Məhkəmə qərarları › İş №e-2-2(113)-3583/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3583/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3583/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyi icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyi icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən (VÖEN **********) 87009.06 (səksən yeddi min doqquz manat altı qəpik) manat əsas borc və 7395 ( yeddi min üç yüz doxsan beş ) mamant cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 94434 (doxsan dört min dört yüz otuz dört) AZN pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC (VÖEN **********) arasında 08.02.2013-cü il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya “(Azəri Retail” MMC) onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2- ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı"xxxx"MMC tərəfindən cavabdeh Azəri Retail” MMC-yə (VÖEN **********) 2018- ci il 14 iyul-09 avqust tarixləri arasında ƏDV xaric ümumilikdə 87009.06 (səksən yeddi min doqquz manat altı qəpik) AZN məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Alıcı tərəfdən borc öhdəliyi hələ də yerinə yetirilməmişdir. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir,malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X2 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1(sıfır tam,onda bir) % miqdarında ,gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2(sıfır tam,onda iki)% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-yə (VÖEN **********) pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı"xxxx" MMC olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında 08.02.2011-ci il tarixdə bağlanmış 49 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri Alıcıya satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan yük qaimələrindən görünür ki, "xxxx" MMC tərəfindən mallar təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC-nin 15 oktyabr 2021-ci il tarixinə fakturalar üzrə cəmi borc məbləği 87009,06 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 7395 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC–dən 87009,06 manat əsas borc 7395 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 87009,06 (səksən yeddi min doqquz manat altı qəpik) manat əsas borc, 7395 (yeddi min üç yüz doxsan beş) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar