Məhkəmə qərarları › İş №e-2-2(113)-3551/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3551/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3551/2024 01.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə 27.134,35 manat məbləğində əsas vəsaitin, 1.356,50 manat məbləğində cərimənin və Bakı Kommersiya Məhkəməsinə ödənilmiş 175,47 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC texnoloji avadanlıqların təchiz edilməsi və təchiz edilən mallar üzrə quraşdırılma və malların fəaliyyətlərinin dəstəklənməsi üzrə xidmət göstərən bir şirkətdir. Sözügedən fəaliyyət çərçivəsində iddiaçı ilə Cavabdeh MMC arasında DTS 0019/04-23 nömrəli, 18 aprel 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Müqavilə və müqaviləyə edilmiş 18 aprel 2023-cü il tarixli, 01 saylı Əlavənin şərtlərinə uyğun olaraq cavabdehə mallar təqdim edilmiş və təqdim edilən mallar üzrə quraşdırılma xidməti göstərilmişdir. Yekun olaraq, 50,354.00 manat əsas məbləğ, 9,063.72 manat 18% ƏDV məbləği olmaqla, ümumilikdə 59,417.72 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənməli idi. Qeyd olunmuş malların təqdim edilməsi və quraşdırılması üzrə görülmüş işlərin iddiaçı tərəfindən tam və müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilməsi, habelə cavabdeh tərəfindən də bu malların alınması və işlərin qəbul edilməsi Müqavilənin ayrılmaz tərkib hissəsi olan 08 may 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi haqqında Akt” ilə öz təsdiqini tapmaqdadır. Malların və xidmətlərin qüsursuz və Müqavilə şərtlərinə uyğun olaraq təchiz və icra olunmasına baxmayaraq cavabdeh iddiaçı qarşısında mal və xidmətlərin dəyərini tam ödəməməklə Müqavilənin 2.2., 5.4., 10.1-ci bəndlərinin tələblərini pozmuşdur. Belə ki, cavabdehdən xx.xx.2023-cü il tarixində 20,141.60 manat, xx.xx.2023-cü il tarixində 5,000 manat məbləğində malın ƏDV-siz məbləği; xx.xx.2023-cü il tarixində 3,625.48 manat, xx.xx.2023cü il tarixində 2,771.17 manat və xx.xx.2023-cü il tarixində isə 745.12 manat ƏDV-yə cəlb edilən pul vəsaiti qəbul olunmuşdur. Hazırda, cavabdehin iddiaçı qarşısında 25,212.40 manat əsas məbləğ və 1,921.95 manat məbləğində ƏDV məbləği olmaqla, ümumilikdə 27,134.35 manat məbləğində ödənilməmiş pul öhdəliyi mövcuddur. Cavabdeh xx.xx.2023cü il tarixindən etibarən borcla bağlı hər hansı ödəniş etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında DTS 0019/04-23 nömrəli, 18 aprel 2023-cü il tarixli satınalma müqaviləsi və müqaviləyə əlavələr imzalanmışdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan avadanlıqların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçının tərtib etdiyi qiymət cədvəlləri, iş və xidmətlərin yerinə yetirilməsi haqqında akt, hesab-faktura və qaimə-faktura bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.

14. 18 aprel 2023-cü il tarixli müqaviləyə Əlavə 01 ilə 1 ədədinin qiyməti 1.611 manat olan 30 ədəd BioStation 2 BS2-OEPW, 1 ədədinin qiyməti 519 manat olan 01 ədəd Biostar 2 STD, 1 ədədinin qiyməti 1.505 manat olan 01 ədəd Software installation and migration adlı malların ümumi dəyərinə görə 50.354 manat əsas, 9.063,72 manat ƏDV borcu olmaqla, cəmi 59.417,72 manat məbləğində pulun ödəniləcəyi razılaşdırılmışdır.

15. Müqavilə və müqaviləyə əlavələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

18. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin direktorunun imzası ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi haqqında aktdan və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 30 ədəd BioStation 2 BS2-OEPW, 01 ədəd Biostar 2 STD və 01 ədəd Software installation and migration adlı mallar, yəni cəmi dəyəri 59.417,72 manat təşkil edən 59.417,72 manat təşkil edən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəf də həmin aktları imzalamaqla, malların təqdim edildiyini qəbul etmişdir.

19. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən 5.000 manat, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən 20.141,6 manat, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən 3.625,48 manat, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən 2.771,17 manat, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən 745,12 manat olmaqla, cəmi 32.283,37 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

20. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə 20.141,60 manat və xx.xx.2023-cü il tarixdə 5.000 manat olmaqla, cəmi 25.141,60 manat məbləğində pul əsas borc üzrə, xx.xx.2023-cü il tarixdə 3.625.48 manat, xx.xx.2023-cü il tarixdə 2.771,17 manat, xx.xx.2023-cü il tarixdə 745,12 manat olmaqla, cəmi 7.141,77 manat pul ƏDV borcu üzrə olmaqla, cəmi 32.283,37 manat məbləğində pul ödənmişdir.

21. Həmin maliyyə arayışında həmçinin qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı qarşısında 25.212,40 manat əsas və 1.921,95 manat məbləğində ƏDV məbləği olmaqla, ümumilikdə 27.134,35 manat məbləğində borcu vardır.

22. Məhkəmə qeyd edir ki, sadə riyazi hesablama ilə də 59.417,72 manatdan (təqdim edilmiş malların ƏDV daxil ümumi dəyəri) 32.283,37 manat (ödənişlər) çıxıldıqda qalıq borc 27.134,35 manat təşkil edir.

23. İddiaçı da, hazırda DTS 0019/04-23 nömrəli, 18 aprel 2023-cü il tarixli müqavilə üzrə cavabdehin ödənilməmiş 27.134,35 manat məbləğində borcunu tələb edir.

24. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh 50.354 manat əsas borc məbləğindən 25.141,60 manat ödəniş etdiyindən əsas borc üzrə 25.212,40 manat borcu qalmış, 9.063,72 manat ƏDV məbləğindən isə 7.141,77 manat ödəniş etdiyindən 1.921,95 manat ƏDV borcu qalmışdır.

25. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

26. Yekun olaraq, məhkəmə hesab edir ki, 25.212,40 manat əsas, 1.921,95 manat ƏDV borc olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə 1.356,50 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqaviləyə Əlavə 2-nin 1.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icraçı tərəfindən tərtib və təqdim edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri və ya onların müəyyən etdiyi şəxslər tərəfindən təhvil alınmış və ya imza və möhürlə təsdiqlənmiş iş və xidmətlərin yerinə yetirilməsi haqqında aktın qəbul edildiyi və ya imzalandığı və möhürləndiyi tarixdən etibarən müqavilənin 10.1-ci bəndi ilə müəyyən edilmiş ödəniş müddəti (30 bank günü) ərzində sifarişçi tərəfindən icraçıya aktda qeyd edilmiş mal və xidmətlər üzrə ödəniş həyata keçirilmədiyi təqdirdə, qeyd edilmiş müddətdən sonrakı hər gecikdirilmiş təqvim günü üçün icraçı sifarişçidən aktda qeyd olunmuş mal və xidmətlərin dəyərinin 0,1%-i miqdarında, lakin ümumilikdə həmin dəyərin 5%-dən artıq olmamaq şərt ilə cərimə hesablayacaqdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.356,50 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

31. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 175,47 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********46 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 175,47 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 25.212 (iyirmi beş min iki yüz on iki) manat, 40 (qırx) qəpik, ƏDV məbləği üzrə 1.921 (min doqquz yüz iyirmi bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cərimə borcu üzrə 1.356 (bir min üç yüz əlli altı) manat, 50 (əlli) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 175 (bir yüz yetmiş beş) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar