Məhkəmə qərarları › İş №e-2-2(113)-355/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-355/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-355/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 10532 manat gecikdirilmiş borc, 2889,53 manat cərimə borcu, 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226410,25 manat gecikdirilmiş borc, 112250,09 manat cərimə borcu, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat olmaqla, cəmi 352431,87 manat (üç yüz əlli iki min dörd yüz otuz bir manat səksən yeddi qəpik) məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqaviləyə əsasən isə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 15.03.2018ci il tarixli 335-L/18 nömrəli müqaviləyə dair maliyyə arayışının tərtib edildiyi 11.06.2021-ci il tarixə həmin müqavilə üzrə 10532 manat gecikdirilmiş borcu və hesablanmış 2889,53 manat cərimə borcu, eləcə də 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqaviləyə dair maliyyə arayışının tərtib edildiyi 22.07.2021-ci il tarixə həmin müqavilə üzrə 226410,25 manat gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 112250,09 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 10532 manat gecikdirilmiş borc, 2889,53 manat cərimə borcu, 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226410,25 manat gecikdirilmiş borc, 112250,09 manat cərimə borcu, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 352831,87 manat (üç yüz əlli iki min səkkiz yüz otuz bir manat səksən yeddi qəpik) məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, əsas borc məbləğini qəbul edir. Heyvanların bir hissəsi tələf olmuşdur, sığortaçı tərəfindən sığorta ödənişi tam şəkildə ödənilmədiyindən onlar da əsas borc məbləğini ödəyə bilməmişlər. Tələbin cərimə borcu hissəsi ilə razı deyillər. Həddən artıq cərimə məbləği hesablanmışdır. Tələbi mediasiya xərci və vəkilə ödənilmiş xərcin tutulması hissəsində də qəbul edir və iddianın qismən təmin edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 15.03.2008-ci il tarixli, 335-L/18/ nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 99900 (doxsan doqquz min doqquz yüz) manat olan və Spesifikasiyada (Əlav N1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra- Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikaların dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən 19 980 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 15.03.2018-ci il tarixli 1549/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) Cavabdeh MMC-nin 15.03.2018-ci il tarixli sifarişinə və onunla "xxxx" ASC arasında bağlanmış 15.03.2018-ci il tarixli, 335-L/18 nömrəli lizinq müqaviləsinə əsasən 2 adda qeyd olunmuş texnikalar "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin istifadəsinə verilsin. 2) texnikaların verilməsi müvafiq qaydada sənədləşdirilərək 20 gün müddətində götürülməsi təmin edilsin. 3) Texnikaların ümumi dəyərindən 19980 manat ödənildiyi nəzərə alınsın. - 11.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh MMCnin 15.03.2018-ci il tarixli, 335-L/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 10532 manat, hesablanmış cəriməyə görə 2889,53 manat olmaqla, ümumilikdə 13421,53 manat məbləğində borcu vardır. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh MMC arasında dövlət vəsaiti hesabına idxal olunmuş"xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 23.04.2018-ci il tarixli, 244-LD/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən (Holştin-Friz 201 baş sayı) və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 262104 manat ilkin ödəniş məbləğini əvvəlcədən Lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar Lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. - 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh MMCnin 23.04.2018-ci il tarixli, 244-LD/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 226410,25 manat, hesablanmış cəriməyə görə 112250,09 manat məbləğində borcu vardır. Maliyyə arayışında qeyd edilmişdir ki, müqavilə üzrə 297797,75 manat ödəniş olunmuşdur. -Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX12129810F8 nömrəli, 25.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iş üzrə 5 saylı Vəkil Bürosunun AZ31AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək müqavilələr üzrə əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli lizinq müqavilələri bağlanmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 10532 manat və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226410,25 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh MMCnin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 10532 manat və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 226410,25 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə 15.03.2018-ci il tarixli 335-L/18 nömrəli müqavilə üzrə 2889,53 manat və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 112250,09 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq, 15.03.2018-ci il tarixli 335- L/18 nömrəli müqavilə üzrə 500 manat və 23.04.2018-ci il tarixli 244-LD/18 nömrəli müqavilə üzrə 10000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat və mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 15.03.2018-ci il tarixli, 335-L/18 nömrəli müqavilə üzrə 10532 (on min beş yüz otuz iki) manat əsas borc, 500 (beş yüz) manat cərimə, 23.04.2018-ci il tarixli, 244-LD/18 nömrəli müqavilə üzrə 226410,25 manat (iki yüz iyirmi altı min dörd yüz on manat iyirmi beş qəpik) əsas borc, 10000 (on min) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 248192,25 manat (iki yüz qırx səkkiz min yüz doxsan iki manat iyirmi beş qəpik) məbləğində pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar