Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3568/2025 30.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq 575250 manat əsas borc, 86250 manat gecikdirmə faizi olmaqla, cəmi 661500 (altı yüz altmış bir min beş yüz) manat, 500 manat vəkil xərci və dövlət rüsumu olaraq ödənilmiş 951 manat məbləğin cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirket”nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirket”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq ümumi dəyəri 575250 manat olan 5 ədəd “Howo” markalı, “ZZ3327S3847E” model özüboşaldan avtomobili qarşı tərəfə təhvil vermiş və öz öhdəliklərini tam və əksiksiz olaraq icra etmişdir. Avtomobillər Azərbaycan Respublikası Baş X3 İdarəsində 28 iyun 2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqavilələri ilə cavabdeh şirkətin adına rəsmiləşdirilmiş və aşağıda qeyd olunan dövlət nömrə nişanı verilərək X1 Şəhadətnaməsi ilə təmin edilmişdir: qeydiyyat nişanı 77JB124, mühərrik nömrəsi **********57, ban nömrəsi LZZ5DMSD0NAO13219, qeydiyyat nişanı 77JB136, mühərrik nömrəsi **********87, ban nömrəsi LZZ5DMSD3NAO13215, qeydiyyat nişanı 77JB134, mühərrik nömrəsi **********87, ban nömrəsi LZZ5DMSD5NAO13216, qeydiyyat nişanı 77JP296, mühərrik nömrəsi **********07, ban nömrəsi LZZ5DMSD7NAO13217, qeydiyyat nişanı 77JB130, mühərrik nömrəsi **********57, ban nömrəsi LZZ5DMSD9NAO13218. Həmin nəqliyyat vasitələri hal-hazırda da cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməkdədir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh tərəfə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə ödəniş etməkdən boyun qaçırılmış, göndərilmiş elektron qaimə geri qaytarılmışdır. Qeyd olunanlara və müvafiq sənədlərə əsasən cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirket”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq 575250 (beş yüz yetmiş beş min iki yüz əlli) manat əsas borcu İddiaçı MMC-nin xeyrinə aşağıdakı məbləğdə vəsaiti ödəməlidir. Həmçinin illik 5% olaraq 3 il üçün hesablanmış gecikdirmə faizi (əsas borc 575250 x 5% gecikdirmə faizi x 3 il) – 86250 manat iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 449.2, 460.1, 598.1, 600.5-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.1 və 3.2.1-ci bəndlərində ödənişin tamamı əmlak təhvil alınmaqla eyni vaxtda və ya ondan əvvəl ödənməli idi. Yəni, heç bir halda əmlak təhvil verilirsə, ödənişin sonraya qalması mümkün deyildir. Həmçinin həmin müqavilənin 4.4-cü bəndinə əsasən təhvil-təslim aktı tərtib olunduqdan və imzalandıqdan sonra əmlak qəbul edilmiş hesab edilir. Avtomobillərin qəbul edilməsinə dair heç bir təhvil-təslim aktı mövcud deyil. Bu isə avtomobillərin iddiaçı tərəfdən Kolinə satıldığını istisna edən haldır. Bundan əlavə, iddiaçı iddia ərizəsində 575250 manat əsas borc və 3 il üçün hesablanmış gecikdirmə faizi (əsas borc 575250 x 5% gecikdirmə faizi x 3 il) - 86250 manat dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Bildirilir ki, iddiaçının iş materiallarına əlavə etdiyi elektron qaimə-fakturanın tarixi xx.xx.2025-ci ildir. Yəni, iddiaçı iddiası əsaslı olduğu təqdirdə belə illik 5% olan gecikdirmə faizini sadəcə xx.xx.2025-ci il tarixindən (elektron qaimə-faktura göndərildiyi tarix) - xx.xx.2025-ci il tarixinədək (məhkəməyə iddia ərizəsi verildiyi tarix) olan 2 aydan az olan dövrü tələb etmək hüququna malikdir. Həmçinin bildirilir ki, nəqliyyat vasitələrinin alqı-satqısı və dövlət qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə” ilə təsbit edilmişdir. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 orqanlarında uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, alqı-satqı müqaviləsi, tranzit nişanları və bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır. İddiaçının guya satdığı avtomobillər “HOWO” markalıdır və onların istehsal ölkəsi Çin Xalq Respublikasıdır. Lakin həmin avtomobillərin iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilməsi barədə yük gömrük bəyannamələri və ya iddiaçıya məxsusluğunu təsdiq edən digər qanunla müəyyən edilmiş sənədlər məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar əsasında hesab edilir ki, iddiaçının iddia ərizəsində göstərdiyi avtomobillərin cavabdehə satılması faktı sübut olunmamışdır və iddia əsassızdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi və qeyd etdi ki, müqavilə DYP-də bağlanılıb. Qaydalara əsasən əgər ödəniş olunmasa idi, müqavilə DYP-də qeydiyyata alınmazdı. Cavabdeh tərəfindən ödəniş olunubdur, lakin bununla bağlı hər hansı sənəd yoxdur. Müqavilələrin bağlanılması mübahisələndirilmir, eyni zamanda müqavilədəki qiymətlər də. Əvvəl də maşınlar alınıb və ödənişlər köçürmə yolu ilə edilibdir. İstənilən halda elektron qaimə olmasa, ödəniş edilmir. Qaimə geri qaytarılıbdır. İddianın rədd edilməsi xahiş edilir.
7. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1 saylı əlavəsində göstərilmiş Howo markalı, özüboşaldan avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən alıcı müqavilə imzalandıqdan sonra, əmlakın 1 saylı əlavədə razılaşdırılan qiymətinin 100%-ni mal təhvil verildikdə ödəməlidir; 3.1.1-ci bəndinə əsasən satıcı əmlakın dəyərinin alınması və alıcı tərəfindən müqavilə ilə onun üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir; 3.4.2-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş qaydada əmlakın dəyərini satıcıya ödəməlidir; 4.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan şərtlərlə ödəniş daxil olduqdan sonra satıcı alıcıya əmlakı təhvil verir; 2.3-cü bəndinə əsasən bütün ödənişlər köçürmə yolu ilə həyata keçirilir; 4.4-cü bəndinə əsasən təhvil-təslim aktı tərtib olunduqdan və imzalandıqdan sonra əmlak qəbul edilmiş hesab edilir və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir; 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə müəyyən olunan öhdəliklərinin icrasına görə məsuliyyət daşıyırlar; 5.2-ci bəndinə əsasən tərəflər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, digər tərəf müqavilənin xitamını və dəymiş zərərin ödənilməsini tələb edə bilər; 5.3-cü bəndinə əsasən satıcı zəmanət verir ki, əmlakın keyfiyyəti istehsalçı-zavodun göstəricilərinə cavab verir və uyğunluq sertifikatı ilə təsdiq olunur; 5.4-cü bəndinə əsasən istismar qaydalarına əməl edilməsi və reqlamentdə nəzərdə tutulmuş bütün texniki xidmətlərin satıcıya məxsus servisdə həyata keçirilməsi şərti ilə, satıcı maşın üçün 12 ay və ya 50000 km, əmlaka zəmanət verir; 6.1-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulan vaxtından əvvəl ləğv etmə halları istisna olmaqla, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2022-ci il tarixli, 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər ümumi dəyəri 575250 manat olan 5 ədəd avtomobilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Əlavənin 2-ci bəndinə əsasən bu əlavə, müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyd-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya cədvəldə göstərilən avtomobili satır, alıcı isə həmin avtomobilləri qəbul edir və müqavilənin 2-ci bəndində göstərilmiş məbləği satıcıya ödəyir: Howo markalı, ağ rəngli, özüboşaldan, ban nömrəsi LZZ5DMSD9NA013218, mühərrik nömrəsi **********57; 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil 115050 manat təşkil edir; 3.1-ci bəndinə əsasən satıcı satdığı avtomobillə 12 ay və ya 50000 km zəmanət verir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya cədvəldə göstərilən avtomobili satır, alıcı isə həmin avtomobilləri qəbul edir və müqavilənin 2-ci bəndində göstərilmiş məbləği satıcıya ödəyir: Howo markalı, ağ rəngli, özüboşaldan, ban nömrəsi LZZ5DMSD7NA013217, mühərrik nömrəsi **********07; 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil 115050 manat təşkil edir; 3.1-ci bəndinə əsasən satıcı satdığı avtomobillə 12 ay və ya 50000 km zəmanət verir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya cədvəldə göstərilən avtomobili satır, alıcı isə həmin avtomobilləri qəbul edir və müqavilənin 2-ci bəndində göstərilmiş məbləği satıcıya ödəyir: Howo markalı, ağ rəngli, özüboşaldan, ban nömrəsi LZZ5DMSD5NA013216, mühərrik nömrəsi **********87; 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil 115050 manat təşkil edir; 3.1-ci bəndinə əsasən satıcı satdığı avtomobillə 12 ay və ya 50000 km zəmanət verir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya cədvəldə göstərilən avtomobili satır, alıcı isə həmin avtomobilləri qəbul edir və müqavilənin 2-ci bəndində göstərilmiş məbləği satıcıya ödəyir: Howo markalı, ağ rəngli, özüboşaldan, ban nömrəsi LZZ5DMSD3NA013215, mühərrik nömrəsi **********87; 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil 115050 manat təşkil edir; 3.1-ci bəndinə əsasən satıcı satdığı avtomobillə 12 ay və ya 50000 km zəmanət verir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, 20.06.22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya cədvəldə göstərilən avtomobili satır, alıcı isə həmin avtomobilləri qəbul edir və müqavilənin 2-ci bəndində göstərilmiş məbləği satıcıya ödəyir: Howo markalı, ağ rəngli, özüboşaldan, ban nömrəsi LZZ5DMSD0NA013219, mühərrik nömrəsi **********57; 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil 115050 manat təşkil edir; 3.1-ci bəndinə əsasən satıcı satdığı avtomobillə 12 ay və ya 50000 km zəmanət verir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 11526947 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 575250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi qeyd edilmişdir. Həmin qaimə cavabdeh tərəfindən geri qaytarılmışdır.
15. İddiaçı tərəfindən iş materiallarına gömrük bəyannamələri əlavə edilmişdir. Həmin bəyannamələrdən müəyyən olunur ki, yuxarıda qeyd olunan 5 ədəd Howo markalı nəqliyyat vasitəsi 2022-ci ilin iyun ayında ölkəyə idxal olunmuş və idxalatçı İddiaçı MMC olmuşdur.
16. İş materiallarına nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri əlavə olunmuşdur.
17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş çıxarışından müəyyən olunur ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin predmeti olan avtomobillər Baş X3 İdarəsi tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adına qeydiyyat alınmışdır.
18. İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan borcun 4 (dörd) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 1 saylı əlavəsində göstərilmiş Howo markalı, özüboşaldan avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın qəbul edilməsini və dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən tərəflər ümumi dəyəri 575250 manat olan 5 ədəd avtomobilin (hər birinin ayrılıqda qiyməti ƏDV daxil 115050 manat olmaqla) alqı-satqısı barədə razılığa gəlmişlər. Gömrük bəyannamələrindən görünür ki, nəqliyyat vasitələri 2022-ci ilin iyun ayında ölkəyə idxal olunmuş və idxalatçı İddiaçı MMC olmuşdur. İddiaçı tərəfindən cavabdehə satılmış həmin nəqliyyat vasitələri Baş X3 İdarəsi tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adına qeydiyyat alınmışdır.
22. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilələr üzrə nəqliyyat vasitələrinin qiymətini təşkil edən 575250 manat pul vəsaitinin tutulması təşkil edir.
23. İddiaçı cavabdeh tərəfindən qəbul etdiyi əmlakın dəyərinin ödənilmədiyini iddia edərək, göstərilən vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, avtomobillərin dəyərinin həmin avtomobillər qəbul edilən vaxt ödənildiyini bildirmişdir.
24. Məhkəmə qanunvericilik normalarını, cavabdehin qəbul etdiyi avtomobillərin əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddianı həmin hissədə əsaslı, etirazı isə əsassız sayaraq belə nəticəyə gəlir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 575250 manat (beş yüz yetmiş beş min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, müqavilə predmeti olan avtomobillərin hər birinin ayrılıqda qiyməti ƏDV daxil 115050 manat təşkil edir. Belə olduqda, müqavilə üzrə ödənilməli olan ümumi məbləğ 115050x5=575250 manat təşkil edəcək. Qeyd edilən məbləğ tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan qiymət razılaşma protokolu ilə də təsdiqlənir. Həmin protokol və ayrı-ayrılıqda avtomobillərin satışını təsdiq edən müqavilələr Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh öz etirazında avtomobillər qəbul olunduğu vaxt ödənişlərin edildiyini qeyd etmişdir. Tərəflər arasında bağlanmış 2.3-cü bəndinə əsasən bütün ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Cavabdeh isə nağd və ya köçürmə yolu ilə ödənişlərin həyata keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
25. İddia tələbinin digər hissəsi cavabdehdən 86250 manat məbləğində faiz borcunun tutulmasından ibarətdir.
26. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalı, bank uçot dərəcəsinə uyğun olaraq 40267,50 manat (qırx min iki yüz altmış yeddi manat əlli qəpik) faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
27. Belə ki, MM-nin 598.3-cü maddəsinin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər; 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər və bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qətnamə çıxarıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi 7% olmuşdur.
28. Beləliklə, alıcı olan cavabdeh aldığı əmlakın dəyərini vaxtında ödəmədiyindən, satıcı-iddiaçının əmlakın dəyərinin ödənilməsi ilə yanaşı, 449-cu maddəyə uyğun faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmin məbləğ isə 40267,50 manat təşkil edəcək (575250x7%:100=40267,50).
29. Eləcə də, iddiaçı 500 manat vəkil xərci və dövlət rüsumu olaraq ödənilmiş 951 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 885,40 manat (səkkiz yüz səksən beş manat qırx qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 575250 manat (beş yüz yetmiş beş min iki yüz əlli) manat borc, bank uçot dərəcəsinə uyğun olaraq 40267,50 manat (qırx min iki yüz altmış yeddi manat əlli qəpik) faiz məbləği, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 885,40 manat (səkkiz yüz səksən beş manat qırx qəpik) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova