Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3556/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxxnin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı xxxnin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı xxx Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx ilə Cavabdeh MMC ilə arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilmiş 6355,93 manat (altı min üç yüz əlli beş manat doksan üç qəpik) və ödəniş tapşırığına əsasən ödənilmiş 1144,07 manat (min yüz qırx dörd manat yeddi qəpik) olmaqla, toplamda 7500 (yeddi min beş yüz) manat, habelə işin görülmədiyi halda pulun geriyə qaytarılmadığı dövr üçün hesablanmış 1500 (min beş yüz) manat cərimə, həmçinin məhkəmə üçün ödənilmiş dövlət rüsumu olan 112 (yüz on iki) manat olmaqla, ümümilikdə 9112 (doqquz min yüz on iki) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, TXM/001/04/24K nömrəli təchizat və xidmət müqaviləsinə əsasən (bundan sonra Müqavilə) icraçı sifarişçiyə müqavilədə qeyd olunan müddət və şərtlərlə malların çatdırılmasını həyata keçirir, Sifarişçi isə razılaşma protokolunda qeyd olunduğu qaydada malların dəyərini sifarişçiyə ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi hər sifarişin dəyərinin 50%-ni əvvəlcədən avans olaraq ödəyir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli, 1 nömrəli qiymət razılaşma protokluna əsasən 36 ədəd mebel və aksesuarların yığılıb quraşdırılması üçün yekun (ƏDV daxil) 15000 (on beş min) manat qiymət müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 229 nömrəli ödəniş tapşırığına əsasən sifarişçi tərəfindən icraçının bank hesabına 6355,93 manat (altı min üç yüz əlli beş manat doxsan üç qəpik), xx.xx.2024-cü il tarixli, 230 nömrəli ödəniş tapşırığına əsasən sifarişçi tərəfindən icraçının bank hesabına 1144,07 manat (min yüz qırx dörd manat yeddi qəpik), ümumilikdə isə 7500 manat (yeddi min beş yüz) ödəniş edilmişdir. Müqavilədə qeyd olunan mallar zamanında təhvil verilmədiyi üçün sifarişçi tərəfindən sifarişdən imtina edilmişdir. Məsələ ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya göndərilmiş və həmin pretenziya qarşı tərəfə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Belə ki, müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi icraçıdan malların qeyd olunan müddətdə təhvil verilməsini tələb edə bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən icraçı malların təhvil verilmə müddətinə dair müqavilə şərtlərini pozarsa, sifarişçinin heç bir xərc ödəmədən müqaviləni tam və ya qismən ləğv etmək və dəymiş zərərin əvəzini icraçıdan tələb etmək hüququ vardır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.5-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən borcdan 200 manat ödəniş edilmişdir.
6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirərək izahatında qeyd etdi ki, borcu qəbul edir və hissə-hissə ödəyəcəkdir. İddianın təmin olunmasına etiraz etmir. Pul köçürülüb, lakin işi görməyiblər. Cərimə məbləğini də ödəyəcəkdir. Borcdan 200 manat məbləğində ödəniş edilmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində xxx ilə icraçı qismində Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixli, TXM/001/04/24K nömrəli təchizat və xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda sifarişçinin tam mülkiyyətinə verir, sifarişçi isə bunun müqabilində malların dəyərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq icraçıya ödəyir; 1.2-ci bəndinə əsasən tərəflər tərəfindən təsdiq olunmuş hər bir sifariş üzrə müqavilənin ayrılmaz hissəsi hesab olunacaq qiymətlərin razılaşma protokolu tərtib olunur; 2.1-ci bəndinə əsasən hər sifariş üzrə sifarişçi tərəfindən malların dəyərinin razılaşdırılan məbləğini, lakin 50%-dən az olmamaq şərti ilə qabaqcadan avans olaraq icraçının bank hesabına və ya nağd olaraq kassasına ödənilir; 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar icraçının malların sifarişçiyə təhvil verildiyini təsdiq edən sənəddir; 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların icraçı tərəfindən sifarişçiyə təchizatçı müqavilə imzalandıqdan sonra sifarişçinin göndərmiş olduğu sifarişlərə əsasən həyata keçirilir. Malların təchizatı sifarişçi tərəfindən təqdim olunmuş sifarişə əsasən həyata keçirilir. İcraçı təqdim olunmuş sifarişçinin sifarişini aldıqdan sonra 2 iş günü ərzində sifarişdə qeyd olunmuş malların mövcudluğunu və qiymətini müəyyən edir və sifarişçiyə bunun barəsində məlumat təqdim edir. Sifarişçi təklif ilə razı olduğu təqdirdə, alınacaq mallar üzrə razılaşma protokolu tərtib olunur və tərəflər arasında təsdiq olunur. Razılaşma protokolunda alınacaq malların adı, çeşidi, miqdarı, çatdırılma müddəti və qiyməti müəyyən olunur. İcraçı malların təchizatını müvafiq razılaşma protokolunda göstərilmiş müddətdə həyata keçirir. Çatdırılmış malların təhvili müvafiq qaimələrlə təsdiq olunur; 4.2-ci bəndinə əsasən icraçının malları müqavilə ilə müəyyən edilmiş sifarişlərə uyğun müddətdə və qaydada nəzərdə tutulmuş çeşiddə və miqdarda sifarişçiyə təhvil vermək vəzifəsi vardır. 4.3-cü bəndinə əsasən sifarişçinin icraçıdan malları müqavilə ilə müəyyən edilmiş qaydada sifarişlərə uyğun müddətdə və qaydada ona verilməsini tələb etmək hüququ vardır. 5.1-ci bəndinə əsasən tərəflər hər biri müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmələri nəticəsində qarşı tərəfə dəyən zərərə görə müqaviləyə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; 5.2-ci bəndinə əsasən icraçı malların müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verilməsini gecikdirdikdə sifarişçi hər gecikən gün üçün gecikdirilmiş malların dəyərinin 0,1% həcmində icraçıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır; 5.3-cü maddəsinə əsasən icraçı malların təhvil verilmə müddətinə dair müqavilə şərtlərini pozarsa, sifarişçinin heç bir xərc ödəmədən müqaviləni tam və ya qismən ləğv etmək və dəymiş zərərin əvəzini icraçıdan tələb etmək hüququ vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TXM/001/04/24K nömrəli xidmət müqaviləsinə əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş və ümumi dəyəri 15000 manat olan mebel və aksesuarların yığılıb quraşdırılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00767501 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən xxxnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14999,999 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, TXM001/04/24K nömrəli müqavilə qeyd edilmişdir.
10. xx.xx.2024-cü il tarixli hesab-fakturadan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən TXM/001/04/24K nömrəli müqavilə üzrə mebel və aksesuarların yığılıb quraşdırılması üçün ödəniləcək ƏDV daxil məbləğ 15000 təşkil edir (12711,86 manat əsas, 2288,14 manat ƏDV). Hesab-faktura tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 229 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, xxx tərəfindən Cavabdeh MMC-nin bank hesabına 6355,93 manat ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00767501 nömrəli elektron qaiməyə əsasən mebel və aksesuarların yığılıb quraşdırılması üçün ödəniş qeyd edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 230 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, xxx tərəfindən Cavabdeh MMC-nin bank hesabına 1144,07 manat ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00767501 nömrəli elektron qaimə üzrə ƏDV ödənişi qeyd edilmişdir.
13. Bakı Biznes Unuversiteti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025ci il tarixli, 162 nömrəli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 3 (üç) iş günü ərzində ödənilmiş məbləğin geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
16. İddia tələbinin bir hissəsini xx.xx.2024-cü il tarixli, TXM/001/04/24K saylı təchizat və xidmət müqaviləsinə əsasən cavabdehin bank hesabına ödənilmiş 6355,93 manat və 1144,07 manat ƏDV olmaqla, toplamda 7500 manatın geri qaytarılması təşkil edir.
17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, TXM/001/04/24K nömrəli təchizat və xidmət müqaviləsindən (podrat və alqı-satqı müqaviləsi) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləsinə əsasən icraçı sifarişçiyə müqavilədə qeyd olunan müddət və şərtlərlə malların çatdırılmasını həyata keçirir, sifarişçi isə razılaşma protokolunda qeyd olunduğu qaydada malların dəyərini sifarişçiyə ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi hər sifarişin dəyərinin 50%-ni əvvəlcədən avans olaraq ödəyir. xx.xx.2024-cü il tarixli, 1 nömrəli qiymət razılaşma protokluna əsasən 36 ədəd mebel və aksesuarların yığılıb quraşdırılması üçün yekun (ƏDV daxil) 15000 (on beş min) manat qiymət müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 229 nömrəli ödəniş tapşırığına əsasən sifarişçi tərəfindən icraçının bank hesabına 6355,93 manat (altı min üç yüz əlli beş manat doxsan üç qəpik), xx.xx.2024-cü il tarixli, 230 nömrəli ödəniş tapşırığına əsasən sifarişçi tərəfindən icraçının bank hesabına 1144,07 manat (min yüz qırx dörd manat yeddi qəpik) olmaqla, ümumilikdə 7500 manat (yeddi min beş yüz) avans məbləğ ödənilmişdir. Müqavilədə qeyd olunan mallar zamanında təhvil verilmədiyi üçün sifarişçi tərəfindən sifarişdən imtina edilmişdir. Beləliklə, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, yəni qabaqcadan ödəniş məbləğini almış cavabdehin əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyini, nəticədə iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını və cavabdeh tərəfindən tələb olunan məbləğdən 200 manatın ödənildiyini (iddiaçı tərəf təsdiq etmişdir) nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən 7300 manat (7500-200=7300) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
19. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən işin görülmədiyi halda pulun geriyə qaytarılmadığı dövr üçün hesablanmış 1500 manat cərimə məbləğinin tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 5.2-ci bəndinə əsasən icarçı malları müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verilməsini gecikdirdikdə sifarişçi hər gecikən gün üçün gecikdirilmiş malların dəyərinin 0,1% həcmində icraçıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 400 (dörd yüz) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
22. Eləcə də, iddiaçı 112 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 94,10 manat (doxsan dörd manat on qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7300 (yeddi min üç yüz) manat pul, 400 (dörd yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 94,10 manat (doxsan dörd manat on qəpik) olmaqla, ümumilikdə 7794,10 manat (yeddi min yeddi yüz doxsan dörd manat on qəpik) məbləğində pul vəsaiti xxxnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova