Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3545/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023- cü il tarixli 99/23 saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 155 594,87 manat əsas borc, 28007,08 ƏDV borcu, 28340,13 manat cərimə borcu olmaqla, cəmi 211942,08 manat borcun və 512 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Satıcı) ilə "xxxx" MMC (bundan sonra Alıcı) arasında xx.xx.2023-cü il tarixli 99/23 saylı Alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Satıcı qiyməti, sayı və xüsusiyyətləri təhvil-təslim aktları ilə müəyyən edilən cihaz və avadanlıqları (bundan sonra Mallar) Alıcıya təhvil verməyi, Alıcı isə Malları qəbul etdikdən 30 (otuz) gün ərzində müvafiq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandığı gündən Satıcı Alıcıya cəmi dəyəri 318 769,99 manat (270 144 manat əsas və 48 625,99 manat ƏDV) olan Malların satışını icra etmişdir. Həmin malların ƏDV daxil dəyəri 42776,05 manat olan hissəsi qarşılıqlı razılıq əsasında Alıcı tərəfindən Satıcıya geri qaytarılmışdır. Həmçinin Alıcı tərəfindən qalıq əsas borcdan 78298,67 manat, ƏDV borcundan isə 140937 manat olmaqla, cəmi 92392,43 manat ödəniş edilmişdir. Bundan başqa tərəflər arasında 27 fevral 2025-ci il tarixində imzalanmış üzləşmə aktına görə, Alıcının Satıcıya ƏDV daxil olmaqla cəmi 197 761,93 manat borcu olmasını tərəflər təsdiqləmişdir. Bu Borcun üzləşməsinə dair aktın imzalanmasından sonra Alıcı tərəfindən Satıcıya həmin müqavilə üzrə əsas borcundan 12 000 manat, ƏDV borcundan 2160 manat ödəniş icra edilmişdir. Alıcının Satıcıya sözügedən müqavilə üzrə 10 aprel 2025-ci il tarixinə 155 594,87 manat əsas borcu, 28 007,08 ƏDV borcu, 28 340,13 manat cərimə borcu olmaqla, cəmi 211 942,08 manat borcu vardır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 99/23 saylı Alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, Alıcı tərəfindən malların dəyərinin ödənilməsi gecikdirilərsə, ona gecikdirilən hərgün üçün ödənişi icra edilməyən qaimədəki məbləğə gündəlik 0,2% qədər cərimə hesablanır. Satıcı tərəfindən Alıcıya borcun tam ödənilməsi üçün dəfələrlə pretenziya göndərilmiş, həmçinin borcun tam bağlanması üçün dəfələrlə ona şifahi qaydada xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, Alıcı müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 99/23 saylı Müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Müqavilə iizrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və bu Müqaviləyə əlavə olunacaq.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların Alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/va ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacaq.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən Alıcı, bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən müstəqildir və Təchizatçı. Alıcının bu Müqavilə imzalanan ana qədər üçüncü şəxslər qarşısında yaranmış və bu Müqavilə imzalandıqdan sonra yarana biləcək maliyyət və digər öhdəliklərinə görə məsuliyyət daşımır.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən sifariş dəyəri 10.000$ ( on min USD) olduqda, ödəniş malların Alıcının anbarına göndərildiyi gündən 30 (otuz) gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir. Ödəniş bank vasitəsilə Təchizatçının bu Müqavilədə qeyd edilmiş bank rekviz.itləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəllndən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0.2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir.
12. Müqavilənin 1.5-ci bəndinə əsasən qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi Alıcının-ƏDV depozit hesabından Təchizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təchizatçı ƏDV ödayicisidir.
13. Müqavilənin 1.6-ci bəndinə əsasən mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya bu Müqavilənin 1.2-ci maddəmdə qeyd edilmiş şərtlərə uyğun qaydada təhvil verildikdən sonra Təchizatçıdan Alıcıya keçir.
14. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli EBEA 574845 saylı 254625,53 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 792832 saylı 47361,90 manat məbləğində e-qaimələr göndərilmişdir.
15. 01 yanvar 2025-ci il - 27 fevral 2025-ci il dövründə olan 99/23 saylı Alqı-satqı müqaviləsi üzrə X2 əsasən xx.xx.2025-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 197.761,93 manat məbləğindən borcun olması müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına təyinatı EBEA 574845 saylı e-qaimə göstərilməklə 12 000 manat məbləğində ödəniş edilmişdir.
17. xx.xx.2025-ci il tarxili ƏDV Sub-Uçot Hesabından çıxarışa əsasən xx.xx.2025-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin sub-uçot hesabına 2160 manat məbləğində ödəniş edilmişdir.
18. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2025ci il tarixinə müqavilə üzrə ödənilməyən əsas borc 155594,87 manat, ƏDV borcu 28007,08 manat, cərimə borcu 28 340,13 manat, cəmi borcu 211 942,08 manat müəyyən edilmişdir.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 99/23 saylı müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Alıcı tərəfindən ödəniş malların Alıcının anbarına göndərildiyi gündən 30 (otuz) gün ərzində və ya elektronqaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş 155594,87 manat əsas, 28007,08 manat ƏDV borcu qalmışdır.
28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, qarşılıqlı-üzləşmə aktı, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 155 594,87 manat əsas borca, 28007,08 manat ƏDV məbləğinə dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 155.594,87 manat əsas bоrcu, 28.007,08 manat ƏDV borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 155594,87 manat məbləğində əsas borc, 28007,08 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə iddiaçı 28340,13 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ƏDV daxil cəmi 183601,95 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 9180 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 512 manat dövlət rüsumu ödənilmişdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 480 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 99/23 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 155594,87 manat əsas borc məbləği, 28007,08 manat ƏDV məbləği, 9180 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 480 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova