Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3549/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi və pul tələbi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul və lizinq obyektinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Bərdə-007 nömrəli üçtərəfli Sazişə əsasən 11770,67 manat əsas borcun, 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun və cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd 8095 4wd klimalı traktorun Cavabdeh saz və işlək vəziyyətdə alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 113 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd 8095 4 WD klimalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə 12640 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0004 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli 007 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 12640 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun olaraq izahat verərək iddia qaldırıldıqdan sonar cavabdeh tərəfindən ödəniş olunduğunu, buna görə də iddia tələbi həcminin azaldığını bildirmiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun ödədiyi 3317 manat LPO "xxxx" MMC-nin hesabındadır. Həmin məbləğ nəzərə alınsa geridə qalan məbləği özünə məxsus avtomobili satmaqla borcunu ödəyə bilər. Lakin traktorun ondan geri alınması ilə razı deyildir. Avadanlıq ona verilərkən saz vəziyyətdə idi, lakin istifadə olunarkən nasazlıq yaranmışdır. Daha sonra iddiaçının nümayəndələri gəlib avadanlığını təmir etmişdir. O, 8 aydır hər ay 400 manat ödəyir və bu formada borcunu ödəməyə hazırdır. Sonda o, traktorun geri alınmasına razı olmadığını, ödənişləri hər ay 400 manat olmaqla hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 113 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 31510 manat olan və “Traktor 8095 4wd klimalı” kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir, Lizinq alan texnikaların bu Müqavilənin 1.1-ci bəndində göstərilən 31510 manat dəyərindən 12310 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri Lizinq alan tərəfindən ödənilənədək Lizinqə verənə məxsusdur. Müqavilənin 3.5-ci bəndinə əsasən Bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ Lizinq alana keçir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasəan Lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: Texnikadan istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya Texnikanın təyinatına uyğun olmadıqda;Lizinq verənin icazəsi olmadan Texnikanın təyinatım dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə istifadəyə verdikdə; Texnikanın işlək halda saxlanması üçün lazımı tədbirləri həyata keçirilməməsi və bu da onun istelılak keyfiyyətlərini pisləşdirdikdə; Texnikanı lizinq müddətinə bütün zərərdən sığortalamadıqda; Bu Müqavilənin 3.16-cı bəndində göstərilən öhdəliyini icra etmədikdə; Texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə № 1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə; Lizinq alan Lizinq verənin nümayəndələrinin Texnikaların vəziyyətini yoxlamasına şərait yaratmadıqda, o cümlədən Texnikaların yerləşdiyi sahəyə daxil olmasına icazə vermədikdə və ya maneəçilik törətdikdə. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikam saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə İizinqə verə bilər. Müqavilənin 5.6-ci bəndinə əsasən Lizinq alan bu Müqavilənin 5.2-5.5-ci bəndlərinin tələblərini yerinə yetirmədikdə Lizinq verən bir tərəfli qaydada bu müqavilənin ləğv edilməsi, Texnikanın və ya onun qalıq dəyərinin, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, vurulmuş zərərin, bu Müqavilənin 5.2-5.5-ci bəndlərində nəzərdə tutulan cərimələrin Lizinq alandan alınması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. "xxxx" MMC (Hüquq ötürən şəxs), "xxxx" ASC (Qəbul edən şəxs) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Sazişdən görünür ki, hüquq ötürən şəxs 2019-cu il 02 iyul tarixli, 99/0113/NBKT nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini Qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək Hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda Qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən Hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan şəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə Hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri Qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. 2.1-ci bəndə əsasən tərəflər razılaşırlar ki, Lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər Hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. 2.2-ci bəndə əsasən Lizinq alan şəxsin Hüquq ötürən şəxsə borcun təsdiqlənməsi aktına əsasən xx.xx.2020-ci il tarixindən etibarən mövcud olan əsas məbləğ üzrə borcu isə Lizinq alan şəxs Saziş imzalanan tarixdən sonrakı qrafik üzrə Qəbul edən şəxsə ödəyir. 2.9-cu bəndə əsasən ödənişlər tam şəkildə həyata keçirildikdən sonra Müqavilə üzrə lizinqə verilmiş texnika iki tərəfli təhvil-təslim aktı əsasında Lizinq alan şəxsə təhvil verilir. Lizinq obyektinin təhvil-təslimi zamanı Lizinq alan şəxs tərəfindən irəli sürülən bütün pretenziyalara Hüquq ötürən şəxs cavabdehdir. xx.xx.2024-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “Prior Leasing" ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cıı il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Sazişə əsasən xx.xx.2024-cü il tarixə qədər gecikdirilmiş cari borcu 12640 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 113 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 19200 manat olan 60 ay müddətinə lizinq predmetinə görə Cavabdeh hər ay 320 manat ödəməlidir. xx.xx.2019-cu il tarixli 113 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə tərtib edilmiş üzləşmə və təhvil-təslim aktından görünür ki, lizing obyekti olan “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnika Cavabdeh (Lizing alan) təhvil verilmişdir. "xxxx" ASC 15 yanvar 2024-cü il tarixində Cavabdeh pretenziya məktubu ilə müraciət edərək, "xxxx" MMC, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydasını pozduğuna görə xx.xx.2024-cü il tarixinə 12320 manat gecikdirilmiş borcun yarandığını, 3 iş günü müddətində pozulmuş şərtləri təmin edilməsini, əks halda "xxxx" ASC lizinq müqaviləsinin və Sazişin ləğv edilməsi, lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı zəruri tədbirlərin dərhal başlanacağını bildirilmişdir. 10 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 128 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə lizinq mükafatının məbləği haqqında razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizinq predmeti olan “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnikanı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Sazişə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11770,67 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin bununla belə məhkəmə hesab edir ki, iddia 1 ədəd “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnikanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Azərbaycan Respublikası Konstitusiya X2). Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər......Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır......(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar) Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafı və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. İddiaçının, cavabdehin ardıcıl olaraq iki dəfədən artıq ödənişləri ödəmədiyini görərək həmin vaxt iddia qaldırmayıb müqavilənin sonunu gözləməsi və yalnız bundan sonra həm tam ödənişi, həm də lizinq obyektini geri tələb etməsi hüquqdan sui – istifadədir ki, bu da mülki qanunvericiliyə əsasən yol verilməzdir. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 128 manat dövlət rüsumunun 100 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Sazişə əsasən əsas borc üzrə 11770 (on bir min yeddi yüz yetmiş) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manatının əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3549/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3549/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver