.

22. Ona görə də, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 5.830 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir.

23. Bundan sonra Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın ilk hissəsi olan 16 sentyabr 2021-ci il tarixli 4567 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 8.100 manat məbləğində borcun tələb edilməsi hissəsinə qiymət verilməlidir.

24. İşin qeyd edilən hissəsi ilə bağlı işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə dəyəri 19.800 manat olmaqla “Laser Machine A7” adlı cihaz, ilkin ödəniş olaraq 8.000 manat, qalan 11.800 manat pulun 1.000 manat hissəsini xx.xx.2021-ci il tarixdən gec olmayaraq, qalan 10.800 manat hissəsini isə 24 ay ərzində aylıq 450 manat olmaqla İddiaçı verilmişdir.

25. Qeyd edilmiş müqavilə üzrə İddiaçı cihazın istifadəyə yararlı olmadığı qeyd edərək ödəmiş olduğu 11.250 manat pulu tələb edir.

26. Cavabdeh isə qeyd edilmiş müqavilə üzrə verilmiş cihazın müqavilənin şərtlərinə uyğun olduğunu, 11.700 manat ödəniş edildiyini və 8.100 manat məbləğində borcun qaldığını bildirir.

27. Məhkəmə qeyd edir ki, qeyd edilən hissədə ilkin iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır.

28. Belə ki, İddiaçı özü məhkəmənin hazırlıq iclasında cihazın başlığını təmir məqsədi ilə 2022-ci ilin dekabr ayında Cavabdehnə verdiyini, sonuncunun isə cihazın başlığını geri qaytarmadığını bildirmişdir.

29. İddiaçı işə "xxxx" MMC tərəfindən mübahisəli cihazın “handle barının” dəyişilməsi olması baradə qüsur aktını işə əlavə etmişdir.

30. Cavabdeh də, həqiqətən də, cihazın başlığının 2022-ci ilin dekabr ayında təmir məqsədi ilə qəbul etdiyini və hal-hazırda da, onlarda olduğunu bildimişdir.

31. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Laser Machine A7” adlı cihaz qeyd edilmiş tarixdə İddiaçı verilmişdir və 2022-ci ilin dekabr ayınadək tam olaraq istifadə olunsa da, dekabr ayında cihazın başlığı təmir məqsədi ilə Cavabdehnə verilmişdir.

32. Məhkəmə qeyd edir ki, cihazın başlığının hələ də, Cavabdehndə qalması İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmək vəzifəsindən azad etmir.

33. Belə ki, cihazın başlığının təmiri ilə əlaqədar tərəflər arasında yaranmış münasibət alqı-satqı müqaviləsi ilə deyil, xidmət müqaviləsi üzrə yaranmışdır. Yəni İddiaçı cihazın başlığının tələb edilməsi hüqununu özündə saxlayır. Ona görə də, İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməlidir.

34. Qeyd edilmiş müqavilə üzrə də, öhdəlik İddiaçı tərəfindən icra edilmədiyindən və hətta müqavilədə nəzərdə tutulmuş 24 aylıq müddətin artıq bitdiyi də, nəzərə alındığında nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8.100 (19.800-11.700) manat məbləğində pul İddiaçı tutularaq Cavabdehnə verilməlidir.

35. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia işgüzar nüfuzuna dəymiş ziyan və mənəvi zərərə görə 4.000 manat pulun tələb edilməsi hissəsində əsassızdır.

36. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

37. Hazırda da, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından işgüzar nüfuza dəymiş ziyanın və mənəvi ziyanın nədən olmasını əsaslandıra bilməmişdir.

38. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddianın qiyməti 5001 manatdan 10000 manatadək olduqda 100 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq ödənilməlidir.

39. Belə olan halda, yəni ilkin iddianın təmin olunmuş 5.830 manat hissəsinə mütənasib olaraq mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdehndən tututalaraq İddiaçı verilməlidir.

40. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia dəymiş ziyana görə 5.000 manat pulun tələb edilməsi hissəsində əsasızdır.

41. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinin tələbi baxımından maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

42. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ********** nömrəli qəbzə əsasən, Cavabdeh tərəfindən 130,40 manat ödəniş edilmişdir.

43. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş 8.100 manat hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh MMC-yə verilməlidir.

44. Həmçinin Məhkəmə qeyd edir ki, pul tələbləri əvəzləşdirilməli, İddiaçı tutulmuş 8.100 manat puldan Cavabdeh MMC-dən tutulmuş 5.830 manat pul çıxılmalı və yekunda 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

45. Yekun olaraq, məhkəmə hesab edir ki, hər iki iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5.830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (iki yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8.100 (səkkiz min yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 (bir yüz bir) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Pul tələbləri qismən əvəzləşdirilsin. 2.270 (iki min iki yüz yetmiş) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar