Məhkəmə qərarları › İş №e-2-2(113)-3532/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3532/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3532/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 245840 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC Tikinti şirkəti arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus "xxxx" MMC tərəfində göstərilən Tikinti şirkətini Razılaşdırma protokolunda göstərilən betonla təchiz edilmişdir. Qiymətlərin Razılaşma protokolunda göstərilmiş Beton B25, Beton B22.5, Beton B20, Beton B15, Beton B12.5 markalı beton xx.xx.2021 ci il tarixli, 672943 saylı qaimə ilə ümümi dəyəri 24400 manat olan malın, xx.xx.2021-ci il tarixli, 864437 saylı qaimə ilə ümumi dəyəri 88000 manat olan malın və xx.xx.2021-ci il tarixli, 459806 saylı qaimə ilə ümumi dəyəri 24000 manat olan malın, xx.xx.2021 ci il tarixli, 545686 saylı qaimə ilə ümümi dəyəri 24400 manat olan malın, xx.xx.2021-ci il tarixli, 864437 saylı qaimə ilə ümumi dəyəri 22400 manat olan malın, xx.xx.2021-ci il tarixli, 371213 saylı qaimə ilə ümumi dəyəri 16000 manat olan malın, xx.xx.2021 ci il tarixli, 083753 saylı qaimə ilə ümümi dəyəri 24000 manat olan malın, xx.xx.2021-ci il tarixli, 323942 saylı qaimə ilə ümumi dəyəri 24000 manat olan malın, xx.xx.2021-ci il tarixli 324206 saylı qaimə ilə ümumi dəyəri 20000 manat olan malın, xx.xx.2021-ci il tarixli, 521926 saylı qaimə ilə ümümi dəyəri 20000 manat olan malın, xx.xx.2021-ci il tarixli, 021988 saylı qaimə ilə ümumi dəyəri 20000 manat olan malın,xx.xx.2021-ci il tarixli, 406604 saylı qaimə ilə ümumi dəyəri 64000 manat olan malın, xx.xx.2021ci il tarixli, 119467 saylı qaimə ilə ümümi dəyəri 24400 manat olan malın, xx.xx.2021-ci il tarixli, 864437 saylı qaimə ilə ümumi dəyəri 28000 manat olan malın, xx.xx.2021-ci il tarixli, 748876 saylı qaimə ilə ümumi dəyəri 4800 manat olan malın, xx.xx.2021-ci il tarixli, 711512 saylı qaimə ilə ümümi dəyəri 28000 manat olan malın, xx.xx.2021-ci il tarixli, 290840 saylı qaimə ilə ümumi dəyəri 4400 manat olan malın, cəmi 412000 manat dəyərində beton Cavabdeh MMC Tikinti şirkətinə təhvil verilmişdir. Sifarişçinin betonla təmin edildiyi müddətdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq Sifarişçi Şirkət bu günə qədər öz öhdəliyini tam icra etməmişdir. "xxxx" MMC-nin direktoru bu barədə Sifarişçi Şirkətə müraciət edərək pulun ödənilməsini tələb etdikdə Həmin MMCnin direktoru müxtəlif bəhanələrlə hər dəfə ödənişin ediləcəyini bildirmişdir. MMC-nin direktoru X1r. 07 yanvar 2021-ci il il tarixli Alqı-satqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun “İcraçı”dan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən Müqavilənin 1.2-ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri “İcraçı” tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında “Sifarişçi” tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. 07 yanvar 2021-ci il il tarixli Alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC Tikinti şirkətinə ümumi dəyəri 412000 manat dəyərində beton məhsulu verilmişdir. Cavabdeh MMC Tikinti şirkəti tərəfindən iddiaçıya cəmi 166160 manat ödəniş edilmişdir. Müqavilələrin icra olunmaması səbəbindən "xxxx" MMC-nə Cavabdeh MMC Tikinti şirkəti tərəfindən 245840 manat zərər vurulmuşdur. Qalıq borc internet Vergi sistemində aşkar olaraq göstərilir. Cavabdeh götürdüyü pulu ödəməməklə götürmüş olduğu öhdəliyi pozmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh MMC Tikinti şirkətindən 245840 manat pul alınaraq iddiaçıya ödənilməlidir.

3. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinə etiraz edirlər. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.1-3.3., 3.5 və 4.1-ci bəndlərinə əsasən iddiaçı olan hüquqi şəxs beton məhsulunu cavabdehə təhvil verməmişdir. Bu səbəbdən ödənişlə bağlı hər hansı iddia tələbindən söhbət gedə bilməz. Bununla əlaqədar iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmiş və təqdim edilməsi də mümkün deyildir. Bu hissədə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. 08.09.2023-cü il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən sübut qismində təqdim etdikləri qaimə fakturalardır, tərəflər arasında isə müqavilə vardır və müqavilədə təhvil-təslim qaydası müəyyən olunub: konkret olaraq göstərilir ki, beton məhsulları təhvil-təslim edilməlidir. Betonun təhvil verilməsini sübut etmək üçün qaimə fakturanın verilməsi kifayət etmir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, “İcraçı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz üzərin götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu sifarişçiyə müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verməlidir.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür.

13. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrini vaxtında aparılmasını öhdəsinə götürür.

14. xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə satılacaq Beton B25, B 22.5, B 20, B 15 və B 12.5 adlı məhsulların giymətləri müəyyən edilmişdir və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2021-ci il tarixli EBAY seriyalı 672943 saylı elektron qaiməyə əsasən 24000 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 864437 saylı elektron qaiməyə əsasən 88000 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 459806 saylı elektron qaiməyə əsasən 24000 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 545686 saylı elektron qaiməyə əsasən 22400 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 371213 saylı elektron qaiməyə əsasən 16000 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 083753 saylı elektron qaiməyə əsasən 24000 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 323942 saylı elektron qaiməyə əsasən 24000 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 324206 saylı elektron qaiməyə əsasən 20000 manat, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 521926 saylı elektron qaiməyə əsasən 20000 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 021988 saylı elektron qaiməyə əsasən 20000 manat, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 406604 saylı elektron qaiməyə əsasən 64000 manat, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 119467 saylı elektron qaiməyə əsasən 28000 manat, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 748876 saylı elektron qaiməyə əsasən 4800 manat, xx.xx.2021-ci il tarixli EBBK seriyalı 711512 saylı elektron qaiməyə əsasən 28000 manat və xx.xx.2021-ci il tarixli EBBL seriyalı 290840 saylı elektron qaiməyə əsasən 4400 manat dəyərində olmaqla cəmi 412000 manat məbləğində mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

16. Həmin qaimələr üzrə cəmi 166.160 manat (ƏDV xaric) ödəniş həyata keçirilmişdir: EBAY seriyalı 672943 saylı elektron qaimə üzrə - 24400 manat, EBAY seriyalı 864437 saylı elektron qaimə üzrə - 92600 manat, EBAZ seriyalı 459806 saylı elektron qaimə üzrə - 19400 manat, EBBA seriyalı 545686 saylı elektron qaimə üzrə - 22400 manat, EBBB seriyalı 371213 saylı elektron qaimə üzrə - 7360 manat.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, “İcraçı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz üzərin götürmüşdür. Həmçinin müqavilənin 1.2-ci bəndinə əsasən “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür və müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir.

26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə ilə təsdiqini tapdığı üçün iddia tələbinin 245840 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

36. Hazırki işdə, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, həm də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər elektron-qaimə fakturanın təqdim edilməsi vasitəsi ilə borcun ödənilməsi şəklində formalaşdığından, cavabdeh tərəfindən bu formada qismən ödənişlər edildiyindən, məhkəmə, cavabdehin iddia ərizəsinə dair irəli sürmüş olduğu “təhvil-təslim aktının olmaması” dəlilini/etirazını əsassız hesab edir.

37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 245840 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 245840 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 07 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 245840 (iki yüz qırx beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar