Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-356/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, iddia müddətinin tətbiqi, subyektiv hüquq, öhdəliyin icrası müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tədarük edilmiş mallara görə yaranmış 2346,75 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında təsərrüfat məhsullarının tədarükünə dair razılaşmaya əsasən müxtəlif adlarda mallar cavabdehə satılmışdır. Tədarük edilmiş malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Cavabdehin tədarük edilmiş, satılmış malların dəyəri üzrə iddiaçıya 2346,75 manat borcu qalmışdır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
5. Ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçıya hər hansı bir borc mövcud deyildir. Eyni zamanda sənədlərdən də görünür ki, qalıq borc 2019-cu ili əhatə edir. Beləliklə, iddiaçı tərəfindən, hətta digər bütün sənədlər və sübut etmə bazası düzgün olsa idi belə, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bu səbəbdən cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilərək, iş üzrə iddia rədd edilməlidir. Bundan başqa iddiaçı istinad etdiyi müqaviləni təqdim etməmiş, təqdim edilən təhvil-təslim aktları cavabdeh tərəfindən imzalanmamış, orada sadəcə olaraq, şəxsiyyəti cavabdehə məlum olmayan İ.Qadirin imzası olmuş, cavabdehin möhürü mövcud olmamışdır. Yəni malların cavabdeh tərəfindən alınması sübuta yetirilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli təhvil-təslim aktında olan qəbul edənin imzası ilə xx.xx.2019-cu il tarixli aktdakı qəbul edənin imzasının eyni olması böyük şübhə doğurur.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, həmin öhdəlik üzrə ayrı-ayrı vaxtlarda mal mübadiləsi olmuş, malların dəyərinin bir hissəsi ödənilmiş, cavabdehin 2346,75 manat borcu qalmışdır.
7. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə əlaqədar bildirdi ki, mülki qanunvericilikdə nəzərdə tutulan üç illik iddia müddəti məhz tərəflərin hüquq və vəzifələrinin, qüvvədə olma müddətinin təsbit edildiyi yazılı müqavilələrdən irəli gələn öhdəliklər üçün göstərilmişdir. Hazırda isə tərəflər arasında hər hansı yazılı müqavilə olmadığından ümumi iddia müddəti – 10 il tətbiq edilməlidir.
8. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iştirakları olmadan işə baxılmasını və iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2019-cu il BD-2255 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 1287,10 manat, xx.xx.2019-cu il tarixli BD-2271 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 891,65 manat və xx.xx.2019-cu il tarixli BD-2284 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 168 manat olmaqla 2346,75 manat məbləğində mal “X2” adlı müştəriyə təhvil alan qismində İ.Qadir tərəfindən imzalanmaqla verilmişdir.
13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli EBAC 289619 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş, “Qafqaz Business xx.xx.2019” əlavə qeydi ilə) ƏDV daxil olmaqla 168 manat, EBAC 289388 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş, “Qafqaz Business xx.xx.2019” əlavə qeydi ilə) 891,64 manat, xx.xx.2019-cu il tarixli EBAE 336898 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş, “Qafqaz Business xx.xx.2019” əlavə qeydi ilə) 1287,10 manat məbləğində malın verilməsi üçün tərtib edilmişdir, iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı münasibəti olmuş, iddiaçı müvafiq malları cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul edərək müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktları və onlar əsasında tərtib edilərək təqdim edilmiş xx.xx.2019-cu il tarixli EBAC 289619, EBAC 289388, xx.xx.2019-cu il tarixli EBAE 336898 seriya və nömrəli elektron qaimələr üzrə ümumilikdə 2346,75 manat dəyərində malı cavabdehə təqdim etmişdir.
15. İddiaçı adıçəkilən alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 2346,75 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək, malların təqdim edilmədiyini bildirir və iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini xahiş edir.
17. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alan iddia müddətini tətbiq etməklə iddianı rədd edə bilər.
18. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
19. Məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqelərə uyğun olaraq iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin subyektiv hüququn pozulub-pozulmaması məsələlərin araşdırılmasını və iddianın hüquqi əsası ilə bağlı alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
20. Cavabdeh məhkəməyə ünvanladığı ərizələrində iddiaçıya hər hansı borcu olmadığını, qeyd edilən malları almadığını bildirsə də, “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, tərəflər arasında daha əvvəl də - xx.xx.2019-cu il tarixdə və daha sonra da – xx.xx.2019-cu il, xx.xx.2020-ci il və s. tarixlərində alqı-satqı münasibətləri mövcud olmuş, həmin elektron qaimələrdə də “X2”in müştəri kimi qeyd edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli EBAF 867544 seriya və nömrəli elektron qaimənin ləğv üçün geri qaytarılması da elektron qaimələrə cavabdehin sayıq nəzarətinin olduğunu və xx.xx.2019-cu il tarixli EBAC 289619, EBAC 289388, xx.xx.2019-cu il tarixli EBAE 336898 seriya və nömrəli elektron qaimələrin sistem tərəfindən təsdiqlənməsinin cavabdehin iradəli seçimi ilə baş verdiyini göstərir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən dəyəri ödənilən elektron qaimələr də sistem tərəfindən təsdiqlənmiş və “X2”in müştəri kimi qeyd edilmişdir.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Beləliklə, iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edilir. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd edir.
28. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Göründüyü kimi, mülki qanunvericilikdə müqavilə tələbləri (daşınmaz əşyalarla bağlı istisna olmaqla) üzrə iddia müddəti üç müəyyən olunmuş və iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyinin əksinə, bu müddət müqavilənin formasından asılı edilməmişdir.
32. Digər tərəfdən, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
33. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
34. Bu mənada Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
36. Göründüyü kimi, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində təhvil verilmiş mallar üzrə xx.xx.2019-cu il tarixli EBAC 289619, EBAC 289388, xx.xx.2019-cu il tarixli EBAE 336898 seriya və nömrəli elektron qaimələrin tərtib edilərək cavabdehə təqdim edilmişdir. Bundan sonra malların dəyərinin ödənilməsi ilə bağlı hər hansı güzəşt müddəti müəyyən olunmasına dair iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Əksinə iddia ərizəsinə əlavə olunan xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş) pretenziya məktubundan görünür ki, iddiaçı qeyd olunan borc məbləğinin ödənilməsi üçün dəfələrlə xəbərdarlıq edildiyini qeyd etmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, elektron qaimələr təqdim olunduğu andan cavabdeh 7 gün ərzində müvafiq ödənişləri ödəməli olduğu halda, öhdəliyini icra etməmiş, kreditorun xx.xx.2019 və xx.xx.2019-cu il tarixli elektron qaimələr üzrə müvafiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixdən öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ əmələ gəmişdir.
37. Bu mənada iddia müddətinin axımı EBAC 289619, EBAC 289388 seriya və nömrəli elektron qaimələr üzrə xx.xx.2019-cu il tarixdən, EBAE 336898 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2020-ci il tarixdən başlamış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür. Həmçinin mediasiyanın tətbiqi barədə təklifinin xx.xx.2023-cü il tarixdə göndərildiyi nəzərə alındığında iddia müddətinin dayandırılması və ya kəsilməsi halı da müəyyən olunmur.
38. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 2346,75 manat məbləğində pulun tutulması tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı həmçinin 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
41. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01346 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
44. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
45. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Beləliklə, iddia tələbinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova