Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3558/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2020-ci il tarixli, 2001/0720 saylı daxili lizinq müqaviləsinə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən İddiaçı MMC, satıcı X3 və lizinq alan X6 arasında 2001/0720 nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən öz mülkiyvətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin dəqiq təsviri həmçinin bu müqavilənin ayrılmaz hissəsi olan və tərəflər arasında lizinq obyektinin təhvil-təslimi xarakterini daşıyan İ saylı Əlavədə də göstərilir. 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 43.000 (Qırx üç min manat 0 qəpik) AZN təşkil edir 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 3.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay 1 illik faiz dərəcəsi 29% təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 5.4-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 25-i tarixində bərabər miqdarda olmaqla 25 noyabr 2023-cü il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür (ödəniş-Lizinq müqaviləsinə 2 saylı Əlavədə olan ödəniş cədvəlinə uyğun müəyyən olunur). 7.2-ci bəndinə əsasən lizinq alan avtomobilin dəyərinin 30%-ni, yəni 12.900 (on iki min doqquz yüz manat 0 qəpik) AZN məbləğində avansı bu müqavilə imzalandığı andan 3 iş günü müddətində ödəməyi öhdəsinə götürür. Alınan lizinq məbləği avtomobilin dəyərinin 70%-ni, yəni 30.100 (otuz min bir yüz manat 0 qəpik) AZN təşkil edir. Lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri cədvəli (Bu müqaviləyə 2 saylı Əlavə) ilə müəyyən edilir. 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildivi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5% (sıfır tam onda beş faiz) məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Müqavilə lizinq alan və satıcının imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 2001/0720 nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavə olan nəqliyyat vasitəsinin göstəricilərinə əsasən müəyyən edilir ki, 2001/0720 nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti olan daf-yük yəhərli dartıcı və yük yarımqoşqusu (narko-furqon refrejerator), qiyməti 43000 manat olan, yarımqoşqunun Ban nömrəsi: YF1S3MBR15F025315, avtomobilin şassi nömrəsi: XLRTE47XS0E655098, ** JV *** və 99ZK 301 dövlət qeydiyyat nişanlı avtomobil və yarımqoşqu lizinq alana təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, lizinq obyektində texniki qüsurlar və çatışmamazlıqlar yoxdur. 1 Saylı Əlavə lizinq alanın imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. 2001/0720 nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan X6 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2020-ci ildir) xx.xx.2020-cü ildən başlayaraq xx.xx.2023-cü ilədək (daxil olmaqla) hər ay 1261,36 manat olmaqla cəmi 45398 manat (o cümlədən 30100 manat əsas borc, 15297,45 faiz borcu) lizinq ödənişlərini İddiaçı MMC-yə ödəməlidir. 2 Saylı Əlavə lizinq alanın imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Lizinq verən İddiaçı MMC, lizinq alan X6 və üçüncü tərəf Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 2001/0720 saylı daxili lizinq müqaviləsinə əlavə-saziş 01 bağlanmışdır. Həmin sazişin: 1.1-ci bəndinə əsasən sazişin predmeti. 2001/0720 saylı daxili lizinq müqaviləsində 1 ci (birinci) bəndində göstərilən lizinq verənin öz mülkiyyətinə alınmış 2001/0720 saylı lizinq müqaviləsinə İ saylı Əlavədə göstərilən nəqliyyat vasitəsi hesab olunur. 1.2-ci bəndinə əsasən 2001/0720 saylı daxili lizinq müqaviləsində göstərilən tərəflər dəyişir və 2001/0720 saylı daxili lizinq müqaviləsində lizinq alan qismində göstərilmiş. X6 2001/0720 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədiyinə görə 2001/0720 saylı X5 6.4.2. bəndinə uyğun olaraq, 2001/0720 saylı daxili lizinq müqaviləsində göstərilən hüquqlarını və vəzifələrini lizinq verənin yazılı razılığı ilə üçüncü tərəfə Cavabdeh2 verir. 1.3-cü bəndinə əsasən bu sazişin 1.2. bəndində qeyd olunan və bundan sonra. 2001/0720 saylı daxili lizinq müqaviləsində göstərilən lizinq alan yerinə, çıxış edən üçüncü tərəf Cavabdeh2 2001/0720 saylı daxili lizinq müqaviləsində göstərilən və müqavilədən irəli gələn tələbləri və öhdəlikləri öz öhdəsinə götürür. 1.5-ci bəndinə əsasən 2001/0720 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alan kimi tanınan Cavabdeh2 25000 manat cari lizinq borcunu illik 29% dərəcəsi ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürür. X1 və Cavabdeh2 imzası, İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Lizinq verən İddiaçı MMC ilə Cavabdeh1 (zamin) və lizinq alan Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zaminlik müqaviləsi lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında Bakı şəhərində bağlanmış 25 noyabr 2020-ci il tarixli 2001/0720 saylı daxili lizinq müqaviləsi və həmin müqaviləyə əlavə olaraq bağlanmış 14 Yanvar 2022-ci il tarixli sazişə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 2.5-ci bəndinə əsasən lizinq alan lizinq verən» qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə lizinq verən öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını lizinq alandan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin eldiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir Müqavilə lizinq alanın və zaminin imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. xx.xx.2022-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 2001/0720 saylı daxili lizinq müqaviləsinə əlavə sazişə və razılaşmaya 2 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh2 müqavilə bağlandığı vaxtdan 24 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2022-ci ildir) xx.xx.2022-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək (daxil olmaqla) hər ay 1384,99 manat olmaqla cəmi 33240 manat (o cümlədən 25000 manat əsas borc, 8239,34 faiz borcu) lizinq ödənişlərini İddiaçı MMC-yə ödəməlidir. 2 Saylı Əlavə lizinq alanın imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 2001/0720 saylı daxili lizinq müqaviləsinə əlavə saziş və razılaşma üzrə Cavabdeh2 əsas borcu 25000 manat, faiz borcu 14435 manat, cərimə borcu 38842 manat olmaqla, ümumi borcu 78.277 manat təşkil edir.
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubu ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh2 və Cavabdeh1 78277 manat məbləğində pul vəsaitinin 5 gün müddətində ödənilməsini təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
9. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25000 manat məbləğində lizinq borcunun, 14435 manat məbləğində faiz, 38842 manat məbləğində cərimə, cəmi 78.277 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödədikləri 325 manat məbləğinin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli 2001/0720 saylı daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 43000 manat olan 1 ədəd “DAF” yük yəhərli dartıcı markalı **-JV-*** qeydiyyat nömrəli və “NARKO” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqusu öz mülkiyyətinə keçirərək, X4 müvəqqəti sahiblik və istifadəyə vermişdir. X6 isə öz növbəsində 30100 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2022 tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 25 noyabr 2020-ci il tarixli 2001/0720 saylı daxili lizinq müqaviləsinə əlavə SAZİŞ-01 1.2 bəndinə əsasən 2001/0720 saylı daxili lizinq müqaviləsinə dəyişikliklər edilərək, lizinq alan qismində göstərilmiş X6 2001/0720 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədiyinə görə 2001/0720 saylı X5 6.4.2-ci bəndinə uyğun olaraq 2001/0720 saylı daxili lizinq müqaviləsində göstərilən hüquq və vəzifələrini lizinq verənin yazılı razılığı ilə üçüncü tərəfə - Cavabdeh2 verir və üçüncü tərəf-lizinq alan Cavabdeh2 2001/0720 saylı daxili lizinq müqaviləsindən irəli gələn tələbləri və öhdəlikləri öz öhdəsinə götürür. Cavabdeh2 daxili lizinq müaviləsinin Əlavə SAZİŞ-01 üzrə 24 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1385 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Sonra isə məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıya məxsus olan yük avtomobilini Dağıstan Respublikasının Mahaçqala şəhərində naməlum şəxslərə satmış, həmin şəxslər isə avtomobili parçalara ayıraraq satmışdırlar. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Eyni zamanda 14 yanvar 2022-ci il tarixli 2001/0720/ZM-02 saylı zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2022 tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 25 noyabr 2020-ci il tarixli 2001/0720 saylı daxili lizinq müqaviləsinə Əlavə SAZİŞ-01 əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 25 noyabr 2020-ci il tarixli 2001/0720 saylı X5 7.9-cu bəndinə əsasən,lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 14.1.-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448, 449 və 748-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c)İşdə iştirak edən şəxslər və onların izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Suallara cavab olaraq iddiaçının nümayəndəsi lizinq alandan lizinq obyektinin iddiaçıya geri qaytarılmasını tələb etmədiklərini bildirdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 522.1-ci maddəsinə əsasən reditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 21.Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə X6 (lizinq alan) arasında 2001/0720 nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən qiyməti 43000 manat olan lizinq obyekti olan dafyük yəhərli dartıcı və yük yarımqoşqusu X4 lizinqə verilmişdir. Bundan sonra İddiaçı MMC, X6 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 2001/0720 saylı daxili lizinq müqaviləsinə əlavə-sazişə əsasən yuxarıda göstərilən lizinq müqaviləsi üzrə X2 hüquq və öhdəlikləri Cavabdeh2 ötürülmüşdür. İddiaçı MMC ilə Cavabdeh2 və digər Cavabdeh1 arasında bağlanmış eynitarixli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh1 Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyindən lizinq müqaviləsi üzrə 25000 manat məbləğində əsas və faiz borcu 14435 manat məbləğində faiz borcu yaranmışdır. Hazırda İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir.
22. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətində lizinq lizinq verən olan İddiaçı MMC lizinq ödənişləri üzrə yaranmış borcun Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq alan Cavabdeh2 və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən lizinq alanın öhdəliklərinə zamin durmuş Cavabdeh1 müştərək qaydada tutulmasını tələb etmək hüququna malik olduğundan əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində iddia əsaslıdır.
23. Dəbbə pulunun tutulması tələbinə dair iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən əsas və faiz borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 1250 manat məbləğində müəyyən edilməlidir.
26. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 25000 manat məbləğində əsas, 14435 manat məbləğində faiz borcu və 1250 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 325 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 325 manat təşkil edir.
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 25000 manat məbləğində əsas, 14435 manat məbləğində faiz borcu və 1250 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.685 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva