Məhkəmə qərarları › İş №e-2-2(113)-3585/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3585/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3585/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat məbləğində vəsaitin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat məbləğində vəsaitin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. Həyata keçirilən hər bir təhvil-təslim əməliyyatı iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdehin birbaşa özü tərəfindən imzalanmaqla təsdiq olunan “Malların təhvil-qəbul aktı” əsasında rəsmiləşdirilmişdir. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini ödəmiş, müəyyən bir hissəsinin dəyərini ödəməmişdir. Dəyəri ödənilməmiş malların ölçüsü, miqdarı, vahidinin qiyməti və məbləğini özündə əks etdirən “Malların təhvil-qəbul aktı” iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, cavabdehin qeyd olunan müqavilənin icrası üzrə təhvil aldığı mallara görə iddiaçıya 17.574 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hazırki müqavilə Qaradağda yerləşən 50 qəpiklik üçün nəzərdə tutulmuşdur. Cavabdeh həmin ünvanda 1 ay müddətində olmuş, daha sonra Fizuli meydanında yerləşən yerdə fəaliyyət göstərmişdir. Müqavilə ilkin olaraq cavabdehin adına bağlansa belə, qaimələrə baxdıqda görünür ki, qaimədə olan imzalar fərqlənir. Qaimələrdə heç bir ad, soyad belə yoxdur. Əgər şəxs orda olsaydı, qaimələrə onun imza etməməsi mümkün deyildir. Cavabdehin adına VÖEN olsa belə 1 dəfə olsun elektron qaimə verilməmişdir. Sonradan təqdim olunmuş qaimələrə uyğun olaraq iddia ərizəsi məhkəməyə təqdim edillmişdir. Cavabdehin 50 qəpiklik olaraq hər hansı sifarişi belə olmamışdır. Cavabdehin sifarişləri ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Müqavilədə üzləşmə aktı ilə bağlı bənd olmasına baxmayaraq 1 dəfə belə üzləşmə aktı bağlanmamışdır. Hesab edir ki, iddia əsassızdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçıdan malları onun işçisi qəbul etmiş, özü heç bir malı qəbul etməmişdir. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqısatqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 18 ədəd Malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 18696,74 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə iddiaçıya 17574 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 18696,74 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixinə iddiaçıya 17574 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh və onun nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsi üçün istinad etdiyi dəlilləri əsaslandıra bilməmiş, həmin dəlillərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsassızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 17574 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat pul və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqq tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar