Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3559/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023- cü il tarixli, AS23/065 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) Cavabdeh MMC (alıcı) arasında 14 iyul 2023-cü il tarixdə AS23/065 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş malları (bundan sonra "mallar" adlanacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malların dəyərini bu müqavilə və Əlavə Razılaşma əsasında Satıcıya ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən satıcı müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. 2.4.2-ci bəndinə əsasən malın qiymətini müqavilənin 4-cü bəndi ilə və əlavə razılaşma ilə müəyyən olunan şərtlərdə və qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. 2.4.3-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində etibarlıdır. Müqavilə müddətinin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən biri digərini müqavilənin xitam verilməsi barədə yazılı bildiriş vermədiyi təqdirdə müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab olunur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14 iyul 2023-cü il tarixli AS23/065 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmada müqavilənin predmeti olan malların materialı, ölçüsü, qiyməti və miqdarı göstərilmişdir. Həmin razılaşmaya əsasən: -Mallar 1 iş günü ərzində (sahənin məhsulları qəbul etməyə hazır olubolmamağından asılı olaraq) təhvil verilməli, ödəniş isə 14 gün ərzində icra edilməlidir. -Əlavə razılaşma tərəflər arasında qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan etibarən qüvvəyə minir və əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. -Ödənişin gecikdirilməsinə görə cərimə şərtləri: Gecikmə 10 gündən çox olduğu halda, gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% həcmində cərimə hesablanır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən 10891,62 manat (1661.43 manat məbləğində ƏDV daxil) dəyərində mal verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 182124 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimə İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli 6563 saylı təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən göndərilmiş mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Təhvil-təslim aktı tərəflərin imzası ilə təsdiq edilmişdir.
4. Bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBDK seriyalı, 182124 saylı elektron qaimə üzrə 4000 manat məbləğində ödəniş edilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a)İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2023-cü il tarixli №AS23/065 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 6172 manat vəsaitin və həmin vəsaitlərin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 2295,40 manat cərimənin, dəymiş zərərə görə 420 manat, həmçinin 300 manat məbləğində hüquqi yardım üçün xərclərin və ödənilmiş 112 manat dəyərində dövlət rüsumunun, ümumilikdə 9299,4 manat dəyərində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 14 iyul 2023-cü il tarixli AS23/065 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilənin tərkib hissəsi hesab edilən 18 iyul 2023-cü il tarixli 1 saylı əlavə razılaşma imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələblərinə əsasən iddiaçı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini müqavilə və əlavə razılaşma əsasında iddiaçıya ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə razılaşdırılmış mallar 18 iyul 2023-cü il tarixli 6563 nömrəli təhvil-təslim aktına əsasən, cavabdehə təhvil verilmiş və həmin təhviltəslim aktına əsasında iddiaçı tərəfindən alıcıya təqdim edilmiş, malların dəyərinin ödənilməsi məqsədilə tərtib olunan EBDK 182124 nömrəli xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən, 10891,62 dəyərində mal iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilmişdir. Eyni zamanda 18 iyul 2023-cü il tarixli 1 saylı əlavə razılaşmanın 7-ci bəndinin tələblərinə əsasən cavabdeh malların dəyərini əlavə razılaşma imzaladığı tarixdən 14 gün ərzində ödəməli, gecikmə 10 gündən çox olduğu halda, gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0.1% həcmində cərimə ödəməlidir. Müqavilənin yuxarıda qeyd edilmiş hesablaşma qaydasına dair öhdəliyə baxmayaraq cavabdeh tərəfindən elektron qaimə əsasında ödənilməli olan 10891.62 manat məbləğində ödəniş xx.xx.2023 tarixinədək icra edilməli olsa da, 111 gün gecikmə ilə xx.xx.2023 tarixində ödənişin 4720 manat məbləğində hissəsi icra olunmuşdur. Elektron qaimə əsasında ödənilməli olan 10891.62 manat məbləğində ödəniş xx.xx.2023 tarixinədək icra edilməli olsa da 111 gün gecikmə ilə xx.xx.2023 tarixində ödənişin ödənilən 4720 manat məbləğində hissəsinin gecikdirilməsi səbəbilə əlavə razılaşmanın 7-ci bəndinin tələblərinə əsasən hesablanmış cərimənin cəmi məbləği (4720*0,1%*111) 524 manat (beş yüz iyirmi dörd manat) təşkil edir. Həmçinin xx.xx.2023cü il tarixli EBDK 182124 nömrəli elektron qaimə əsasında ödənilməli olan 10891,62 manat məbləğində ödənişin 6172 manat hissəsi bu iddia ərizəsi təqdim edilən tarixinədək 287 gündür ödənilməmiş olaraq qalır. Əlavə Razılaşmanın 7-ci bəndinin tələblərinə əsasən qalıq ödəniş üçün hesablanmış cərimənin cəmi məbləği (6172*0,1%*287) 1771.4 manat təşkil edir. Bildirmək istəyirik ki, 1 may 2024-cü il tarixində 14 iyul 2023-cü il tarixli №AS23/065 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 6172 manat vəsaitin və həmin vəsaitlərin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 2215.02 manat cərimənin, ümumilikdə 8387.02 məbləğində vəsaitin 3 gün ərzində ödənilməsinin təmin edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə göndərilmiş, lakin bu iddia ərizəsi göndərilən tarixədək cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Nəzərə almaq lazımdır ki, alıcı tərəfindən pul vasitəsinin ödənilməsinin gecikdirilməsi nəticəsində satıcı öz fəaliyyətinə əlavə maliyyə vəsaitləri cəlb etməli olmuş və nəticədə satıcıya zərər dəymişdir. Həmin dəymiş zərərə mütənasib olaraq, mülki məcəllənin tələblərini və həmən dövr üçün mövcud olan Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsini nəzərə almaqla, 420 manat məbləğində cərimə hesablanmışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.2, 157.4, 442, 448.1, 449.1, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. ddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 449.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V.MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 14 iyul 2023-cü il tarixdə AS23/065 saylı alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 6172 manat təşkil edir.
19. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, təhvil-təslim aktlarını, eləcə elektron qaimə üzrə qismən ödəniş edilməsinə dair bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir.
20. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh MMC-dən 6172 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 2295,40 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.
25. Tələbin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın uçot dərəcəsi ilə 420 manat məbləğində pulun tutulması hissəsinə ümansibətdə məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanmasını sübut yetirə bilməmişdir. Odur ki, hazırkı halda işin faktiki halları Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiyasında əks olunmuş şərtlərlə uzlaşmadığından həmin hissədə iddia rədd edilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 112 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 110 manat təşkil edir.
28. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən ƏDV daxil 6172 manat məbləğində əsas borc, 300 manat məbləğində dəbbə pulu, cəmi 6472 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi olaraq 78 manat məbləğində pul vəsaiti və vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 300 manat tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva