Məhkəmə qərarları › İş №e-2-2(113)-3571/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3571/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3571/2021 21.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 8707,77 manat əsas borcun, 870 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 9607,77 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “"Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh ASC arasında 28 yanvar 2019-cu il tarixli BM-026/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "Borusan Makina və Güç Sistemləri Sanayi və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ASC-nin xüsusi texnikalarına servis xidmətləri göstərilmiş və eyni zamanda ehtiyat hissələri satılmışdır. Göstərilmiş xidmətlərin və satılmış ehtiyat hissələrinin ümumi dəyəri ədv daxil 8707,77 manat təşkil etmişdir. Qeyd edilən işlərin və satılmış malların elektron qaimələri ödənilmək üçün Cavabdeh ASC-yə elektron qaydada göndərilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Tərəflər arasında imzalanmış 28.01.2019-cu il tarixli BM-026/19 saylı müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi/Alıcı tərəfindən ödəniş müvafiq elektron qaimə və hesab faktura təqdim edildikdən sonra 5 iş günü müddətində İcraçının/Satıcının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən dəfələrlə edilmiş şifahi xəbərdarlığa və ödəniş müddətindən 14 ay keçməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən qeyd edilən borc məbləği ödənilməmişdir. Cavabdehə Elektron Qaimələr əsasında ehtiyat hissələrinin satışı və servis xədmətlərinin göstərilməsi həyata keçirilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Elektron qaimə-fakturalar üzrə “Borusan Makina və Güc Sistemləri və Tic.A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ASC ümumilikdə ədv daxil 8707,77 manat məbləğində ehtiyat hissələri verilmiş, eyni zamanda texniki xidmət göstərilmiş və cavabdeh tərəfindən elektron qaydada təhvil alınmışdır. Cavabdeh təşkilata müxtəlif tarixlərdə (05.01.2021-25.01.2021) borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilərək pretenziyalar göndərilmiş, sonuncu dəfə 22.06.2021-ci il tarixdə “borcun ödənilməsi ilə bağlı” pretenziya məktubu təqdim edilsə də borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmişdir (çatdırılma qəbzləri əlavə edilir). Məhkəmə iclasında iştirak edən iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 yanvar 2019-cu il tarixli BM-026/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsində görünür ki, həmin müqavilə “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh ASC arasında bağlanmışdır. Müqvilənin 1.1-ci bəndinə əsasən, icraçı\satıcı, sifarişçi/alıcının təsdiq etdiyi sifarişlər əsasında və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyyat hissələri ilə təmin etməyi, Sifarişçi isə bu xidmət və malların haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Sifarişçi/Alıcı tərəfindən ödəniş xidmətlər göstərildikdən və Mallar təhvil verildikdən sonra faktiki göstərilmiş xidmətlərə görə müvafiq təhvil-təslim aktının (bundan sonra “akt” adlandırılacaq) imzalanmasından, müvafiq elektron qaimə-faktura və hesab faktura təqdim edildikdən sonra 5 iş günü ərzində icraçının müqavilədə gösətərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə xidmətlərin və ehtiyyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğinin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% artıq olmamaq şərti ilə). İddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi tərəfindən təqdim edilmiş 30.01.2020-ci il tarixli, EBAF seriyalı 711980 nömrəli elektron qaimə üzrə 927,79 manat, 30.01.2020-ci il tarixli, EBAF seriyalı 56577 nömrəli elektron qaimə üzrə 1552,35 manat, 30.01.2020-ci il tarixli, EBAF seriyalı 655781 nömrəli elektron qaimə üzrə 511,03 manat, 12.02.2020-ci il tarixli, EBAG seriyalı 291061 nömrəli elektron qaimə üzrə 2386,13 manat, 15.04.2020-ci il tarixli, EBAİ seriyalı 826648 nömrəli elektron qaimə üzrə 1880,11 manat, 16.04.2020-ci il tarixli, EBAİ seriyalı 868116 nömrəli elektron qaimə üzrə 1092,51 manat, 08.05.2020-ci il tarixli, EBAJ seriyalı 688690 nömrəli elektron qaimə üzrə 357,85 manat məbləğində mallar Cavabdeh ASC-yə verilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2 və 467-ci maddələri). Göründüyü kimi iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi və Cavabdeh ASC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 28 yanvar 2019-cu il tarixli BM-026/19 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketi tərəfindən Cavabdeh ASC-yə 8707,77 manat məbləğində malların satılsa da, alıcı alınan mallara görə 8707,77 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc tələbi hissəsində əsaslı olduğundan təmin edilməli, bununla yanaşı məhkəmə iddia tələbinin cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 92,23 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 91,87%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 91,87%-i, yəni 27,56 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-dən 8707,77 manat əsas borc, 92,23 manat cərimə cəmi 8800 manat və dövlət rüsumu kimi ödənilmiş 27,56 manat məbləğində pul tutularaq iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 8707,77 manat əsas borc, 92,23 manat cərimə cəmi 8800 manat və dövlət rüsumu kimi ödənilmiş 27,56 manat məbləğində pul tutularaq iddiaçı "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar