Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3587/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı, mediasiya xərci, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 yaranmış 4550,94 manat məbləğində əsas borcun, 60 manat mediasiya xərcinin, 5,51 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki İddiaçı MMC) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 546 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı”satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Təqdim edilmiş elektron qaimə faktura sənədlərinə əsasən alqı-satqı dövrü ərzində müştəriyə ümumi dəyəri 6656 manat məbləğində inşaat məhsulları satılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında qalıq debitor borcun dəqiqləşdirilməsi məqsədilə akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, X3 İddiaçı MMC-ə 4899,39 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Daha sonra müştəri tərəfindən müəyyən ödənişlər edildikdən sonra müəssisəyə 4550,94 manat qalıq borcu qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, X3 müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 4550,94 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, təsisçilərin xx.xx.2018-ci il tarixli qərarına əsasən “X6” MMC İddiaçı MMC adlandırılmışdır.
5. “X5” MMC ilə X4 arasında xx.xx.2017-ci il tarixli, 546 saylı alqı-satqı müqaviləsinə əsasən:
6. 1. Müqavilənin predmeti
7. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları göstərilən Malları, Satıcı satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən malların istehsalçısı: “X5” MMC
9. Müqavilənin 1.3-cü bəndinə əsasən malların yerləşdiyi yer: satıcının anbarı.
10. 3. Malların qiyməti
11. Müqavilənin 3.1-ci bəndinə əsasən malların hər vahidinin qiyməti, müqavilənin ayrılmaz hissəsi sayılan (Müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilir.
12. 4. Malların təchizi və çatıdırılması
13. Müqavilənin 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir.
14. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında malların alıcıya təhvil verildiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur; həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (qaimə-faktura) təsdiqlənir.
15. 5. Ödəmə şərtləri
16. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.
17. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası müddətində yarana biləcək hər hansı məbləğdə əlavə debitor borcu bu müqavilənin bitmə tarixindən gec olmayaraq ödənilməlidir.
18. 9. Başqa şərtlər
19. Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və o bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
20. 05.02.2021-ci il tarixli, EBAX seriyalı 068693 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən X2 579,97 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 932313 saylı elektron qaiməyə əsasən 2806,51 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 177119 saylı elektron qaiməyə əsasən 579,97 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 443831 saylı elektron qaiməyə əsasən 869,96 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 388596 saylı elektron qaiməyə əsasən 579,97 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 144881 saylı elektron qaiməyə əsasən 620,09 manat dəyərində və xx.xx.2021-ci il tarixli EBBD seriyalı 747939 saylı elektron qaiməyə əsasən 620.09 manat dəyərində mallar təhvil verilmişdir.
21. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən X3 İddiaçı MMC-yə 4899,39 manat borcunun olmasını qəbul etmiş və imzası ilə təsdiqləmişdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Əgər iddiaçı cavabdehə heç bir xidmət göstərilməsəydi (mal verməseydi), o, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal da mövcud olmamışdır. Əksinə, elektron qaimələr göndərildikdən sonrakı tarixdə, yəni xx.xx.2022-ci il tarixində cavabdeh iddiaçı şirkətə borcunun olmasını üzləşmə aktında təsdiq etmişdir.
26. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır, qanunidir. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır və üzləşdirmə aktına əsasən borcun mövcudluğu təsdiqini tapır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 5,51 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV.Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 4550,94 manat məbləğində pul vəsaiti, mediasiya xərcinin əvəzi olaraq 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,51 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova