Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3556/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Ateyeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 10126,65 AZN, cərimə borcu üzrə 506.33 AZN, ümumilikdə 10,632.98 AZN borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 122 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra - Cavabdeh) arasında xx.xx.2021-ci il tarixli, № CES- 0821-009 saylı müqavilə (bundan sonra- Müqavilə) bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə Cavabdeh tərəfindən sifarişlər olunmuş və İddiaçı tərəfindən verilmiş sifarişlər üzrə xidmətlər yerinə yetirilmiş və hesabatlar təqdim edilməklə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. Xidmətlər icra olunub təhvil verildiyi andan etibarən Cavabdehin İddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda müştəri (cavabdeh) şirkətə (iddiaçıya) hər gecikdirilən gün üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində, lakin ödəniləcək məbləğin ümumi dəyərinin 5%-dən artıq olamamaq şərti ilə cərimə ödəyəcəkdir. Müqavilə şərtlərini pozduğuna görə Cavabdehin İddiaçıya ödəməli olduğu pul məbləği əsas borc üzrə 10,126.65 AZN, cərimə borcu üzrə 506.33 AZN-dir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi XXX Əliqəmə Yavər oğlu iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (Şirkət) və cavabdeh (Müştəri) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli, CES-0821-009 nömrəli müqaviləyə əsasən Şirkət müştəriyə layihə çərçivəsində bu müqaviləyə 1 saylı qoşmada göstərilən xidmətləri göstərməyə, Müştəri isə öz növbəsində həmin xidmətləri qəbul etməyə və ödəniş etməyə razılıq verir. Şirkət bu Müqaviləyə əsasən Müştəridən xidmətlərin göstərilməsi barədə sifariş aldıqda, xidmətin göstərilməsinə başlayır. Müştəri xidmətin icrasına başlanılması üçün icra tarixindən ən azı 24 saat əvvəl Şirkətə yazılı müraciət göndərməlidir.
9. Müqavilənin 1.3-cü bəndinə görə əgər Müştəri Şirkətin xidmətlərindən imtina və ya xidmətlər siyahısında dəyişikliklər barədə xidmətin başlamasından öncə e-mail, faks və ya adi poçt/kuryer xidməti vasitəsilə Şirkətə yazılı xəbərdarlıq verməzsə, bu halda faktiki göstərilmiş xidməti qəbul etmiş sayılır və bu xidmətlə bağlı müvafiq ödənişləri həyata keçirir.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən icra ediləcək xidmətlərin vahidlərinin qiymətləri bu Müqaviləyə 1 saylı Qoşmada göstərilib. Şirkətə ödənişlər Müştəriyə təqdim etdiyi aylıq hesab-fakturaların və təhvil- təslim aktlarının əsasında Şirkətin bank hesabına Şirkət tərəfindən hesab-fakturanın, elektron qaimə-faktura təqdim edilməsi tarixindən 30 təqvim günü ərzində Müştəri tərəfindən köçürülmə vasitəsi ilə həyata keçiriləcək.
11. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, Müştəri Şirkətə hər gecikdirilən gün üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin ödəniləcək məbləğin ümumi dəyərinin 5%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir.
12. İddiaçı tərəfindən cavabdehə EBCA 485901 nömrəli xx.xx.2022-ci il tarixli 7434 manat məbləğində, EBCB 499550 nömrəli xx.xx.2022-ci il tarixli 1486.80 manat məbləğində, EBCO 235677 nömrəli xx.xx.2023-cü il tarixli 3717 manat məbləğində, EBCO 235864 nömrəli xx.xx.2023-cü il tarixli 743.40 manat məbləğində, EBDR 258419 nömrəli xx.xx.2023-cü il tarixli 743.40 manat məbləğində elektron qaimələr göndərilmişdir.
13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tamamlama sertifikatı ilə 743,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli tamamlama sertifikatı ilə 1486,80 manat məbləğində, xx.xx.2023-ci il tarixli tamamlama sertifikatı ilə 2230,20 manat məbləğində xx.xx.2022-ci il tarixli tamamlama sertifikatı ilə 3717 manat, xx.xx.2022-ci il tarixli tamamlama sertifikatı ilə 7434 manat məbləğində, xx.xx.2022-ci il tarixli tamamlama sertifikatı ilə 743,40 manat məbləğində xidmət göstərilməsi təsdiq edilmişdir.
14. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aklarına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya olan borcunun məbləğinin 16016,11 manat olması təsdiq edilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 02 avqust 2021-ci il tarixli, CES-0821-009 nömrəli nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, müqavilə və onun əlavələrində göstərilmiş işləri icra etmiş, xidmətləri göstərmiş, həmin iş və xidmətlər təhvil aktları əsasında cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh borcun tam şəkildə ödənilməsi ilə bağlı öhdəliklərini tam şəkildə icra etməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
22. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış 506,33 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 450 manat müəyyən edilməlidir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 10126,65 manat məbləğində əsas borc, 450 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 22 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10126,65 manat məbləğində pul, 450 manat dəbbə pulu, 100 manat dövlət rüsumu, ümumilikdə 10676,65 (on min altı yüz yetmiş altı manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 22 (iyirmi iki) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova