Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3555/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli 67/23 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 58.808,04 manat əsas borc, 10.585,45 ƏDV borcu, 40.828 manat cərimə borcu olmaqla, cəmi 110.221,48 manat borcun və 400,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 67/23 saylı saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qiyməti, sayı və xüsusiyyətləri təhvil-təslim aktları ilə müəyyən edilən cihaz və avadanlıqları alıcıya təhvil verməyi, Alıcı isə Malları qəbul etdikdən 60 (otuz) gün ərzində müvafiq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandığı gündən Satıcı Alıcıya cəmi dəyəri 301 766,17 manat (255 734,04 manat əsas və 46032,13 manat ƏDV) olan Malların satışını icra etmişdir. Həmin malların ƏDV daxil dəyəri 2474,17 manat olan hissəsi qarşılıqlı razılıq əsasında Alıcı tərəfindən Satıcıya geri qaytarılmışdır. Həmçinin Alıcı tərəfindən qalıq əsas borcdan 194 829,25 manat, ƏDV borcundan isə 35 069,26 manat olmaqla, cəmi 229 898,51 manat ödəniş edilmişdir. Bundan başqa tərəflər arasında 11 aprel 2025-ci il tarixində imzalanmış üzləşmə aktına görə, Alıcının Satıcıya ƏDV daxil olmaqla cəmi 69 393,49 manat borcu olmasını tərəflər təsdiqləmişdir. Alıcının Satıcıya sözügedən müqavilə üzrə 10 aprel 2025-ci il tarixinə 58 808,04 manat əsas borcu, 10585,45 ƏDV borcu,40 828 manat cərimə borcu olmaqla, cəmi 110 221,48 manat borcu vardır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 67/23 saylı Alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, Alıcı tərəfindən malların dəyərinin ödənilməsi gecikdirilərsə, ona gecikdirilən hərgün üçün ödənişi icra edilməyən qaimədəki məbləğə gündəlik 0,2% qədər cərimə hesablanır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli 67/23 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə malların göndərilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir.
13. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh ona verilmiş olan mallara görə 69.393,49 manat borcunun qaldığını qəbul etmişdir.
14. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
15. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
16. Ona görə də, Məhkəmə hesab edir ki, 58.808 (əlli səkkiz min səkkiz yüz səkkiz) manat, 04 (dörd) qəpik, 10.585 manat (on min beş yüz səksən beş) manat, 45 (qırx beş) qəpik ƏDV borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə 40.828 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
19. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 3.000 manat cərimə borcunun tutulması daha ağlabatandır.
20. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin oluunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 307,18 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 58.808 (əlli səkkiz min səkkiz yüz səkkiz) manat, 04 (dörd) qəpik, 10.585 manat (on min beş yüz səksən beş) manat, 45 (qırx beş) qəpik ƏDV, cərimə borcu üzrə 3.000 (üç min) manat olmaqla, ümumilikdə 72.393 (yetmiş iki min üç yüz doxsan üç) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 307 (üç yüz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov