Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-355/2021 07.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər X6 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh1 20 oktyabr 2014cü il tarixli 743/161/2014 saylı “X8” müqaviləsi üzrə 43.578,90 manat məbləğində əsas borc, 26.080,02 manat məbləğində faiz borcu, 1.219 manat məbləğində sığorta borcu, cəmi 70.877,92 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə fərdi sahibkar X7 arasında bağlanmış 743/161/2014 saylı 20 oktyabr 2014-cü il tarixli “X8” müqaviləsinə əsasən, 1 ədəd HMK 102B markalı yükləyici ekskavator X6 lizinqə istifadəyə verilmişdi. Hazırda 743/161/2014 saylı 20 oktyabr 2014-cü il tarixli “X8” müqaviləsi üzrə əsas borc 43.578,90 manat, faiz borcu 26.080,02 manat, sığorta borcu 1.219 manat, cəmi borc 70.877,92 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh ilə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Lizinq müqaviləsinin 45-ci maddəsinə görə öhdəliklərin müstəsna icra yeri Bakı şəhəridir. Lizinq müqaviləsinin 46-cı maddəsinə görə bütün mübahisələrə lizinq verənin olduğu yer üzrə müvafiq məhkəmədə baxılır. AR MPM-in 36.11.-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. AR MPM-in 40.2.-ci maddəsinə görə, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 arasında 743 saylı 20.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən Cavabdeh1 yuxarıda qeyd olunmuş lizinq müqaviləsi üzrə X4 öhdəliklərinin tam icrasına görə “xxxx” QSC qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən “X10” QSC (lizinqverən) ilə X7 (lizinqalan) arasında bağlanılmış 743/161/2014 nömrəli 20.10.2014-cü il tarixli X8 müqaviləsi ilə müəyyən olunur ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan aşağıda göstərilmiş alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektlərini lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə vermişdir: “X10” QSC və satıcı Hidromek Hidrolik ve X9 Sanayi ve Ticaret Anonim Şirketi X11 Şubesi arasındakı alqı-satqı müqaviləsində göstərilmiş 1 ədəd HMK 102B markalı ekskavator yukləyici. Lizinq alan isə yuxarıda qeyd olunmuş alqı-satqı müqaviləsinin bütün müddəalarını qəbul etmişdir və həmin müqavilədə müəyyən edilmiş lizinq obyektinin növü, satıcısı, qiyməti, xüsusiyyətləri, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, təsviri, ödəmə və təslim müddətləri ilə tamamilə qeyd-şərtsiz razıdır. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsinə əsasən əldə ediləcək lizinq obyektlərinin dəyəri 52.310 avro təşkil edir və lizinq alan bununla razıdır. Lizinq obyektinin əldə edilməsi ilə bağlı yarana biləcək xərclər və digər gözlənilməyən əlavə xərclər lizinq alanın vəsaiti hesabına ödənilməlidir. Lizinq alanın avansı lizinq obyektinin ümumi qiymətinin 23.000 manat hissəsini təşkil edir. Lizinq alanın avansı bu müqavilə imzalanan imzalandığı tarixdən sonra 5 iş günü ərzində ödəmədikdə lizinqverən bu müqaviləni birtərəfli qaydada müraciət etmədən xitam edə bilər. 1.4-cü bəndinə əsasən lizinq müddəti bu müqavilə imzalandığı gündən sonra 36 ay təşkil edir. 3.4-cü bəndinə əsasən lizinq alan lizinq haqqını lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir və lizinq obyektinin gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, ləngimə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil. Lizinq alanın lizinq haqqlarını ödəmək üzrə öhdəliklərini yetirməsi günü kimi pul vəsaitərinin liiznqverənin hesablaşma hesabına daxil olduğu gün hesab edilir. Lizinq alan tərəfindən lizinq haqqları borcları, lizinq obyektinin qalıq dəyəri, yaranmış gecikmə faizi, sığorta borcları tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. 3.5-ci bəndinə əsasən ödəmə cədvəlində göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinqverənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, lizinq haqqının ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş lizinq haqqının 0,1%-i məbləğində gecikmə faizi ödəməlidir. 4.2-ci bəndinə əsasən sığorta haqqı sığorta müqaviləsi və polisindəki müddətlər və şərtlərə uyğun olaraq ödənilməlidir. Lizinq alan sığorta haqqını vaxtında ödəməzsə, o sığorta haqqını azərbaycan manatı ilə bu müqavilədə gecikmə faizi ödənilməsi üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış faizlə birlikdə ödəməlidir. 5.3-cü bəndinə əsasən müqavilə lizinq alanın öhdəlikləri yerinə yetirilməməsinə görə xitam olunarsa lizinq alan lizinq obyektini 1 iş günü ərzində lizinq verənə təhvil verməyə borcludur, əks halda lizinq verənin lizinq obyektini lizinqlanın icazəsi olmadan geri götürmək hüququ vardır. Lizinq alan lizinq obyektinin sökülməsi, daşınması, daşınma sığortası, yükləmə və s.xərclər lizinqalanın hesabına ödənilməlidir. Lizinq obyekti bu maddəyə uyğun olaraq geri qaytarılırsa lizinqalan tərəfindən ödənilmiş avana və digər xərclər heç bir halda lizinq alan tərəfindən lizinq verəndən tələb edə bilməz. 1.6-cı bəndinə görə lizinq obyektinə mülkiyyət və sərəncam hüququ bu lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq verənə,müvəqqəti sahiblik və istifadə hüququ isə lizinq alana məxsusdur. Lizinq alan yalnız bütün ödəniş və öhdəlikləri yerinəı yetirdikdən sonra lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququ lizinq alana keçir. Müqavilə llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. “X10” QSC (lizinq verən) ilə Cavabdeh1 (zamin) və X7 (lizinq alan) arasında bağlanmış 20.10.2014-cü il tarixli 743 saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, 743/161/2014 saylı 20 oktyabr 2014-cü il tarixli X8 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə fərdi sahibkar X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və lizinqalan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə lizinqverən bu öhdəliklərin yerinə yetirilməsini ayrı-ayrılıqda həm lizinq alandan, həm zamindən, və ya lizinq alandan və zamindən birlikdə tələb edə bilər. 7.1-ci bəndinə görə bu müqavilə üzrə zaminliyinə aşağıdakı hallarda xitam verilir: Lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra; Zamin lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra. 7.2-ci bəndinə görə bu müqavilə lizinq müqaviləsi imzalandığı an qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndində və ya qqüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilə qədər qüvvədədir. Müqavilə lizinq verənin imzası və möhürü ilə, zaminin və lizinq alanın imzaları ilə təsdiq edilmişdir. -20 oktyabr 2014-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, 20.10.2014-cü il tarixli 743/161/2014 saylı X8 müqaviləsinin şərtlərinə əsasən 1 ədəd HMK 102B markalı ekskavator yükləyicisi tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun vəziyyətfə X6 təhvil verilmişdir. -Ödəniş cədvəlindən görünür ki, 20.10.2014-cü il tarixli X8 müqaviləsinə əsasən lizinq alan X7 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində ilk 2 ay 2.141 manat, 3-cü ay 2.547 manat, 4-6-cı ay 2.067 manat, 7-ci ay 2.474 manat, 8-10-cu ay 2.067 manat, 11-ci ay 2.474 manat, 12-14-cü ay 2.067 manat, 15-ci ay 2.474 manat, 16-18-ci ay 2.067 manat, 19-cü ay 2.474 manat, 20-35-ci ay 2.067 manat, 36-cı ay 2.056 manat olmaqla cəmi 76.660 lizinq ödənişlərini “X10” QSC -yə ödəməli idi. Lizinq alanın ödəməli olduğu sığorta haqqı da lizin ödənişlərinə daxil olmaqla cəmi 2438 manat təşkil edir. 27.07.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, həmin tarixə 20.10.2014-cü il tarixli X8 müqaviləsi üzrə X4 əsas borcu 43.578,90 manat, faiz borcu 26.080,02 manat, sığortaya görə borcu 1.219 manat, ümumi borcu 70.877,92 manat təşkil edir. -743/161/2014-cü il tarixli X8 müqaviləsi üzrə lizinq alan X7 və lizinq verənin nümayəndələri Zeynalov Elçin, Əkbərov Akif, Kalayev Faiq tərəflərindən imzalanmış 30.09.2015-ci il tarixli akta əsasən müəyyən edilir ki, müqavilə predmeti olan lizinq obyekti 1 ədəd Hidromek 102B markalı ekskavator yükləyicisinə görə lizinq alan tərəfindən ödənişlər vaxtında keçirilmədiyindən lizinq obyekti lizinq alanın sahibliyindən geri götürülmüş və lizinq verənə geri qaytarılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli, 9/1645 saylı ekspert rəyindən görünür ki, X7 ilə “X10” QSC arasında bağlanmış 20.10.2014-cü il tarixli 743/161/2014 saylı daxili lizinq müqaviləsi üzrə borcalanın “X10” QSC-yə olan əsas lizinq borcu 43.578,90 manat, mükafat borcu 16.279,06 manat, sığorta borcu 1.219,00 manat məbləğində müəyyən edilmişdir. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən aydın olur ki, X7 tərfəfindən istifadə etdiyi lizinq vəsaitinə görə 29.07.2015-ci il tarixədək “X10” QSC-yə cəmi 15.582,70 manat məbləində ödəniş aparılmışdır. Həmin məbləğin 6.221,10 manatı əsas, 8.548,94 manatı faiz, 812,66 manat sığorta borcunun silinməsinə yönəldilmişdir. -İddiaçı QSC tərəfindən X6, Cavabdeh1 ünvanlanmış 28.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, QSC tərəfindən X8 müqaviləsinin ləğvinə münasibət bildirilməsi, həmçinin lizinq borcunun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı QSC (lizinq verən) ilə cavabdeh X7 (lizinq alan) arasında 743/161/2014 nömrəli 20.10.2014-cü il tarixli X8 müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə versə də, cavabdeh X7 lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Digər tərəfdən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli hüquq münasibətlərində lizinq alan olan cavabdeh X.Sadıqov tərəfindən lizinq ödənişləri vaxtında keçirilmədiyindən 30.05.2015-ci il tarixdə lizinq obyekti onun sahibliyindən geri götürülmüş və lizinq verənə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı işdə lizinq obyekti lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar 30.09.2015-ci il tarixdə lizinq verənə qaytarıldığından mübahisəsizdir ki, lizinq alan lizinq obyektindən bütün lizinq müddəti ərzində istifadə edə bilməmiş (lizinq müddəti 36 ay olduğu halda yalnız 11 ay ərzində lizinq obyektindən istifadə etmiş), eləcə də lizinq obyekti lizinq verənin mülkiyyətində qalmışdır. İddiaçı QSC isə hazırkı iddiada lizinq obyektinin tam dəyəri də daxil olmaqla bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişlərinə görə borcun ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman lizinq əmlakının qalıq dəyərini, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi İddiaçı QSC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC yalnız lizinq alanın lizinq obyektindən faktiki istifadə etdiyi müddət üçün hesablanmış lizinq ödənişlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh X.Sadıqovdan lizinq obyektinin qaytarıldığı müddətədək olan müddət üçün tutulmalı olan lizinq ödənişlərin məbləğinə gəldikdə ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, X.Sadıqov tərəfindən 30.09.2015-ci il tarixədək əsas borcdan (əmlakın dəyəri) 12.622 manat (1021+1038+1055+1073+1091+1109+1127+1146+1165+1185+1204+408 (sonuncu məbləğ 2015-ci ilin sentyabrının son 10 günü üçün), faiz borcundan (lizinq şirkətinin gəliri) isəcəmi11.025manat(1120+1103+1086+994+976+958+940+921+902+882+863+280(sonu ncu məbləğ 2015-ci ilin sentyabrının son 10 günü üçün)) məbləğində pul vəsaiti ödənilməli idi. İş üzrə keçirilmiş ekspert rəyində müəyyən edildiyi kimi kimi cavabdehin etdiyi ödənişlərin 6.221,10 manatı əsas, 8.548,94 manatı faiz borcuna silindiyindən 30.09.2015ci il tarixədək olan müddət üçün hesablanmış lizinq ödənişləri üzrə X.Sadıqovun əsas borcu 6400,9 (12622-6221,1) manat, faiz borcu isə 2476,06 (11.025-8548,94) manat təşkil edir. Bundan əlavə məhkəmə qeyd edir ki, ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh X.Sadıqovun lizinq ödənişlərinə daxil edilmiş lizinq obyektinin sığortalanmasına görə 1219 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” QSC-nin iddia tələbi cavabdeh X.Sadıqova münasibətdə qismən təmin edilməli, 6400,9 manat məbləğində əsas borc, 2476,06 manat məbləğində faiz borcu və 1219 manat məbləğində sığorta haqqı borcu, cəmi 10.095,96 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin zamin Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsas kimi 743/161/2014 nömrəli 20.10.2014cü il tarixli X8 müqaviləsi üzrə lizinq alan X.Sadıqovun öhdəliklərini təmin etmək məqsədilə tərəflər arasında bağlanmış 20.10.2014-cü il tarixli 743 saylı zaminlik müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin “müqavilənin qüvvədə olduğu müddəti” müəyyən edən 7-ci bəndində zaminliyə xitam verilməsi lizinq alanın lizinq müqaviləsi üzrə öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 367.1-ci maddəsinə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göstərilən normaların məzmunundan da göründüyü kimi qanunun tələblərinə görə müddət üç formada : 1) Təqvim tarixi ilə 2)illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə, 3) hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilə bilər. Göründüyü kimi əsas öhdəliyin icra edilməsi hökmən baş verməli olan hadisə olmadığından zaminliyin qüvvədə olmasının həmin hadisə ilə şərtləndirilməsi həmin müddəanın mülki qanunvericiliyin tələbləri baxımından müddət kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə yuxarıda göstərilən müddəa müqavilə şərtlərinin cavab verməli olduğu “hüquqi müəyyənlik” prinsipinin tələblərinə də cavab vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, zaminlik müqaviləsində verilmə müddəti müəyyən edilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü bəndinə əsasən isə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi hazırkı işdə zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti müəyyən edilmədiyindən və kreditor zaminliyin təmin etdiyi əsas öhdəliyin icrası vaxtının çatdığı tarixdən (lizinq müqaviləsinin müddətinin bitdiyi tarixdən) bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləğinin 10 manat hissəsi cavabdeh X3, qalan 40 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 20 oktyabr 2014-cü il tarixli 743/161/2014 saylı “X8” müqaviləsi üzrə 6400,9 manat məbləğində əsas borc, 2476,06 manat məbləğində faiz borcu və 1219 manat məbləğində sığorta borcu, cəmi 10.095,96 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləğinin 10 manat hissəsi cavabdeh X3, qalan 40 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-355/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-355/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver