Məhkəmə qərarları › İş №e-2-2(113)-3578/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3578/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3578/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 120.485 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 17.068 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 430 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış 23 iyul 2021-ci il tarixli qiymət-razılaşdırma protokoluna əsasən alqı-satqı predmeti olan “Sinklənmiş metal vərəqə”lərin dəyəri ƏDV daxil 195.272,06 manat təşkil etmişdir. Bu məbləğin 165.485 manatı malların dəyəri, 29.787,06 manatını isə ƏDV təşkil edir. 23 iyul 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 195.272,06 manat dəyərində elektron qaimə faktura göndərilmişdir. Cavabdeh 31 avqust 2021-ci il tarixdən 12 aprel 2022-ci il tarixinə qədər olan dövr ərzində 29.787,06 manat məbləğində ƏDV-ni 5 dəfəyə ödəmişdir. Lakin, malların dəyərindən cavabdehin 120.485 manat məbləğində borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilmiş alqı-satqı müqaviləsi üzrə tərəflər qiymət razılaşma protokolunu imza və möhürləri ilə təsdiq etməklə dəyəri 195.272,06 manat olan sinklənmiş metal vərəqlərin alqı-satqısı barədə razılığa gəlmişlər.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

13. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 195.272,06 manat olan xx.xx.2021-ci il tarixli EBBF 271196 saylı elektron qaimə göndərilmişdir.

14. Qeyd edilmiş elektron qaiməyə nəzər yetirildikdə görünür ki, qaimədə qeyd edilmiş məbləğ və mallar, tərəflər arasında imzalanmış qiymət razılaşma protokolunda göstərilən məbləğlə və sadalanmış 3 adda olan mallarla üst-üstə düşür.

15. Bundan başqa işə əlavə edilmiş ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, qiymət razılaşma protokolu və elektron qaimədə göstərilmiş ƏDV məbləği olan 29.787,06 manat məbləğində pul Cavabdeh MMC tərəfindən tam olaraq ödənilmişdir.

16. Qeyd olunan hallar isə o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətəndə dəyəri 195.272,06 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

17. İddiaçı tərəf verilmiş olan 195.272,06 dəyərdə maldan 29.787,06 ƏDV ödənişinin və 45.000 əsas məbləğin ödənildiyini qeyd edərək, cavabdehin ödənilməmiş 120.485 manat borcunun qaldığını bildirir.

18. Cavabdeh tərəf də, məhkəmə iclasına gəlməmiş, iddiaya münasibətini (etirazını) bildirməmiş və verilmiş malların dəyərinin ödənilməsi barədə sənədləri məhkəməyə təqdim etməmişdir.

19. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 120.485 (195.272,06-29.787,06- 45.000) manat məbləğində pul tutulmalıdır.

20. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 17.068 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

21. İşə əlavə edilmiş ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəf ona göndərilmiş olan xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə nəzərdə tutulmuş ƏDV məbləğini ilk dəfə xx.xx.2021-ci il tarixdə 2.700 manat məbləğində etmişdir.

22. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf ƏDV məbləğindən ilk ödənişini qeyd edilmiş tarixdə ödəməklə məhz öhdəliyin icrasının həmin andan çatması halını qəbul etmişdir və buna görə də, qeyd edilmiş tarixdən sonra iddiaçının Məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək cavabdeh öz öhdəliyinin icrasını gecikdirmişdir.

23. Belə olan halda, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 32 ay keçməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 16.064,66 (120.485x5/100=6.024,25 (12 ay üçün) 6.024,25/12=502,02 (1 ay üçün) 502,02x32=16.064,66 (32 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426,55 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 120.485 (bir yüz iyirmi min dörd yüz səksən beş) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 16.064 (on altı min altmış dörd) manat, 66 (altmış altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 426 (dörd yüz iyirmi altı) manat, 55 (əlli beş) məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar