Məhkəmə qərarları › İş №e-2-2(113)-3581/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3581/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3581/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında malların alqı-satqısına dair şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil təslim aktları ilə 5160,29 manat və 1406,87 manat, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 180,48 manat, xx.xx.2024cü il tarixli təhvil təslim aktları ilə 270,72 manat və 2589,13 manat məbləğində (cəmi: 9607,49 manat) mallar cavabdehə təhvil verilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə verilmiş malların ödənilməsinə dair 5160,29 manat məbləğində MT2405 seriyalı, 10899830 saylı elektron qaimə, 1406,87 manat məbləğində MT2405 seriyalı, 10899832 saylı elektron qaimə, 180,48 manat məbləğində MT2405 seriyalı, 11182279 saylı elektron qaimə, 2589,13 manat məbləğində MT2406 seriyalı, 10024481 nömrəli elektron qaimə, 270,72 manat məbləğində MT2406 seriyalı, 10024482 nömrəli elektron qaimə göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 9,379.45 manat borcunun və ödənilmiş 113.80 manat dövlət rüsumunun, cəmi 9,493.25 manat məbləğin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında BB/042 nömrəli “Məhsulların alqı-satqı müqaviləsi” imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən “iddiaçıdan müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 9,379.45 manat məbləğində olan borcu hazırki vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cababdehə 10899830 saylı, xx.xx.2024-cü il tarixli; 10899832 saylı, xx.xx.2024-cü il tarixli; 11182279 saylı, xx.xx.2024-cü il tarixli; 10024481 saylı, xx.xx.2024-cü il tarixli; 10024482 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə iddiaçının nümayəndəsi vasitəsilə cababdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. Daha sonra, cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixli “Pretenziya” məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

13. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

15. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

20. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

21. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının əşyanı (malı) qəbul etmək öhdəliyi isə müqavilə bağlandığı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada müqavilə bağlanmışdır. Tərəflər arasında müqavilənin şifahi formada bağlanması malların cavabdeh tərəfindən qəbul edilməsi ilə də təsdiq olunur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqısatqısına dair müqavilələrin yazılı formada bağlanılması istisna olmaqla, alqı-satqı müqaviləsinin mütləq yazılı formada bağlanılmasına dair qanunda məcburi şərt nəzərdə tutulmamışdır. Malların təhvil-qəbul aktları və qaimə-fakturalarda göstərilən qida məhsulları da daşınar əşyalar olduğundan onların alqı-satqısına dair müqavilənin yazılı formada bağlanılması qaydası qanunla tələb edilmədiyindən, məhkəmə hesab edir ki,Malların təhvil-qəbul aktlarının və elektron qaimələrin mövcudluğu, habelə orada göstərilən əşyaların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən də qəbul edilməsi, hətta bu qayda ilə tərəflər arasında malların satılması və sonradan dəyərinin ödənilməsi ilə bağlı davam edən işgüzar qaydanın mövcud olması onlar arasında şifahi formada alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən əsaslar kimi nəzərə alınmalıdır.

23. Beləliklə, məhkəmə araşdərması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, Malların təhvil-qəbul aktında qiyməti də göstərilən sayda malları cavabdehə təhvil verməklə öhdəliyini yerinə yetirmişdir.

24. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına ilə bağlı öhdəliyini yerinə yetirməməklə öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 113,80 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 238- 246 maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 9379,45 manat borc və ödənilmiş 113,80 manat dövlət rüsumu olmaqla, cəmi 9493,25 manat (doqquz min dörd yüz doxsan üç manat iyirmi beş qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar