Məhkəmə qərarları › İş №e-2-2(113)-3579/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3579/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3579/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-dən 15 noyabr 2023-cü il tarixli, SPARK0133/2023 saylı alqı-satqı müqaviləsi üzrə 4485 manat əsas borc, 1000 manat cərimə, 74,85 manat dövlət rüsumu, cəmi ümumilikdə 5559,85 manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 15 noyabr 2023-cü il tarixli, SPARK-0133/2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyərinin bir hissəsi ödənilsə də, hal-hazırda "xxxx" MMC-nin ƏDV daxil 4485 manat məbləğində borcu mövcuddur. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 28 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən Alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfr tam yüzdə bir) faiz məbləğində cərimə ödəyir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli SPARK- 0133/2023 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı satıcı tərəfindən ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən 28 iş günü ərzində ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir.

13. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 % (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.

14. 22.12.2023-cü il tarixli 750340 saylı e-qaimə ilə 3068 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 024073 saylı e-qaimə ilə 649 manat məbləğində və xx.xx.2024-cü il tarixli, 794782 saylı e-qaimə ilə 3717 manat məbləğində e-qaimə göndərilmişdir.

15. Tərəflər arasında cari balansın müəyyən edilməsinə dair tərtib edilmiş sənəddə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə borcu 7434 manat müəyyən edilmiş və sənəd hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

16. 12.09.2024-cü il tarixli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən 2500 manat məbləğində ödəniş edilmişdir.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli SPARK-0133/2023 saylı alqısatqı müqaviləsinin 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi, o cümlədən müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı satıcı tərəfindən ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən 28 iş günündə ödəməyi öhdəsinə götürmüşdür.

26. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh iddiaçının müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

27. İşdə olan sübutlar, yəni müqavilə, qiymət razılaşma protokolu, borcun qarşılıqlı müəyyən edilməsinə dair sənəd və qismən ödəniş iddiaçı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə sübutdur.

28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlara təsdiqini tapdığı üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

29. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 1000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 9.4-cü bəndinə istinad etmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

32. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 224 manat məbləğində müəyyən edilməlidir.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 4485 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4485 manat məbləğində əsas borc və 224 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 75 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün (təmin edilən məbləğə mütənasib olaraq) dövlət rüsumunun əvəzi qismində 68 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli SPARK-0133/2023 saylı müqavilə üzrə 4485 manat əsas borc məbləği, 224 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 68 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar